"Bu, hökumətə zaman qazandırdı, lakin…" - Ekspertlərin şərhi

26-10-2016 22:50 / Bu xəbər 1897 dəfə oxundu

"Bundan əvvəl Azərbaycana bir il, yəni 2015-cı ilin aprelindən 2016-cı ilin aprelinə kimiolan müddət ərzində vaxt verilmişdi. Yəni 2015-ci ilin əvvəlində keçirilən validasiya (qiymətləndirmə) prosesindən sonra Azərbaycanın statusu endirilmişdi ("üzv”lükdən "namizəd”liyə) və islahedici tədbirlər planı işlənilmişdi ki, həmin plan çərçivəsində Azərbaycan həm MHŞT Hesabatının məzmunu təkmilləşdirmək sahəsində, həm də ölkədə vətəndaş cəmiyyətinin fəaliyyət mühitinin yaxşılaşdırması ilə bağlı ciddi addımlar atmalıidi. Sonra Azərbaycanda təkrar qiymətləndirmə aparılmalı və status məsələsi müzakirə edilməli idi. İslahedici tədbirlərin əksər hissəsi Vətəndaş Cəmiyyətinin fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı idi. Zatən ölkənin statusu da məhz vətəndaş cəmiyyətinin durumuna görə endirilmişdi". 
 
Bunu Toplumtv-yə koalisiyanın üzvü, iqtisadçı-ekspert Azər Mehdiyev MHŞT-nın bugünkü qərarını şərh edərkən deyib.
 
Onun fikrincə, Beynəlxalq İdarə Heyətinin Azərbaycanla bağlı qərarı gözlənilməz olmadı: "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü üzrə illik Hesabatla bağlı iradlar çox olmasa da, Vətəndaş Cəmiyyəti durumu ilə bağlı ölkəmizdəciddi problemlər var idi. Aydındır ki,Azərbaycan Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə ilk üzv olan ölkələrdəndir. Təşəbbüsün tələblərinə uyğun olaraq vaxtı-vaxtında hesabatları dərc edib. Yeni Standartın tələblərinə uyğun hesabat hazırlayan ilk ölkələrdən də biri Azərbaycan olmuşdu. Ölkənin MHŞT sahəsində başlıca problemi Vətandaş Cəmiyyətinin iştirakçılığı ilə bağlı yaranmışdı. Ölkənin statusunun aşağı salınması da məhz Vətəndaş Cəmiyyətinin durumu ilə bağlı idi. 2016-cı ilin aprelində verilmiş müddət başa çatmışdı, iyuldan başlayaraq təkrar qiymətləndirmə aparıldı və islahedici tədbirlər planının yerinə yetirilməsi vəziyyəti öyrənildi. Qərar qəbulu beynəlxalq MHŞT İdarə Heyətinin bu günki iclasına qədər uzandı. Bu da  hökumətə əlavə zaman qazandırmışdı. Təəssüf ki, ötən 1 il yarım ərzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin problemlərinin həlli istiqamətində atılan addımlar yetərli olmadı. Qeyd edim ki, əvvəlcədən  Vətəndaş Cəmiyyətinə münasibətdə vəziyyət belə oldu ki, MHŞT üzvü olan QHT-lərlə digər QHT-lər ayrıldı və MHŞT üzv olan QHT-lərin problemlərinin həllinə digərlərinə nisbətən daha çox diqqət ayrıldı. Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının üzvü olan QHT-lərin problemlərinin həllinə sanki daha çox diqqət yetirildi.  Lakin hətta bu QHT-lərlə bağlı da həllini tapan məsələlər əsasən texniki xarakterli oldu. Söhbət Vətəndaş Cəmiyyəti qurumlarına açılmış cinayət işlərinin dayandırılması, gömrük-sərhəd buraxılış məntəqələrindən keçid zamanı əlavə yoxlamaların aradan qaldırılması, vergi yoxlamalarının dayandırılması kimi məsələlərdən gedir. Yəni bu istiqamətdə addımlar atıldı, amma bunlar məsələnin tam həlli deyildi. Bütövlükdə Vətəndaş Cəmiyyətinin əsas problemləri həll olunmadı. Xususilə, Vətəndaş Cəmiyyətinin fəaliyyətini iflic vəziyyətinə salan qanunvericilikdə heç bir dəyişiklik edilməyib. Bundan başqa xarici donor təşkilatların ölkəmizdə fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılmayıb. MHŞT Standartının Vətəndaş Cəmiyyətinin iştirakçılığı ilə bağlı Protokolu var və hazırda Azərbaycanda Vətəndaş Cəmiyyəti fəaliyyəti həmin Protokolun tələblərinə və Standartın bununla bağlı 1.3-cü tələbinə cavab vermir. Buna görə də məhz Vətəndaş Cəmiyyətininfəaliyyətində olan problemlər Azərbaycanın statsunun bərpasına problem yaradacağı gözlənilənidi. Eyni zamanda hazırda Azərbaycanın MHŞT Hesabatında Standartın tələblərinə tam cavab verməyən bir neçə məsələ qalıb ki, bunların tələblərə uyğunlaşdırılması lazımdır. Söhbət xüsusilə Dövlət Neft Şirkətinin məlumatlarının açıqlıq səviyyəsinin kifayət etməməsindən, şirkətlərin sosial xərclərinin açıqlanmasından və SOCAR-ın kvazifiskal əməliyyatlarının açıqlanmasından gedir”. 
 
Ekspert bildirib ki, Azərbaycana məhz Vətəndaş Cəmiyyətinin durumunu yaxşılaşdırmaq üçün əlavə vaxt verilib: "2017-ci ilin iyulun sonlarında növbəti qiymətləndirmə nəzərdə tutulur. Əgər bu vaxt ərzində Vətəndaş Cəmiyyətinin durumu yaxşılaşarsa və 2016-cı ilin Hesabatında əvvəlki hesabatlarda olan bəzi qüsurlar da aradan qaldırılarsa, onda növbəti qiymətləndirmənin nəticəsi olaraq Azərbaycanın statsu bərpa oluna bilər. Biz də ümid edirik ki, hökumət Vətəndaş Cəmiyyətinin durumunun yaxşılaşması ilə bağlı addımları davam etdirəcək, xüsusilə qanunvericilikdə olan problemlər aradan qaldırılacaq və ölkədə VC-nin normal fəaliyyəti təmin olunacaq”.
 
QHT nümayəndəsi Ruhəngiz Hüseynova isə məsələ ilə bağlı bunları deyib: "Mən çox istərdim ki, Azərbaycanın statasu bərpa olunsun, amma əvvəlki kimi saxlanılmasını da normal qiymətləndirirəm. Ona görə ki namizəd olaraq qalması sonradan statusun bərpa olunması şanslarını saxlayır. Ümid edirəm ki, çatızmazlıqlar, yerinə yetirilməyən öhdəliklər var və onlar da həyata keçiriləcək. Mən şəxsən Azərbaycanın MHŞT-dan çıxarılmasının əleyhinəyəm".

 

Ruhəngiz Hüseynova

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 35-ci iclası keçirilib. Azərbaycanın statusu "namizəd ölkə” kimi saxlanılıb.

Gülzar Məmmədli