Deputatın oğlu Londondakı mənzilini 625 min funt sterlinqə satıb
06-02-2024 15:01 / Bu xəbər 877 dəfə oxundu
"Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Fəxri Kərimli Londondakı mənzilini 625 min funt sterlinqə (1,33 milyon manat) satıb”.
Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz "feysbuk” səhifəsində yazıb.
Onun sözlərinə görə, A.Kərimlinin ailəsi uzun illərdir ki, İngiltərə paytaxtında yaşayır: "Hazırda beynəlxalq neft treyderi kimi fəaliyyət göstərən Fəxri Kərimli Londonun Ability meydanındakı (Millharbour 37, mənzil 186) 94 kv. metrlik 3 otaqlı əmlakına ötən il müştəri tapıb".
"Mənzil Fəxri Kərimlinin Londonda təhsil aldığı dövrdə, 2013-cü ildə alınıb və o zamankı dəyərindən 16% artıq qiymətə satılıb. Əmlakın satışının nə ilə əlaqəli olduğu bəlli deyil. Deputatın ailəsi uzun müddətdir ki, Londonda məskunlaşıb”, - deyə jurnalist qeyd edib.
Azər Kərimli 2000-ci ildən bu yana – 24 ildir (!) Qax rayonunun deputatıdır. Ancaq millət vəkilindən daha çox iş adamı kimi tanınan və hər hansı siyasi fəaliyyəti ilə seçilməyən Kərimlinin böyük mebel biznesinə və digər bizneslərə malik olduğu bildirilir.
Qanunvericiliyə görə, deputat bizneslə məşğul ola bilməz, bunu Konstitusiya qadağan edir.
Deputatı Azər Kərimli məsələyə münasibət bildirməyib.