Cənab İlham Əliyev, əminəm ki...

Cənab İlham Əliyev, əminəm ki...

29-10-2021 11:41 / Bu xəbər 820 dəfə oxundu

Rüfət Səfərov
Hüquq müdafiəçisi

Rövşən Əkbərovun həbsi, 10 il müddətinə azadlıqdan məhrum edilməsi, bəzi siyasi və hüquqi məsələlər barədə

Bildiyiniz kimi, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi. Dünən bu barədə məlumatı oxuyar-oxumaz cinayət-hüquqi tədbir kimi cəzanın qeyri-adekvat olduğunu yazdım, siyasi sifariş əsasında məhkəmənin son dərəcə humanist yanaşdığını önə çəkdim. Təbii, mən bir hüquqçuyam, işlətdiyim sözün, ifadə etdiyim mövqenin məsuliyyətini anlayıram, elə ona görə də düşünürəm ki, Rövşən Əkbərovun cinayət məsuliyyətinə cəlb edilməsindən tutmuş ittiham hökmünədək qeydə aldığım bir sıra xüsusatlara qiymət verməyin, bəzi hüquqi və siyasi məsələlər barədə geniş rəy bildirməyin artıq vaxtıdır. 

Əvvəla, məlumatsızların diqqətinə çatdırım ki, R. Əkbərov 5 oktyabr 1994-cü il tarixli fərmanla  "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. O, yüksək fərqlənmə dərəcəsini Qarabağ uğrunda gedən döyüşlərə görə deyil, 1994-cü il oktyabrın 2-də Azərbaycanda baş nazir Surət Huseynovun  rəhbərliyi ilə baş vermiş qiyamın yatırılmasında  fəal iştirakına görə qəbul edib. 

Eyni zamanda, R.Əkbərov  1995-ci ilin mart ayında Cavadov qardaşlarının başlatdığı "OMON” qiyamının zərərsizləşdirilməsində də aktiv rol alıb, gənc hərbi fiqurlardan biri kimi hakimiyyətin zirvəsinin yanında yerini daha da möhkəmləndirib, formasının çiyinlərindəki ay və ulduzlar   "parıldamağa” başlayıb ki, bu da  ərköyünlüyü, məsuliyyətsizliyi, bir o qədər də qudurğanlığı şərtləndirib.  37 yaşında general-leytenant rütbəsinə yiyələnib, sonrakı illərdə birlik komandiri kimi hərbçi karyerasını uğurla davam etdirib.  

Qeyd etdiyim kimi, bu arada cızığından xeyli kənara çıxıb, həddini aşıb, azğınlıqlar edib, məxləs, qudurğanlığı ilə seçilib. 

Özünə o həddə arxayın olub ki,  Ukraynada olarkən iş adamı Elçin Əliyevlə adi mübahisə zəminində bıçağa əl atıb, xuliqanlıq niyyəti ilə saplayıb ürəyinə. 19 il ərzində bu qatilə "gözün üstə qaşın var” deyən olmayıb, hüquq mühafizə orqanlarının rəhbərliyi, elə hökumətin  və dövlətin zirvəsi bu cinayətdən xəbərdar olmalarına baxmayaraq, o, nəinki sərbəst gəzib, üstəlik, vəzifə pillələrində irəliləyib. Hətta iş o həddə çatıb ki,  R. Əkbərovun Müdafiə Nazirliyi kimi ölkənin 3 ən starteji strukturundan birinin  rəhbərliyinə gətirilməsi məsələsi yüksək dairələrdə müzakirə predmeti də olub. Nə isə, adam 2001-ci ildən ta 2020-ci ilədək arxayın vəzifə başında olub, heç nəyi vecinə almayıb, bir sıra ciddi mənbələrin ortaq məlumatına görə xidməti otağında kokain iyləməkdə davam edib. 

Günün birində məsləhət belə olub ki, general-leytenant R. Əkbərov istifadə müddətini başa vurduğuna görə kənara, daha doğrusu, dörd divar arasına tulazlanmalıdır. Başadüşüləndir. Belə birisini vəzifədən götürüb, sərbəst buraxmaq hakimiyyətin məntiqi baxımından səhv, ya da bağışlanmaz olardı. 

