Əbülfəz Elçibəy: 62 illik ömrün unudulmaz tarixi anları

Əbülfəz Elçibəy: 62 illik ömrün unudulmaz tarixi anları

21-08-2023 00:15 / Bu xəbər 675 dəfə oxundu

Bu gün Azərbaycanın Milli Azadlıq Hərəkatını lideri, eks-prezident Əbülfəz Elçibəyin anım günüdür.

Əbülfəz Elçibəyin həyatı və fəaliyyəti Azərbaycan tarixində mühüm yer tutur.

O, Sovet rejiminin ən güclü vaxtında Azərbaycanın azadlığı uğrunda mübarizəyə başladı; yorulmadan cümhuriyyət və Bütöv Azərbaycan ideallarını təbliğ etdi. Bu səbəbdən Sovet həbsxanasında yatdı, mübarizəsindən əsla vaz keçmədi və sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağı Cümhuriyyət parlamentinin yerləşdiyi binanın üzərində qaldırdı...

Elçibəy 24 iyun 1938-ci ildə Ordubadın ucqar dağ kəndində çoban ailəsində anadan olmuşdu. 

O, doğulduğu ildə rus-sovet rejimi azərbaycanlılara milli kimliyini unutdurmaq üçün var gücü ilə çalışırdı: dövlət dilinin adı türk dilindən Azərbaycan dilinə dəyişdirilir, pasportlardakı "türk" kimliyi "azərbaycanlı" sözü ilə əvəzlənir, Hüseyn Cavid, Əhməd Cavad kimi aydınlar, milli şairlər, Bəkir Çobanzadə kimi türkoloqlar repressiya olunur, gedər-gəlməzə göndərilir, Azərbaycanın Rusiya tərəfindən işğal olunması faktı "əbədi xoşbəxtçilik" kimi beyinlərə yeridilirdi...

Kimin ağlına gələrdi ki, bu qədər tədbirlərə və repressiyalara rəğmən, həmin ildə doğulan bir uşaq azərbaycanlılara milli kimliyini qaytaracaq, vətənimizin Rusiya tərəfindən işğal olunduğu fikrini hər kəsə qəbul etdirəcək, üstəlik, 2 əsrə yaxındır ki, bu torpaqlarda hegemonluq edən rus ordusunu Azərbaycandan çıxaracaq.

24 iyun 1938-ci ildə Ordubadın Kələki kəndində başlayan və 22 avqust 2000-ci ildə Ankarada əbədiyyətə qovuşan 62 illik həyatı boyunca məhrumiyətlər də yaşadı, xəyanətlər də gördü, amma heç vaxt ideallarının arxasınca getməkdən vaz keçmədi.

Elçibəy Azərbaycanın sovet hakimiyyətindən çıxmasını, tam müstəqil və demokratik bir dövlət olmasını arzulayırdı. 

O, hələ gənclik illərində - Univesitetdə çalışdığı dövrlərdə Sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizəyə başlayıb. 

Sovet İttifaqının ən güclü zamanında tələbələrinə: "Bu quruluş dağılacaq”, - deyib. 

Bu səbəbdən Sovet rejimi tərəfindən həbs edilərək siyasi məhbus həyatı yaşayıb. Həbs müddətində Qaradağda daş karxanalarında ağır işlər görməyə məhkum edilib.

1988-ci ildə ermənilər Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları irəli sürür və etnik zəmində təxribatlar törətməyə başlayır. 

Rəsmi Moskva ermənilərin bu antiazərbaycan siyasətinə loyal münasibət və qərəzli mövqe göstərir. Bütün bunlara etiraz əlaməti olaraq Azərbaycanda Xalq Hərəkatı başlanır. 

Minlərlə insan Azadlıq adlanan meydanda toplaşır. Fəaliyyətsizliyi milli xəyanət kimi qiymətləndirən Elçibəy həmin hadisələrdə aktiv rol alır. Milli Azadlıq Hərəkatına öncüllük, liderlik edir.

Həmin vaxt fəallar Azərbaycan Xalq Cəbhəsi adı altında təşkilatlanmağa başlayır. 

