Cavanşir Feyziyevə cinayət işi açılmalıdır - Hüquqşünas

Cavanşir Feyziyevə cinayət işi açılmalıdır - Hüquqşünas

06-02-2022 15:03 / Bu xəbər 1261 dəfə oxundu

Ələsgər Məmmədli
Media hüququ üzrə ekspert

2010-cu ildən etibarən Azərbaycan Respublikasının Milli Məclisində 115 saylı Şəki kənd 2-ci seçki dairəsindən deputat yerini məşğul edən Cavanşir Feyziyev dünən bir status yayıb. 

O, ölkədə az-çox ictimai nəzarət funksiyası aparan, korrupsiyaya qarşı sistemli duruş sərgiləyən siyasətçiləri, jurnalistləri, ictimai xadimləri və aktivistləri hədəfə alıb, hamısına kütləvi şəkildə cinayətkar deyib. 

Korrupsiyaya bulaşdığına dair ciddi araşdırmalar aparılan və ona məxsus olan vəsaitin korrupsiya mənbəli olduğuna görə 11 milyon 500 min manatı İngiltərə məhkəmələrincə müsadirə edilən bu siyasətçi onu tənqid edən, siyasi və hüquqi cavab verməlidir deyənləri - öz fantaziyasına uyğun olaraq müxtəlif  cinayətlərdə ittiham edib bu ifadələr işlədib:

- "siyasi mənsəbə çatmaq naminə ermənilərlə əl-ələ verib Azərbaycana və onun təmsilçilərinə qarşı beynəlxalq miqyasda qarayaxma kampaniyası aparan milli satqınlar”;
- "rahat qazanc və ya Avropada sığınacaq və maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün "jurnalist” və ya "siyasi fəal” adları altında müxtəlif  beynəlxalq GHT-lərin donuna geyinmiş və onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlər.”;
- "yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, casusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi vəzifələri öz üzərlərinə götürüblər”
"stajlı dələduzlar”, "gənc dələduzlar”.

Bütün bu ifadələri işlədərkən bu siyasətçi konkret adlar çəkib, siyahılar yazıb, ölkənin tanınmış siyasətçilərinin, jurnalistlərinin, ictimai xadimlərinin adını çəkib. Beləliklə də, adları çəkilən şəxslərin bu cinayətləri işlədiklərini iddia edib.  Sübut edilmədiyi halda bu ifadələr Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Yəqin ki, Cavanşir Feyziyevin özünü "qorumaq” üçün başqalarını ləkələmək cəhdinə görə həmin şəxslər hüquq yoluna müraciət edəcək, bu şəxsin konkret həm bu böhtan əməlinə həm də korrupsiya ehtimalının nəticələrinə görə məsuliyyətə cəlb olunmasını ciddi və ardıcıl tələb edəcəklər. Çünki AR Cinayət Məcəlləsinə görə dələduzluq 178-ci maddədə, casusluq 274-cü maddədə, böhtançılıq- 147-ci maddəsində aydın şəkildə cinayət məsuliyyəti yaradır. Bu maddələrlə nəzərdə tutulan cinyətləri işlədikləri isnad olunan şəxslərin barələrində belə məhkəmə qərarı olmadığına görə onların hər birinin bunu məhkəməyə daşımaları və Cavanşir Feyziyevə qarşı xüsusi ittiham qaydasında məhkəmələrə müraciət etmələri mümkündür. O, toxunulmazlıq zirehi altında uzun müddət gizlənə bilməyəcək. 

Ayrıca, bu siyasətçi Müki Məcəllənin 23-cü maddəsi ilə birbaşa məsuliyyət daşıyacağı çoxsaylı iddia irəli sürüb, adlarını çəkdikləri şəxslərin nüfuzuna ziyan vurub. Bu baxımdan onun toxunulmazlığının məsələyə dəxli olmadan, ona qarşı mülki iddialar da açıla bilər. 

Bu şəxs, bir sözlə suçluyam-güclüyəm məntiqi ilə çıxış edib, öz adını tənqidçilərinə qoyub. Amma nədənsə onu tənqid edən, onun hesab verməli olduğunu  deyənlərə böhtan yaxarkən, özünün müsadirə olunan 11 milyon 500 min manat vəsaitini və habelə müsadirə edilməyən 23 milyon manatın (toplam 34 milyon 500 min manat)  6 milyon 900 min manat mənfəət vergisi ödədəiyinin bank çıxarışının şəklini paylaşmayıb. Çünki, əgər ölkədən bu qədər vəsaiti çıxarıbsa bu xalis mənfəəti olduğuna görə ona müqabil olaraq 20% miqdarında mənfəət ödəməli idi. 

