Dünya Sevgililər Gününü qeyd edir

Dünya Sevgililər Gününü qeyd edir

14-01-2015 00:52 / Bu xəbər 4005 dəfə oxundu

Azərbaycanda gülünc endirim kampaniyaları və 100 minlik Sevgililər Günü təklifi havada uçuşur... 

Miladdan sonra ilk əsrlərdən bəri hər il fevralın 14-də qeyd olunan “Sevgililər günü” ilə bağlı günümüzə qədər gəlmiş müxtəlif əfsanə və hekayələr var. Bəzi qaynaqlara görə, bu günün qeyd olunma səbəbi xristianlığı seçdiyi və bu inancından imtina etmədiyi üçün öldürülən romalı müqəddəs Valentindir. 14 fevral 270-ci ildə ölən Valentinin ölüm günü o gündən sonra “Sevgililər günü” olaraq qeyd olunmağa başlanıb.

Əfsanənin başqa bir istiqaməti isə Valentinin imperator Klaudiusun hökmdarlığı ilə eyni dövrdə bir məbəddə keşiş kimi xidmət etməsi ilə bağlıdır. Klaudius Valentini əmrlərinə etirazını bildirdiyi üçün həbs etdirərək öldürüb. İllər keçdikcə 14 fevral sevgililərin bir-birinə eşq mesajları göndərdiyi bir gün halına gəlib. Bununla paralel müqəddəs Valentin də bütün sevənlərin qoruyucu simvoluna dönərək xatırlanmağa başlayıb. 

Bəzən “Müqəddəs Valentin günü” də adlanan “Sevgililər günü” 1800-ci ildən sonra Amerikada Ester Houlandın ilk “Sevgililər günü açıqca”sı göndərməsindən bu yana indiki vaxtda daha çoxsaylı insanın qeyd etdiyi hadisəyə çevrilib. Və bu gün dünya yenə də həmin tarixi qeyd edəcək. Yenə böyük paytaxtların küçələri iri ürək formalı fiqurlarla bəzədiləcək, mağazalarda “şok”, “ağlasığmaz” endirimlər adı ilə sevgililər günü kampaniyası davam edəcək. 

Bakıda da bu kampaniyaların sayı xeyli çoxdur. Belə ki, “İdeal” Parfümeriya mağazalarında 40 faizlik endirim elanı yer alıb. Amma realda bu endirimlər 20 faiz həcmindədir, qadınların favorit ətirləri isə ümumən endirimlər siyahısına düşməyib. Bir çox kafelər həmin günlə bağlı kampaniyalar təşkil edib - baxmayaraq ki, bəziləri hədiyyədən daha çox istehza xarakteri daşıyır. 

Məsələn, “Mado” kafesi Sevgililər Günündə ürək formalı, iki ədəd tort alan sevgililərə iki fincan çayı hədiyyə verir. 

Bəzi geyim mağazaları eyni koftanın biri qadın, digəri kişi üçün olmaq şərtilə endirimli qiymətə satır. Cib telefonu nömrələri üçün də bənzər aksiya var – cəmi bir rəqəmi fərqli olan iki nömrə bir nömrə qiymətinə satılır. 

Gözəllik salonları da bu aksiyadan geri qalmamaq üçün xeyli “fədakarlıqlar” edib. Məsələn, ən populyar kampaniyalar sırasında “saç düzümü edən müştərilərə Sevgililər Günü münasibətilə manikür xidməti pulsuz” tipli elanlar üstünlük təşkil edir. 

Bu il ölkəmizdə Sevgililər Günü ilə bağlı diqqət çəkən kampaniya isə Bakıda yerləşən “Four Seasons Hotel Baku” ilə bağlı idi. Sözügedən hotel 14 fevralla bağlı ağlasığmaz təklif paketi hazırlamışdı. Təklif paketinin ağlasığmazlığı onun qiymətində idi - 100 min manat. Sevgililər fevralın 14-də hotelin hesabına dünyanın istənilən nöqtəsində öz evlərindən limuzinlə aeroporta çatdırılacaq və birinci sinif təyyarə ilə uçacaqlar. Burada da onlar hotel tərəfindən təqdim olunmuş limuzinlə hərəkət edəcəklər. Sevgililərin ixtiyarına hotelin ən gözəl otağı olan prezident lüksu təqdim ediləcək. Bu otaq Azərbaycanda ən bahalı hotel otağı sayılır və onun sutkalıq qiyməti təqribən 11 min manatdır. Aksiya çərçivəsində sevgililər üçün Qız qalasında şampan şərabı və kürü süfrəsi açılacaq. Sevgililər hotelin təqdim etdiyi unikal masaj və ultra nəmləndirici südlü vannadan həzz ala biləcəklər.

Elan edildiyi gündən etibarən diqqət çəkən kampaniyadakı son durumu öyrənmək üçün otelin PR direktoru Aynur Məmmədova ilə əlaqə saxladıq. Müsahibimiz dedi ki, 100 minlik Sevgililər Günü təklifi ilə maraqlananlar çox olsa da, konkret bu paketi əldə etmək istəyən olmayıb: “Təklifdə də yazılmışdı ki, əgər həmin gün oteldə boş otaq olsa, biz bu təklifi reallaşdıracağıq. Amma bütün otaqlarımız doludur. Ona görə də bu paketi reallaşdıra bilmirik. Amma Sevgililər Gününə özəl olaraq restoranda menyularımız, canlı musiqimiz, xüsusi bəzədilmiş otaqlarımız var”. 

Müsahibimiz dedi ki, otel otaqlarının bir günlük qiyməti adi zamanlarda 320 AZN olsa da, hazırda bu tarixə özəl olaraq 210 AZN-dir. Bundan başqa, SPA-da bir günlük xidmət 150 AZN-dir. “Bently Bar”da Sevgiliər Gününə özəl xidmətin məbləği isə 50 AZN-dir. 

Bu arada onu da qeyd edək ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı uzun illər ölkədə Sevgililər Gününün 14 fevralda yox, 20 yanvar faciəsi zamanı həyatını itirmiş gənc ər-arvad İlhamla Fərizənin evləndiyi gün – 30 iyunda keçirilməsi ilə bağlı ictimai kampaniya keçirirdi. Amma Əvəz bəyin həbsdə olduğu illər ərzində bu kampaniya nisbətən səngidi.///musavat.com