Doğrudanmı xalq hökumətinə layiqdir?!
14-04-2024 11:21 / Bu xəbər 3634 dəfə oxundu
Çingiz Sultansoy
"Abzas Media", "Kanal 13" və "Toplum TV"-nin fəaliyyəti dayandırılandan, birincinin təsisçisi Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, ikincinin aparıcısı Əziz Orucov, üçüncünün təsisçisi Ələsgər Məmmədli və bu mediaların əməkdaşları həbs ediləndən sonra Azərbaycan teleməkanında az-çox azad, sərbəst və ciddi siyasi tənqid və müzakirə qalmadı.
Zatən, belə müzakirələr teleməkandan çoxdan yığışdırılıb, olan-qalanlar da sadə "Şah/prezident yaxşıdı, ətrafı pis” düsturuyla işləyərək, bu sərhəddlərdə bəsit imitasiyadan başqa bir şey eləmirlər.
Əlbəttə, bu sözlər mühacirlərin Azərbaycanda yayımladığı müxalif və müstəqil "Azərbaycan Saatı”, "Osmanqızı”, "Azad Söz”, "AzərFreedom”, "Düzdanışaq”, "ABA Media" və başqa "Youtube" telekanallarına aid deyil – kanallar Azərbaycandan uzaqlarda fəaliyyət göstərir.
Teleməkanda deyil, real həyatda - qonaqlıq, yas və mətbəxlərdə aparılan siyasi müzakirələri isə şərti olaraq, iki yerə ayırmaq olar.
Birincisi, müsahiblərdən biri hakimiyyət büdcə və vətəndaşları soyub-taladığını, insanları şərləyib ölümə məhkum etdiyini, işgəncə verdiyini, yalan danışdığını deyəndə, digəri cavab verir ki, bunların hamısı ağ yalandır, Azərbaycanda analoquolmayan inkişaf var, ölkə çiçəklənir, həbs olunan müxalif düşüncəli adamlar konkret cinayətlərinə görə tutulub, deyilənlərsə çağdaş inkişaf modelinə qatıla bilməyən uğursuz adamların paxıllıqdan doğan boş sözüdür, vəssalam.
Bu sayaq müzakirələrdə cavabın ikinci variantı belə olur ki, "Dediklərinizin hamısı doğrudur, amma nə etməli? Hər xalqı onun layiq olduğu hakimiyyət idarə edir. Hər xalq öz hökumətinə layiqdir". Bax, bu son, bizdə çox aktual olan aforizm üzərində bir az gəzişək.
MƏŞHUR AFORİZM VƏ/YA BƏHANƏ
Adamlar var ki, milyonlarla əzilən soydaşı bir yana, öz hüququnu müdafiə etmək, bir söz deməkdən belə çəkinir. Hətta hakimiyyətə yaxın, 200 kitabı çıxan, indi xəstəxanaya düşən dünyada məşhur detektiv ustası Çingiz Abdullayev detektiv romanlarının pirat – özünün icazəsi olmadan, qanunsuz çapına görə külli miqdarda pul itirdiyindən şikayətlənir, amma bu qanunsuz nəşrləri hansı nəşriyyatların çap etdiyini, arxasında kimlər durduğunu dilinə gətirmir. Məşhur detektiv müəllifi Çingiz Abdullayev dərdini deməyə çəkinirsə, başqa, arxasız-köməksiz adi adamlardan nə umaq?
Bu ifadə, qorxanlar üçün tutarlı bəhanədir.
"Hər xalq öz hökumətinə layiqdir " ifadəsi həm də öz vətəndaş mövqeyini bildirməkdən qorxan, qorxduğunu etiraf etmək istəməyən, öz hüququnu müdafiə etməyə belə çəkinənlər üçün tutarlı, gözəl bir bəhanədir.
Bu tip adamlar, özəlliklə ziyalılar belə sözlə məsuliyyəti xalqın boynuna atırlar - korrupsiyanı öz siyasətinin əsasına çevirən bu hakimiyyətə guya layiq olan xalqın, özü də rüşvətə, korrupsiyaya bulaşmış xalqın.
YAXŞI ADAMLAR VƏ PİS XALQ
Belə adamlar üçün xalq pisdir, çünki öz hüquqlarını tələb etmək istəmir, etiraz etmək, mübarizə aparmaq, cəsarət göstərmək bahasına daha yaxşı yaşamaq istəmir. Belə adamlar yaxşıdır, xalq pis. Necə də sadə və gözəl bir izah! Deyilmi?
