Deputat: “Bəzi məmurlar büdcə vəsaitlərini xımır-xımır yeyirlər”
20-04-2022 15:22 / Bu xəbər 3070 dəfə oxundu
"Azərbaycanda elə dövlət təşkilatları var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar”
"869 milyon manatlıq vəsait aktivlərin tanınması üçün xərclənib. Bizim yoxlamalar zamanı məlum olub ki, heç həmin aktivlər tanınmayıb, sadəcə, pul silinib”.
Bu açıqlamanı aprelin 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov səsləndirib.
İclasda "Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi keçirilib.
Vüqar Gülməmmədov
Mənbə: "Azərtac”
Palata sədrinin sözlərinə görə, onlar qurumların qarşısında şərt qoyublar ki, vəsait büdcəyə bərpa olunmalıdır: "Çünki bu vəsait dövlət büdcəsindən ayrılıb ki, müəyyən iş həyata keçirilsin”.
Vüqar Gülməmmədovun sözlərinə görə, Azərbaycanda elə dövlət təşkilatları var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar.
Palata sədri ad çəkməsə də, "Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamalara başlanıldığını əlavə edib: "AZAL-da dövlət vəsaitinin və əmlakının auditi aparılır. Nəticələrə dair məlumatlar veriləcək. Nəzərdə tutmuşuq ki, iyun ayında başa çatdıraq”.
"Minlərlə məsələ bu gün hələ də həllini tapmayıb”
Komitənin üzvü Rüfət Quliyev son bir neçə ildə Hesablama Palatasının peşəkarlığının artdığını söyləsə də, xatırladıb ki, onlar büdcədən oğurlayan məmurların aqibəti barəsində məlumat istəyiblər: "Büdcəyə hesabat ilində 34 milyona yaxın vəsait bərpa olunub. Amma yenə də bəzi məmurlar büdcədən xımır-xımır vəsaitləri yeyirlər. Biz buna görə ictimai nəzarəti də artırmalıyıq. Bununla bağlı dinləmələr də keçirə bilərik”.
Rüfət Quliyev
Mənbə: Report.az
Deputat insanların 90 faizinin İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətindən narazı olduğunu deyib: "Yüzlərlə adam bizə şikayət edir. Biz də agentliyə müraciət edirik və minlərlə məsələ bu gün hələ də həllini tapmayıb”.
"Pozuntular daha pis formada davam edir”
Deputat Vahid Əhmədov çıxışını "dəqiq deyə bilmərəm ki, Hesablama Palatası tam müstəqil fəaliyyət göstərir” deyərək başlayb. Ancaq o, müəyyən məsələlərdə şəffaflığın olduğu qənaətindədir.
Vahid Əhmədov bildirib ki, Hesablama Palatası nəzarət orqanıdır: "Palata 44 audit yoxlaması aparıb. Eyni məsələləri Hesablama Palatası mənfi hal kimi göstərir. Siz desəniz də, deməsiniz də, biz burada problemləri görürük. Pozuntular davam edir. Özü də daha pis formada. Biz may ayında dövlət büdcəsinin icrasına baxacağıq”.
Vahid Əhmədov
Foto: Meydan TV
O hesab edir ki, palata dövlət büdcəsinin icrası ilə bağlı məsələlərə ildə üç-dörd dəfə baxmalıdır: "Biz "Hesablama Palatası haqqında” qanuna dəyişiklik də edə bilərik. May ayında Milli Məclis büdcənin icrasına baxanda Hesablama Palatası pozuntularla bağlı heç nə edə bilməyəcək. Çünki bu vəsaitlər artıq xərclənib”.