Dövlət Departamentinin hesabatında Azərbaycandakı hüquq pozuntularından danışılır

Dövlət Departamentinin hesabatında Azərbaycandakı hüquq pozuntularından danışılır

23-04-2024 12:36 / Bu xəbər 711 dəfə oxundu

ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair bağlı illik hesabatında təhlükəsizlik əməkdaşlarının qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və Azərbaycanda digər sui-istifadə halları, habelə ölkə həbsxanalarındakı ağır şərait barədə faktlar yer alıb.

Azərbaycana həsr olunmuş bölmədə ifadə azadlığına və KİV azadlığına ciddi məhdudiyyətlərdən, o cümlədən jurnalistlərə qarşı zorakılıqdan da danışılır.

Digər problemlər arasında hökumətdəki sistemli korrupsiya, gender zorakılığına görə məsuliyyətin olmaması qeyd olunur.

"Hesabatda göstərildiyi kimi, işgəncə və digər fiziki zorakılıq növləri, siyasi məhbuslar və müstəqil məhkəmə hakimiyyətinin olmaması da daxil olmaqla, ciddi insan haqları pozuntuları barədə səhih məlumatlar var”, - Dövlət Departamentinin İnsan Hüquqları Bürosunun nümayəndəsi Robert Gilkrist brifinqdə bildirib.

"Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları misli görünməmiş sayda adamı İranla əlaqədə şübhəli bilərək həbs ediblər", - o əlavə edib.

QHT Koalisiyasının hesablamalarına görə, ötən ilin dekabrına olan vəziyyətə görə, Azərbaycanda 254-ə yaxın siyasi məhbus və saxlanılan şəxs olub, məruzədə deyilir.

"Turan"ın "Vaşinqton Azərbaycanda siyasi məhbusların azad edilməsinə nail olmaq üçün nə edir?” sualının cavabında Gilkrist deyib ki, Azərbaycan rəsmilərilə "bütün səviyyələrdə" görüşlərdə bu mövzu gündəmə gəlir.

"Məsələn, biz müstəqil jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və hökumət tənqidçiləri də daxil olmaqla, haqsız olaraq tutulan bütün siyasi məhbusların və saxlanılan şəxslərin tezliklə azadlığa buraxılmasına çağırırıq", - o deyib.

Dövlət katibi Entoni Blinken həmin brifinqdə bildirib ki, ABŞ digər ölkələrdə insan hüquqlarına dair vəziyyəti qiymətləndirməyə və onları pozan ölkələr üçün sanksiyalar qəbul etməyə davam edəcək.

"Dünyada insan hüquqlarını qiymətləndirərkən biz həmin ölkənin rəqib və ya müttəfiq olmasından asılı olmayaraq, hər kəsə eyni standartları tətbiq edirik", - o deyib.

Builki insan hüquqları hesabatlarında Rusiyanın Ukraynaya hücumu, Sudanda vətəndaş müharibəsi və İsrail ilə HƏMAS arasında müharibə insan hüquqlarına əməl edilmısi prizmasından yada salınır.

"Kremlin insan hüquqlarına məhəl qoymaması onun Ukraynaya qarşı müharibəsində özünü tam olaraq göstərir", - hesabatda deyilir. 

Sənəddə insan hüquqlarının pozulmasına (onların bəzisi insanlığa qarşı cinayətdir) dair sənədli sübutlar toplanıb.

Cənubi Qafqaza gəlincə, hesabatda Gürcüstan hökumətinin "Xarici agentlər haqqında" qanunu qəbul etdirmək cəhdləri də qeyd olunur.

"Turan"ın "Niyə Vaşinqton Gürcüstan hökumətinin bu hərəkətini səhv hesab edir?” sualına Gilkrist belə cavab verib: 

"ABŞ əvvəlkitək narahatdır ki, əgər bu qanun layihəsi qəbul edilərsə, Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına ziyan vuracaq. Qanun layihəsi Gürcüstan vətəndaşlarının yüksək keyfiyyətli informasiyaya çıxışını təmin etmək üçün çalışan müstəqil KİV-lərə mane olacaq. Gürcüstan Avropa yolundan dönəcək".