Dövlət Departamenti: "Blinken Əliyevi haqsız həbs edilənləri azad etməyə çağırıb"

Dövlət Departamenti:

04-04-2024 01:01 / Bu xəbər 768 dəfə oxundu

Brüssel görüşü, Azərbaycan-Ermənitan münasibətləri müzakirə olunub
 
Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Antoni Blinken deyib ki, aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycanda narahatlıq doğurduğuna dair xəbərlər alıb, bu xüsusda İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib sayıb.

Bildirildiyinə görə, dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

"Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək, birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub”, - mətbuat xidmət bildirir.

Məlumatda habelə qeyd olunduğuna görə, telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparıldığı da bildirilir.

Açıqlamaya görə, İlham Əliyev deyib ki, Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamlar tamamilə əsassızdır.

ABŞ Dövlət Departamenti: "Dövlət katibi Azərbaycanı... haqsız yerə həbs edilən şəxsləri azad etməyə çağırıb”

ABŞ Dövlət katibi Antoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığı barədə rəsmi Vaşinqton da məlumat yayıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatında bildirilir ki, dövlət katibi ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayaraq, enerji və iqlim prioritetləri də daxil olmaqla, artan tərəfdaşlıq təşəbbüslərini barədə danışıb.

Onun sözlərinə görə, Dövlət katibi Blinken və Prezident Əliyev bütün bölgənin iqtisadi faydalanmasına zəmin yaradan, Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsinin vacibliyini müzakirə ediblər.

"Sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını vurğulayan Dövlət katibi Blinken, istənilən tərəfin nümayiş etdirdiyi aqressiv fəaliyyətlərin və ritorikanın sülh perspektivlərinə xələl gətirdiyini qeyd edib. Dövlət katibi həmçinin Azərbaycanı üzərinə götürdüyü insan hüquqları və əsas azadlıqlara dair beynəlxalq öhdəliklərə əməl etməyə, haqsız yerə həbs edilən şəxsləri azad etməyə çağırıb”, - bəyantda vurğulanır.

Son günlər Azərbaycan Ermənistan sərhədində atəşkəsin pozulmasına aid məlumatlar yayılıb.

Tərəflər buna görə, bir-birlərini qınayırlar.

Son aylar Azərbaycanda 20-ə yaxın jurnalist, ictimai fəal həbs edilib. 

Onlara qarşı əsasən qaçaqmalçılıq ittihamı verilib. Amma onlar bu ittihamı, qəbul etmir, onu siyasi sayırlar.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslər barədə deyilənləri qəbul etmir.