Böyüklərimiz və kiçiklərimiz
12-12-2023 14:11 / Bu xəbər 2950 dəfə oxundu
Ənnağı Hacıbəyli
Dünya gördüyümüzdən və dərk etdiyimizdən çox-çox böyükdür.
Hərə dünyanı özü boyda görür. Amma qəribədir, böyük adamlar bu dünyanın kiçik bir hissəsinə sığar, kiçik adamlarsa bu dünyaya sığmaz.
Dünyada dünya boyda insanlar var.
Dünya ilə insanların nə əlaqəsi? Böyük insanlar harada zühur etsələr də, özləri boyda – dünya boyda insanlardır.
Böyük adamlar böyüklüyünü özlərindən də gizlədərlər. Kiçik adamlarsa olmayan böyüklüyünü gözə soxmağa çalışarlar.
Böyük adamlar böyüklüyünü sübuta qalxmazlar, buna ehtiyac duymazlar. Böyüklük hər yerdən görünər. Yetər ki, onu görmək istəyəsən...
Rəhmətlik Hacıbaba Hüseynov 70 illik yubiley tədbirinin sonunda dedi: "Mən bu tədbirin təşkilatçılarına minnətdarlığımı və kiçikçiliyimi bildirirəm”.
Fikir verirsinizmi, "Kiçikliyimi” yox, "Kiçikçiliyimi”. Çünki Hacıbaba kişi bir sənətkar və insan kimi o təşkilatçılardan böyük adam idi. Ona görə də tədbirin təşkilində zəhməti olan adamlara kiçiklik bildirmək o adamı kiçiltmir, əksinə, onun böyük adam olduğun göstərir.
Böyük olmağa çalışın. Kiçik olmaq asandır, çünki hamımız kiçik doğuluruq. Sonra böyüyürük: kimimiz təkcə cismən, çox az insan isə həm cismən, həm də mənən.
Böyük olmaq çətindir. Asan olsaydı, hamı böyük olardı...