Daha bir sayt rəhbərinin saxlanıldığı bildirilir
12-12-2023 17:36 / Bu xəbər 840 dəfə oxundu
Gəncədə fəaliyyət göstərən, "dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimovun saxlanıldığı bildirilir.
Bu barədə onun qardaşı Turan İbrahimov Meydan TV-yə məlumat verib.
Qardaşının dediyinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin ("Bandotdel”) əməkdaşları Ərşad İbrahimovu Gəncədən Bakıya gətiriblər.
Onunla yanaşı, Gəncənin Gigiyena ve Epidemiologiya Mərkəzinin baş həkimi Hürüyət İsmayılovanın da Bakıya gətirildiyi deyilir: "Ondan Ərşad İbrahimovun əleyhinə ifadə alıblar. Qadını məcbur ediblər ki, qardaşımın 2021-ci ildə ondan 200 manat pul aldığını desin. Guya sonradan yenə qardaşım ondan pul tələb edib. Əgər, həqiqətən, belə bir hal olmuşdusa, niyə şikayət etmək üçün 3 il gözləyirdi? Bizdə olan məlumata görə, qadın özü də Bakıya gələnə qədər nə məsələ olduğunu bilməyib”.
Polisdən verilən məlumata görə, Ərşad İbrahimova qarşı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələbetmə – təkrar törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
O, ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.
Ərşad İbrahimovun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu qərarı Nərimanov Rayon Məhkəməsi verib.
Ailə üzvləri hesab edir ki, Ərşad İbrahimovun həbsinin əsl səbəbi rəhbərlik etdiyi saytda polislər haqqında tənqidi materialların yayımlanmasıdır.
Yaxınlarının sözlərinə görə, Ərşad İbrahimov polislər haqqında yazılara görə bir neçə dəfə "Bandotdel”ə gətirilib, orada təzyiqlərə məruz qalıb və sözügedən materialları saytdan silməyə məcbur edilib.
Bundan əvvəl isə "Azerinfo.az" saytının rəhbəri İbrahim Hübmətov (İbrahim Qubadoğlu) saxlanılıb. O da ayrı-ayrı şəxsləri nüfuzdan salan materialları dərc etməkdə və kompromatların dərc edilməməsi üçün onlardan pul tələb etməkdə ittiham olunur.