"Daha yoxdur o uşaqdan əlamət..."
20-04-2024 14:38 / Bu xəbər 1471 dəfə oxundu
"Arqument.az" Banu Muharremin "Qalsın” şeirini təqdim edir:
Qalsın…
Vaxt var idi, sözə baxan uşaqdım,
İllər keçdi, gözdən sözü oxudum.
Hər ötənə ürəyiyumuşaqdım,
Mərhəmətdən səhvə düzü toxudum.
Öyrəndim ki, belə olur hardasa:
"...köhnə əşya, sökük süfrə atılır".
And içdiyin, can verdiyin qaldısa,
Geci-tezi, düşməninə satılır.
Susduğumda gileylənən dostlarım,
dərdləşdikcə dedilər ki: "xəstədir".
Yanağıma gülüş kimi sıxdığım -
hər addımım keçmişimə bəstədir.
Vərəqini bir ümidsiz baxışla,
Çox qadın var, göz yaşıyla isladan.
Əlindəki quru taxta qaşıqla,
qazanında "kimsəsizlik" qaynadan.
Daha yoxdur o uşaqdan əlamət,
Daha indi o qadın da yorulur.
Neçə-neçə uydurduğu hekayət,
Uzun yolun yarısına yozulur.
(02.04.2024)