"Bu zərif xanım rejimi mənən məğlub edib"
15-01-2024 23:42 / Bu xəbər 957 dəfə oxundu
Qorxublar ki, əli açıq olsa, o da Nərgiz Absalamova kimi dostlarına əl edə bilər"
"Bu gənc xanım iddiası yerə-göyə sığmayan qəddar rejimə mənən qalib gəldi. Bu gün jurnalist Elnarə Qasımova məhkəməyə qolu arxadan qandallanmış şəkildə gətirilibmiş. Qandal bir qayda olaraq qaçmaq, mühafizəçilərə xəsarət yetirmək niyyəti və potensialı olan qatı cinayətkarların qoluna vurulur".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli jurnalist Elnarə Qasımovanın həbsinə münasibətində belə yazıb.
Əli Kərimli jurnalistin qoluna qandal vurulmasını tənqid edib: "Aydındır ki, Elnarə xanımın nə qaçmaq, nə də mühafizəçilərə xəsarət yetirmək niyyət və potensialından danışmaq mümkündür. Üstəlik, rejimin öz adamları da bilir ki, Elnarə xanım cinayətkar deyil, jurnalistdir, zərif bir xanımdır. Onun qoluna qandal vurmaq olmazdı. Ancaq məhkəməyə gətirəndə və məhkəmədən qaytaranda Elnarə xanımın qolunu qandallayıblar, həm də arxadan. Qorxublar ki, əli açıq olsa, ya da qabaqdan qandallansa, o da Nərgiz Absalamova kimi dostlarına əl edə və ya məsələn, qələbə işarəsi göstərə bilər. Buna görə yazının əvvəlində yazdım ki, bu zərif xanım qəddar rejimi mənən məğlub edib. Çünki rejim bu gün onu məhkəməyə gətirəndə Elnarə xanım barəsində hansı qərar çıxarılacağından yox, rejim Elnarə xanımın əllərilə hansı jesti edəcəyindən qorxurdu. İradə və mənəvi üstünlük də budur".
"Abzas Media” nəşrilə bağlı cinayət işi üzrə iki gün əvvəl şübhəli şəxs qismində saxlanılan jurnalist Elnarə Qasımova haqqında həbs qərarı verilib.
Yanvarın 15-də Xətai Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.
Həbs qərarını hakim Bəxtiyar Məmmədov verib.
Elnarə Qasımova məhkəmə qarşısına əlləri qandallanmış vəziyyətdə çıxarılıb.
"Abzas Media" işi
Korrupsiya araşdırmalarıyla tanınan "Abzas Media" işi üzrə həbslər noyabrın 20-dən başlayıb.
Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı və Nərgiz Absalamova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Noyabrın 20-də Ülvi Həsənli saxlandıqsan sinra "AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, "Abzas Media”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.