Dünya çempionatında qrup mərhələsinin son oyunları keçirilib

Dünya çempionatında qrup mərhələsinin son oyunları keçirilib

03-12-2022 03:05 / Bu xəbər 1603 dəfə oxundu

Uruqvay millisi mundialla vidalaşıb

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında dekabrın 2-də qrup mərhələsinin son oyunları keçirilib.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşıb. 

Afrikalılar mundialın əsas favoritlərındən sayılan Braziliya yığmasını minimal hesabla məğlub ediblər.

Qrupun digər matçında İsveçrə millisi Serbiyanı sınağa çəkib. 

İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun – Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqdılar. 3:2 hesablı qələbə İsveçrəni DÇ-2022-nin 1/8 finalına çıxarıb.

Xal: Braziliya – 6, İsveçrə – 6, Kamerun – 4, Serbiya – 1

H qrupunda adını daha əvvəldən 1/8 finala yazdıran Portuqaliya millisi Cənubi Koreya ilə üz-üzə gəlib. 

Matçda hesabı portuqaliyalılar açsa da, Cənubi Koreya millisi yekunda 2:1 hesablı qələbəyə sevinib.

Digər oyunda isə Qana və Uruqvay komandaları münasibətlərinə aydınlıq gətirib. 

Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilərdi. Amma Uruqvay yığması iki qol vurmaqla, qalib gəlib. 

Bu qrupdan top fərqində daha yaxşı göstəricilərə malik Cənubi Koreya ikinci yerlə pley-offa yüksəlib. 

Nəticədə, Uruqvayla Qana mundialda mübarizəni dayandırmalı olub.

Xal: Portuqaliya – 6, Cənubi Koreya – 4, Uruqvay – 4, Qana – 3

Daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya 1/8 finala yüksəlib.

DÇ-2022: 1/8 final

3 dekabr

19:00. Niderland – ABŞ ("Xalifa” stadionu)
23:00. Argentina – Avstraliya ("Ahmad Bin Ali”)