Vergi Məcəlləsinin 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr  mənfəət vergisinin ödəyiciləridir və 105.1-ci maddəyə görə  müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.

Vergi Məcəlləsinin 122-ci maddəsinin tələbini də nəzərə alsaq, toplam 10 milyon 400 min manatdan çox vergi ödənişi olmalı idi.  (122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.)

Cavanşir Feyziyev yaydığı statusunda aydın şəkildə vurğulayıb: "Bu vəsaitlər 1987-2010-cu illər ərzində  mənim təsis etdiyim, həmtəsisçisi və ya direktoru olduğum şirkətlərdən qazanılıb. Həmin şirkətlər ölkənin iri vergi ödəyiciləri olub və büdcəyə öz layiqli töhfələrini veriblər”. 

Yekunda isə özgüvənini göstərərək: "Qazandığım bütün vəsaitlər şəffaf və qanuni yolla əldə edilib, vergiləri ödənilib, şəxsən mənə və ailə üzvlərimə məxsusdur”.

Bu ifadələri yazarkən Cavanşir Feyziyev nədənsə bu dediklərini təsdiq edən sənədləri əlavə etməyi unudub. Halbukinonun hədəfi olan siyasətçi, jurnalist, bloger və digər şəxslər indi ondan və onun limanına sığındığı Mərkəzi Seçki Komissiyasından məhz bu sənədlərin təqdim edilməsini tələb edə biləcəklər. 

Feyziyev xüsusilə bu günkü statusunu məsələyə qatmamaq üçün bütün gəlirlərinin məhz 2010-cu ilədək əldə olunduğunu vurğulayıb. 

Amma unudur ki, Seçki Məcəlləsinin 58-ci maddəsi onun namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim etməli olduğu məlumatlar arasında onun 34 milyon 500 min manat gəlirinin (bundan artığının da təbii) miqdarı, və mənbələri haqqında məlumat  da olmalı idi. 

Seçki Məcəlləsinin ” 58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; tələbi olduğuna görə, MSK da 2010-cu, 2015-ci və 2020-ci illədrədə Cavanşir Feyziyevi namizəd kimi qeydə aldığına görə bu məlumatların MSK-ya tədim edilmiş olmalıdır. 

Məsələ ictimai müzakirəyə habelə bundan sonra məhkəmə müstəvisinə çıxacağına görə bir siyasətçi kimi Feyziyev bu məlumatları yaymaqla bağlı siyasi məsuliyyət daşıyır. Yəni 2010-cu ildə MSK-ya hansı məlumatı verdiyinə dair. 

MSK isə artıq hüquqi məsuliyyət daşıyır bu məsələdə Feyziyevin 34 milyon 500 min manat vəsaitinin mənbələri  barədə məlumatlı olduğuna dair. 

Feyziyev həm də bir siyasətçi kimi təmsil etdiyi 115 saylı  Şəki kənd seçki dairəsinin, habelə bütün Şəki rayonunun məhz 2010-cu ildə gəlirlərinin cəmi 10 milyon 212 min manat olduğunu bildiyi halda bu vəsaitdən 340% çox olan fərdi gəlirlərini niyə problemlərini həll etməyə söz verdiyi doğma rayonuna yox, uzaq Britaniyaya yatırdığının hesabını verməli deyildimi? 

Bu şəxsin sadəcə bu davranışı təkbaşına yetərlidir ki, onu öz partiyasında mühafizə edən siyasi iqtidar cəmiyyətin gözləntilərini reallaşdırmaq üçün dərhal partiyadan və Parlamentdən istefaya göndərsin. 

Baş Prokurorluq isə onun toxunulmazlığının qaldıırlması və obyektiv araşdırılma üçün dərhal Milli Məclisə müraciət etməlidir. Bu andan etibarən, Feyziyevin toxunulmazlıq zirehi qalmamalıdır. Hüquqi ağlanma və ya məsuliyyət bunu tələb edir.