"Cümhuriyyət dəyərlərinə qarşı çıxanlardan biri də Əli Əhmədovdur" - Arif Hacılı

26-05-2019 15:59 / Bu xəbər 1195 dəfə oxundu

"Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər”

Bu sözləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov özünün feysbuk səhifəsində yazıb.

O, Respublika günü ilə əlaqədar cümhuriyyət qurucularına minnətdarlığını bildirib: "Xalqımız azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşir, dövlətçiliyə sədaqətini ifadə edir. 101 il əvvəl qurulmuş, az yaşasa da ənənələri onun layiqli varisi olan Azərbaycan Respublikası tərəfindən yaşadılan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq. Qürurla qeyd etmək yerinə düşər ki, Xalq Cümhuriyyətinin ideyaları və ənənələri ümummilli lider Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan dövləti tərəfindən nəinki qorunur və yaşadılır, həm də daha yüksəklərə qaldırılır. Şübhə etmirəm ki, Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər, çünki onların və bütün xalqımızın arzuları müstəqil dövlətimizin mövcudluğunda və fəaliyyətində özünün təcəssümünü tanır. Azərbaycan XXI əsrin ən uğurlu dövlətlərindən biri olduğunu bütünlüklə təsdiq edə bilmişdir. Müstəqillik, müasirlik, tərəqqi, hürriyyət kimi ümumbəşəri ideyalar dövlətimizin təməl prinsipləri olaraq vətəndaşların xidmətindədir”.
 
Əli Əhmədov 101 il öncə aparılan mübarizədən və Bakı nefti üçün gedən oyunlara da toxunub: "101 il əvvəl beynəlxalq güclər Bakı neftini ələ keçirmək uğrunda savaşırdılar, indi Azərbaycanın bütün təbii sərvətləri xalqımızın mənafeyinə xidmət göstərir. İndi Azərbaycan nümunə göstərən bir ölkədir. Yüksək inkişaf nümunəsi, əminamanlıq nümunəsi, tolerantlıq nümunəsi Azərbaycanı bütün dünyada məşhur edib. 100 il əvvəl müstəqil yaşamağa haqqı olduğunu sübuna yetirməyə çalışan bir xalq və onun müstəqil dövləti indi dünyaya nümunə göstərir. Çünki müstəqillik və dövlətçilik etibarlı əllərdədir”. 

Milli Məclis sədrinin müavini Bahar Muradova Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin iştirakı ilə keçirilən "Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” adlı "dəyirmi masa"da Cümhuriyyətlə bağlı çıxış edib. 

Bahar Muradova 

O bildirib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyət qurucuları böyük hörmətlə yad edilirlər: "Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”.

B.Muradova vurğulayıb ki, bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövləti də qorunmalıdır: "Azərbaycanda parlamentarizm mədəniyyəti heç də kənardan gəlməyib. Azərbaycanda parlament ənənələri qədimdən mövcud olub”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə cümhuriyyətin indikindən fərqli olaraq demokratik bir dövlət olduğunu bildirib: "İndiki Azərbaycan dünyada korrupsiyanın baş alıb getdiyi bir ölkə kimi tanınır, insan haqlarının tapdalandığı bir ölkə kimi məhşurdur. Əraziləri işğal altında olan bir dövlət kimi tanınır. Təbii ki, cümhuriyyət qurucuları belə bir dövlətlə fəxr edə bilməzdilər. İndiki mövcud olan dövləti həm ərazisinə, həm insanların yaşayış səviyyəsinə, eyni zamanda dövlət quruculuğuna, idarə sisteminə görə fəxr ediləcək dövlət deyil”.

Arif Hacılı 

"Uzun müddətdir ki, Azərbaycanda, əslində, düşüncə tərzi arasında mübarizə gedir. 1920-ci ildən komunist və müsavatçılar arasında mübarizə olub. 1992-ci ildən sonra isə bu, YAP-la müsavatçı  və cəbhəçilər arasında mübarizəyə çevrilib. Ölkədə demokratik bir mühit yaratmağa çalışan, cümhuriyyət dəyərlərinə hörmətlə yanaşan insanların mübarizəsidir. Hazırda o düşüncədə olan siyasilər, jurnalistlər həbsə atılırsa və faktiki olaraq həmin dövrdə mövcud olmuş dəyərlərin bu gün həyata keçirilməsinə imkan verilmirsə, cümhuriyyət quruclarının xatirələri əbədiləşdirilmirsə, onun ideyaları həyata keçirilmirsə, burada fəxr ediləcək bir şey yoxdur. Təəssüf ki, Azərbaycanda avtoritar dünyagörüşü ilə demokratik dünyagörüşu arasında  mübarizə davam edir. Cümhuriyyət dəyərlərinə qarşı mübarizədə siyasi sisteminin ən böyük fiqurlarıdan biri də Əli Əhmədovun özüdür”, - Arif Hacılı deyib. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  sədr müavini Gözəl Bayramlı isə Əli Əhmədova belə cavab verib: "Təbii ki, onun dediklərinin hamısı yalandır. Şərqdə ilk demokratik Cümhuriyyəti quranlar nə bugünkü avtoritar idarəçiliklə fəxr edərdilər, nə də ki dünyada ən pis nümunələrlə məşhur olan Azərbaycanı arzulayardılar. YAP yalana və saxtakarlığa alışıqdır, tarixi belə saxtalaşdırmaqdan utanmırlar. Gerçək tariximizlə qürur duyuruq...”

Gözəl Bayramlı 

Respuplikaçı Alternativ Partiyasının (ReAl) Məclis sədri, politoloq Azər Qasımlı "ToplumTv”yə bildirib ki, "28 May” yaxınlaşdıqca bu kimi çıxışlar çoxalacaq: "Çox uzun müddətdir ki, iqtidar cümhuriyyətçilik ideyaları, Məmməd Əmin Rəsulzadə və 28 May mövzularını görməzlikdən gəlir. Hətta çalışırdılar ki, insanlar cümhuriyyət dəyərlərini, qurucuları, tariximizi unutsunlar.  Uzun illər cümhuriyyəti gücləndirmək əvəzinə monarxiyanı qurmaq yolunu tutublar. Cümhuriyyət dəyərləri yerinə monarxik ideologiyanı, Rəsulzadənin yerinə isə Heydər Əliyevi otuzdurmağa çalışdılar. Bunlar alınmadı deyə siyasi müxalifətin əlindən cümhuriyyət ideyasını almaq istəyirlər. Amma bu da alınmır. Çünki bunların Azərbaycanda etdikləri cümuriyyətdən dəyərlərindən tamamilə uzaqdır”.

Azər Qasımlı 

"Cümhuriyyəti bu qədər istəyirlərsə, ən azından şəhərdə Rəsulzadənin və digər cümhuriyyət quran şəxslərin birinin heykəli qoyulmalıdır. Rəsulzadənin Gəncədə olan büstünün başına nə oyunlar gətirildiyini cəmiyyət görüb. Novxanıdakı heykəli atıblar bir kənara. Oranı yaxşılaşdırmaq üçün işlər görülmür. Rəsulzadənin məzarını Ankaradan doğma diyara gətirmək üçün heç bir addım atmırlar. Tək Rəsulzadəyə yox, digər cümhuriyyətçilərə ögey münasibət var”.

Əbülfət Baxşəli
Toplum.Tv