Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Şuşaya uzanan biznesi

Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Şuşaya uzanan biznesi

13-12-2023 13:49 / Bu xəbər 996 dəfə oxundu

"Vətənin cəfasını kasıb balaları, səfasını məmur uşaqları görməlidir" – bu deyim artıq yazılmamış qanuna çevrilməkdədir. 

Əgər bariz nümunə tələb edirsinizə, sizə deputat Ülvi Quliyevin oğlunu qeyd edə bilərik. 

Hələ üç il əvvəl, Vətən müharibəsi başlayanda depuatın oğlu Orxan Londondakı isti, komfort ofisindən yazırdı: "Səfərbər olduq! Vətən-Torpaq uğrunda müharibə etdik! Qan tökdük, şəhid verdik! Torpaq uğrunda ölən varsa vətəndir dedik! Yaşadığımız və həsrət qaldığımız torpağın haqqını ödədik!”

Bundan iki il sonra deputatın "Səfərbər olduq” deyən oğlu artıq Şuşada idi. 

Onun şirkəti "Şuşa Otel və Konfrans Mərkəzi"nin daxili təmir və bəzək işlərini həyata keçirməyə başlamışdı. Bax, Londondan Şuşaya belə gəlirlər. 

Sanki Ülvi Quliyevin oğlu bu qala şəhərini düşmən işğalından azad edən fatehdir, indi belə müştəbehliklə gələrək təmir və bəzək işlərində şirkətini qabağa verir.
 
Bundan başqa, deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə Bakıda kafel-metlax mağazası da açıb. 

Deputat oğlu açılış lentini şəxsən özü kəsib. 

Mərkəz deputata məxsus "Diler İnşaat” QSC–nin satış mərkəzi kimi fəaliyyət göstərir. 

Deyilənə görə, O.Quluzadə orta məktəbdə oxuyarkən kifayət qədər kapital toplayıb, biznesə 18 yaşından Londonda milyonluq sərmayə ilə başlayıb, arada bəxti gətirməyib, Sankt-Peterburqda 1 milyonu batırıb, amma sonra ayağa qalxmağı bacarıb, İngiltərədə 5 ev alıb, Türkiyədə şirkət açıb, Azərbaycanda binalar tikib, indi də dövlətin bahalı layihələrində iştirak etməkdədir, məmurlar arasında yaxşı müştəriləri var. 

Ümumiyyətlə, məmur uşaqları, deputat övladları başqalarının balalarından seçilir – onlarda biznesdə uğurlu olmaq üçün "fitri istedad” var, heç kəsdə yoxdur…

Londonda "11 Larch Court Admiral Walk, Carlton Gate, London, W9 3UA” ünvanında qeydiyyatda olan "Ugano Limited” şirkətinə yarandığı gündən (28 avqust 2007-ci il) Orxan Quluzadə (18 yaşından) rəhbərlik edir. 

2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı, 2010-2020-ci illərdə isə Aynur Quliyeva adlı (millət vəkili Ülvi Quliyevin həyat yoldaşı) Azərbaycan vətəndaşı şirkətdə katib vəzifəsini icra edib. 

Sosial şəbəkələrdə isə sadə insanlar sadə bir sual verir: 19 yaşlı oğlunuz Orxan Quluzadənin sorağı Londondan, Parisdən gəlir. 

Bu yaşda cavan oğlan Londondakı, Böyük Britaniya Krallığındakı dəyəri milyonlar olan 5 mülkü, milyonluq avtomobilləri, hansı pulla alıb, cənab Ülvi Quliyev?

Mənbə: "Anaxeber.info"