Bunun şübhəli və maraqlı məqamı budur ki, bu sözləri deyənlərin çoxu heç bir mübarizə aparmayıblar, korrupsiya və rüşvətsiz həyat uğrunda cəsarət örnəyi göstərməyiblər, amma xalqı qınayırlar. Mübarizə aparan, cəsarət göstərənlər də var da var belələrinin arasında, amma o mübarizə aparanlar uje yorulub, cəsarətləri də artıq tükənib. Ən maraqlısı və önəmlisi isə budur ki, həyatlarını avtoritarizm və monarxiya ilə mübarizəyə həsr etmiş, həbsdə olan ya yatıb çıxan Tofiq Yaqublu, Saleh Rüstəmli, Əlzamin Salayev, Qubad İbadoğlu və bir çox başqa adamlar xalqın pisliyindən və öz hökumətinə layiqliyindən danışmır, azadlıqda və həbsdə mübarizələrini davam etdirirlər.
3 YOL
Təkbaşına heç nə etmək mümkün olmadığını yaxşı anlayan, ona görə "Hər xalq öz hökumətinə layiqdir " deyən adamların bu yolları var:
1. İtaət etmək - bu zaman susmaq da olar, taleyindən gileylənmək də.
2. Millət dərdini özünə dərd eləməmək, boş vermək və hətta həyatdan zövq almaq.
3. Bu isə ikincinin məntiqi sonucu, "Palaza bürün, elnən sürün” atalar sözündəki kimi - imkan daxilində rüşvət alanlara, dövlətdən və soydaşlarından oğurlayanlara, yalançı-şərçilərə, üzəduranlara, saxtakarlara, fırıldaqçılara qoşulmaq və firavan dolanmaq.
Nə deyim, vallah? «Əla» fikir, hətta demək olar ki, ideologiyadır. Bu «ideologiya» layiq olduğu hökumətə sahib olan xalq barədə deyilmiş aforizmə əsaslanır. Amma bir məsələ də var - xalq haqqında deyilən və geniş yayılan bu ifadə nə dərəcədə düzgün, həqiqətə uyğundur? Harada, necə yaranıb?
FİLOSOF DE MONTESKYÖ VƏ SƏFİR DE MESTR
Kitablara baş vurdum, yüngülvari araşdırma apardım. Məşhur fransız yazıçısı və filosofu Şarl-Lui de Monteskyö «Qanunların ruhu barədə» (1748) əsərində yazırdı ki, hər xalqın qanunları «millətin ümumi ruhuna» uyğundur və «əxlaqından qaynaqlanır». «Hər xalq qismətinə layiqdir» fikri də burdan gəlir.
Bəlkə də, doğru olan bu fikrin iki əsr yarımlıq yaşı var, amma burada hökumət barədə heç nə deyilməyib.
Rus dilçisi Serov öz ensiklopedik lüğətində yazır ki, rus yazarları «xalq və hakimiyyət» barədəki bu ifadə Sardiniya krallığının Rusiyadakı səfiri, yazıçı Jozef de Mestrin məktubundan götürüblər. Rusiyada on beş ilə yaxın yaşayıb, hətta rus ədəbiyyatına təsir edə bilmiş sardiniya səfiri 1811-ci ildə öz hökumətinə yazdığı məktubunda Monteskyönün «qismətinə layiq olan xalq» barədəki məşhur ifadəsini ehtimal ki, təhrif edərək yazıb...
Lüğətin şərhinə görə, bu ifadənin mənası belədir: əgər hökumət pis, əxlaqsız-əzazil, yalançıdırsa, bunun günahı hökumətinə nəzarət edə bilməyən və onu başının üstündə saxlayan vətəndaşların özlərindədir.
XALQLAR VƏ HÖKUMƏTLƏR
«Bir millət, iki dövlət: Koreya» adlı məqaləmdə yazmışam ki, ən azı Koreya xalqıyla bağlı bu ifadə düz deyil. Axı koreyalılar 1945-də, yəni səksən il əvvəl silah gücünə ikiyə ayrılmış eyni xalqdır. İndi koreyalılar hansı hökumətə layiqdir – cənubdakı demokratik, yoxsa şimaldakı totalitar hökumətə?
Bəs, hələ otuz beş il bundan əvvələ qədər ikiyə bölünmüş böyük alman xalqı hansı hakimiyyətə layiq idi? Şərqi Almaniyadakı kimi totalitar, yoxsa Almaniya Federativ Respublikasındakı kimi demokratik seçilən hökumətə?