Uzun illər ərzində qətlə yetrilmiş Elçin Əliyevin yaxınları, valideynləri ölkədaxili bütün instansiyaların qarşısında əsir-yesir olurlar, həm əvvəlki, həm də indiki dövlət başçılarına bir vaqon məktub göndərirlər, arada, deyəsən, haqlı olaraq həyatlarından bezib, prezidentin kortejinin qarşısını kəsirlər, amma bir nəticə olmur, bütün aidiyyəti vəzifəli şəxslər şikayətləri görməzdən gəlib, qulaqardına vururlar. Çünki bu ölkədə  belə situasiyalarda qanun və onun normaları bəlli mənada siyasi əhəmiyyət kəsb edir, hüquqi deyil. Siyasi qərar isə 2021-ci ilin martında verilir. 

Dövlət başçısı İlham Əliyevin sanksiyası əsasında prokurorluq hərəkətə keçir,  20 il əvvəl qəsdən adam öldürən general-leytenanat R. Əkbərov  cinayət və cinayət-prosessual qanunvericiliyi qarşısında cavab verməli olur, ibtidai istitaq yekunlaşır, iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilir, yekunda tam, obyektiv, hərtərəfli, qanuni, ictimai təhlükəli əmələ adekvat olmayan ittiham hökmü çıxarılır-10 il. Qatilin  ali hərbi rütbədən, fəxri addan, dövlət təltifindən və s. məhrum edilməsi məqsədəuyğun bilinmir. 

Mediadan aldığım məlumatlara bel bağlasam, buna səbəb işdə hərbi rütbənin və s. alınması ilə bağlı təqdimat olmadığı göstərilir. Baxmayaraq ki, Cinayət Məcəlləsinin 48.0.1-ci maddəsinin tələbinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərar qəbul etməli idi. 

Görünür, hökumət və onun indiki halda davamı olan məhkəmə R. Əkbərovun "şəxsiyyətini nəzərə alaraq” onun ali hərbi rütbədən, "Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilməsinin zəruriliyi nəticəsinə gəlməyib: nə qədər də olmasa, Əliyev idarəçiliyinin başının üstünü qara buludlar alanda, Surət Huseynov və dəstəsi, Cavadov qardaşları və "OMON”çular hərbi qiyama başlayanda R. Əkbərov sədaqət nümayiş etdirib. Nə isə ki paradoksal səslənsə də cəzaçəkmə müəssisəsi milli qəhrəman olan dustağı qarşılamağa məhkumdur. 

Rövşən Əkbərov

Elə buradaca qeyd etməyi özümə borc bilirəm ki, əgər R. Əkbərov hakimiyyəti yox, vətəni qoruduğuna görə yüksək fərqləndirici dərəcəyə, ali hərbi rütbəyə layiq görülsə idi, hökumət və onun əlində "hüquqi maşa” olan məhkəmə bəlkə də"zon”a milli qəhrəman və general-leytenant göndərməyəcəkdi. Göstərməliyəm ki, R. Əkbərovun məhkum olunduğu Cinayət Məcəlləsinin 12.1, 120.2.2-ci maddəsinin (Azərbaycanın hüdudlarından kənarda törədilən əməl) xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, 12, 1, 221.3-cü maddəsinin (Azərbaycanın hüdudlarından kənarda törədilən əməl)  (xuliqanlıq-silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Çox, yəqin ki, Fuad Ələsgərovun təlimatı əsasında hakimlər cəzaları qismən toplayıblar, Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad ediblər,  cinayətin ictimai təhlükəliliyini "əhəmiyyətli dərəcədə azaldan” hansısa geydirmə  halları nəzərə alıblar, müəyyən edilmiş aşağı həddən də az cəza təyin ediblər. 

Cənab İlham Əliyev, mən inanıram ki, Rövşən Əkbərov haqqında çıxarılan ittiham hökmünün layihəsi əvvəlcə sizin masanızın üzərinə qoyulub. Ona da əminəm ki, layihənin üzərinə dərkənar qoymusunuz: 10 il!

Tam səmimi deyirəm:

- Belə dövlət idarə etməzlər;
-Hüquq və qanunu bu şəkildə tapdalamazlar;
-Ədalət mühakiməsini hazırkı şəkildə ayaqlar altına atmazlar;
-Əməliyyat-axtarış, təhqiqat, istintaq, məhkəmə korpusunu, ümumiyyətlə, hüquq sistemini elə oyuncaq məzmuna gətirməzlər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.