Dokertinin səfəri: Tbilisi və Yerevana demokratiya çağırışı, Bakıya isə enerji…
20-11-2023 13:47 / Bu xəbər 1073 dəfə oxundu
Azərbaycan və Ermənistan birbaşa sülh danışıqlarına çağırılır
Noyabrın 20-də Böyük Britaniyanın Avropa naziri Leo Dokertinin Cənubi Qafqaza səfəri gözlənilir.
Bu, Leo Dokertinin regiona üçüncü səfəridir.
Məlumatı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi yayıb.
Səfirlik bildirib ki, nazir Ermənistan, Gürcüstan və Azərbaycana səfəri zamanı Britaniyanın ölkələrin suverenlik və təhlükəsizliyinə sarsılmaz dəstəyini vurğulayacaq: "Leo Dokerti sülh və sabitliyin uzunmüddətli nizamlanmasına nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac olduğunu bildirəcək”.
Eyni zamanda, bildirilir ki, nazir Ermənistan və Gürcüstanın demokratik islahatlar gündəmlərini müzakirə edəcək: "Azərbaycanın isə bərpa olunan enerji mənbələrinə keçidinə kömək etməkdə Böyük Britaniyanın təcrübəsinin təbliği müzakirə olunacaq”.
"Rusiyanın cənub sərhədində yerləşən region münaqişənin təsirlərindən qurtulduqca, azadlıq və müstəqillik üçün demokratiyanı dəstəkləmək və islahat gündəmlərini davam etdirməyə cəhd etdiyi üçün kənar müdaxilələrə qarşı həssas olaraq qalır. Bu ilin əvvəlində hər üç ölkə ilə rəsmi Strateji Dialoqlara əsaslanaraq, nazir Dokerti iqtisadiyyatları şaxələndirmək və Avropanın Rusiyadan asılılığını azaltmaq üçün Böyük Britaniyanın artan ticarət və təhlükəsizlik əməkdaşlığı təklifini genişləndirəcək”, – deyə səfirlik əlavə edib.
Səfirlik nazirin Ermənistan və Azərbaycan liderlərini regionda davamlı sülhün təmin edilməsi üçün beynəlxalq vasitəçiliyə əsaslanan danışıqlarda iştirak etməyə çağıracağını qeyd edib: "Böyük Britaniya Azərbaycana minatəmizləmə dəstəyi göstərən ilk ölkələrdən biri oldu, dünya üzrə qabaqcıl avadanlıq təqdim etdi və yerli hakimiyyət orqanlarına minalardan təmizləmə təlimləri keçirdi. Dokerti Bakıya Böyük Britaniya ilə həmin tərəfdaşlığın qurulduğu bir vaxtda səfər edir – yüksək təhlükə mühitində fəaliyyət göstərmək üçün lazım olan bacarıqları təmin edən partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə ixtisaslaşdırılmış kurslar üçün təklif irəli sürür”.
Məlumatda avropalı nazirin Yerevana səfərindən öncə açıqlaması da əks olunub: "Cənubi Qafqaz mühüm təhlükəsizlik problemləri ilə üzləşir – həm daxili, həm də regionda sabitliyi pozmaq təhlükəsi yaradan qonşuları tərəfindən. Qeyri-sabit regionda Böyük Britaniya islahatlar, sülh və sabitlik üçün etibarlı tərəfdaşdır”.
Azərbaycanla Ermənistan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda anti-terror əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Tərəflər arasında sülh müqaviləsi imzalanmayıb.