Bəs, Misir xalqı hansı hökumətə layiqdir? Axı de Monteskye və de Mestrə inansaq, "Ərəb Baharına” qədər misir xalqı Hüsnü Mübarəkin hakimiyyətinə layiq idi. Bəs indi, Mübarəki yıxıb sürüyəndən sonra?
Yox, burada nəsə düz gəlmir. Axı ola bilməz ki, bir kəlam, bir fikir eyni bir vəziyyətdə işləyib, digər eyni vəziyyətdə işləməsin? Axı dəyişməyən, heç kimin dəyişə bilməyəcəyi məntiq və fikir qanunları və qaydaları var... Amma o da düzdü ki, avam və axmaq adamlar üçün nə qayda-qanun, nə məntiq? Buğda yeyib, cənnətdən çıxıblar, bu məlum...
Yaxşı, bəs, Liviya ərəbləri indiki iki hakimiyyətdən hansına layiqdir? Bəs 13-14 il əvvəl hansına layiq idi - Qəddafiyə yoxsa onu yıxanlara?
«VİCDANSIZLIQ VƏ AXMAQLIQ»
Rus filosofu və millətçisi, yazıçı və publisisti, 1917-dən sonra ölkədən çıxan, mühacirətdə monarxist və Ağ Hərəkatın ideoloqu olan, Rusiyadakı kommunist hökumətin qatı düşməni İvan İlyin (1883-1954) «Hər xalq öz hökumətinə layiqdir» ifadəsini «vicdansızlıq və axmaqlıq» adlandıraraq, yazırdı:
«Bəli, xalqın ağlı başındadırsa və hökuməti özü, azad yolla seçibsə, o doğrudan da öz hökumətinə cavabdehdir. Və heç şübhəsiz ki, işğal, müdaxilə, hücum, ... yalan, basqı, zorakılıq və inqilabi terror olmasa, dinc, uzunmüddətli milli inkişaf olsa, xalq ilə hökumətin arasında bir harmonik bağlılıq və oxşarlıq əmələ gəlir».
İVAN İLYİNİN SUALLARI
Aleksandr Soljenitsın kimi yazıçıya təsir edən, Vladimir Putinin sitat gətirdiyi İvan İlyin yazırdı ki, «axı rus xalqı bolşeviklərin hakimiyətinə necə layiq ola bilər?».
«Axı necə ola bilərdi ki, rus xalqı beynəlxalq yalana və zorakılığa, tarixdə görünməmiş totalitar təqib və terror sisteminə, inqilabçı işğal və basqıya «layiq» olsun?».
Bolşevik hakimiyyətini Rusiyanın ən dəhşətli hakimiyyəti, ən qorxulu düşməni hesab edən İvan İlyin qəzəblə soruşurdu:
«Xalq necə olmalıdır ki, belə laqeyd yanaşmya, belə alçaldılmağa, belə idarə olunmağa «layiq» olsun?».
«Sovet quruluşundan xəbərdar olan rus insanının «rus xalqı öz kommunist hakimiyyətinə cavabdehdir – ya bəyəndiyinə, ya da dözdüyünə görə» deməsi bağışlanmazdır».
SOVET KİMİ, AMMA DAHA PİS
Sovet quruluşunu gözü ilə görən, tanıyan insan başa düşür ki, bugünkü Azərbaycan hökuməti də, Rusiya, Türkmənistan hökumətləri də, xırda fərqlərlə Özbəkistan, Qazaxıstan hökumətləri də sovet hökuməti kimi bir şeydir.
Sovet rejimindən fərqləndirən bir-iki xırda-para yaxşı cəhəti var, məsələn, şəxsi mülkiyyətə, ticarətə icazə verilib, məscidlərin hamısını bağlamayıb, xaricə yalnız təyyarəylə də olsa get-gəl var. Amma Azərbaycan hökumətinin sovet hökumətindən fərqləndirən xeyli daha pis cəhətləri var – iqtidardakıların imtiyazları nəhəngdi, kasıb-küsubun, xalqın böyük hissəsinin hüquqları, qanun və sosial ədalət isə yox dərəcəsində...
YENƏ HƏMIN AXIRINCI SUAL
Yaxşı, Azərbaycan xalqı hansı hökumətə layiqdir? Koreya və 1989-a qədərki alman xalqı kimi acı taleyini yaşayan Azərbaycan xalqı? Bakıdakı hökumətə, yoxsa Tehrandakı? Ya da üçüncü və bu ikisindən fərqli, sadə insanları da düşünən, rüşvətxor, talançı və yalançı olmayan yaxşı hakimiyyətə?
AzadlıqRadiosu, 2011-ci ilin məqaləsi əsasında
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.