Dünən Azərbaycanda koronovirusa 6 yoluxma faktı qeydə alınıb

Dünən Azərbaycanda koronovirusa 6 yoluxma faktı qeydə alınıb

16-03-2020 15:11 / Bu xəbər 1078 dəfə oxundu

Bazar günü Azərbaycanda yeni koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, Nazirlər Kabineti yanında operativ qərargah bildirib.

Qərargahın məlumatında xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslərin "özlərini normal hiss etdiyi və səhhətlərinin stabil olduğu" deyilir.

"Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir", - rəsmi məlumatda qeyd olunub.

Qərargah bildirib ki, hazırda Azərbaycanda "18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir".

İndiyədək 6 nəfər sağalıb

Nazirlər Kabineti yanında operativ qərargahın şənbə gününə olan rəsmi məlumatına əsasən, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 19 nəfər olub, onlardan 6 nəfər sağalıb,

Şənbə günü yayılan məlumata görə, Covid-19-dan müalicə olunan daha üç nəfər sağalaraq evə buraxılıb. Onların hamısı Azərbaycan vətəndaşıdır.

İndiyədək qeydə alınan yoluxma hadisələri barədə müntəzəm xəbər verilsə də, onların ümumi sayı haqqında rəsmi rəqəm elan olunmamışdır.

Bu həftə Azərbaycanda koronavirusla bağlı ilk ölüm hadisəsi qeydə alınıb. Xəstəxanaya yerləşdirilmiş daha bir nəfərin "stabil ağır" vəziyyətdə olduğu bildirilir. Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.
 
BBC.com