Elçibəy həyatının ən xoş günü kimi qeyd etdiyi 1989-cu ilin 16 iyulunda Azərbaycan Xalq Cəbhəsinin sədri seçilir və ömrünün sonunadək bu təşkilatın lideri olur. 

Əbülfəz Elçibəy Azərbaycanın demokratik seçki ilə hakimiyyətə gəlmiş ilk prezidenti idi.

1992-ci ildə prezident seçilib, 1993-cü il isə hakimiyyətdən qiyam yolu ilə devrilib.

Elçibəy Rusiyanın təsir edə bilmədiyi, güclü, demokratik bir Azərbaycan yaratmaq istəyirdi.

Onun siyasi duruşu Türkiyə ilə mümkün olduqca yaxınlaşmaq, Rusiyaya qarşı məsafəli durmaq və Güney Azərbaycanla birləşmək üzərində qurulmuşdu.

Bəs Əbülfəz Elçibəy Azərbaycan Prezidenti kimi rəsmi işə başladığı gün Azərbaycanda vəziyyət necəydi? 

200 ildir ki, Rusiyanın müstəmləkəsi olan bir məmləkətdə dövlətçilik ənənəsi tamamən yox olmuş, milli dövlət adına heç bir şey qalmamışdı.

Azərbaycanı bu şəkildə idarə etməyə başlayan Elçibəy hələ seçkilərdən iki ay əvvəlki çıxışında demişdi ki, prezident kim olursa-olsun, bir il sonra hakimiyyətdən gedəcək. Çünki Mokvanın təxribat planları aktual idi. 

Bütün çətinliklərə baxmayaraq Əbülfəz Elçibəyin 1 illik qısa prezidentlik dövründə Azərbaycanın müstəqilliyi və demokratikləşməsi yolunda mühüm təməllər atıldı.

Onun dövründə:
- Milli valyuta - manat dövriyyəyə buraxıldı,
- Azərbaycanı 3 milyon dollar büdcə yönətməyə başlayan Elçibəyin dövründə Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 
- Milli Bankda valyuta ehtiyatı 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı. Dövriyəyə buraxılan milli valyutanın dəyər itirməsinin qarşısını alındı ve manat rus rublu qarşısında on defe güclü alıcılıq qabiliyyəti qazandı.
- Totalitarizmin yaratdığı buxov sındı. Siyasi partiyalar, ictimai təşkilatlar və kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi,
- Azərbaycan türklərinin kimliyi, tarixi və mədəniyyəti bərpa olundu,
- Milli və dini bayramlar üzərindəki qadağanlar götürüldü,
- Latın əlifbasına keçid təmin olundu,
- Məktəblər üçün milli ideya əsasında yeni proqram və dərsliklər yaradıldı,
- Qəbul imtahanlarında rüşvətə son qoyan test üsulu tətbiq olundu,
- Təhsil sistemində aparılan islahatlar nəticəsində illərlə universitetlerin qapısından pulsuz olduqları üçün geri qayıdan minlərlə gənc tələbə oldu, hətta xarici ölkələrdə təhsil almaq hüququ qazandı,
- Milli ordu yaradıldı,
- Azərbaycan sərhədləri Milli Sərhəd Qoşunları tərəfindən qorunmağa başlandı,
- Ordu quruculuğu yolunda mühüm addımlar atıldı. Türkiyədən Azərbaycan əsgərlərinə təlim keçməsi üçün zabitlər gətirildi.
- Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başlandı,
- Ağdərə bölgəsi, Goranboy ərazisi, Laçının 33 kəndi, Cəbrayılın 10 kəndi erməni və rus silahlı birləşmələrindən təmizləndi,
- Rus ordusu sovet respublikaları arasında ilk olaraq Azərbaycan ərazisindən çıxarıldı.

Elçibəy rus ordusunun Azərbaycandan çıxarılmasının öz hakimiyyəti üçün təhlükə yaradacağını bilirdi. 

Rusiya Əbülfəz Elçibəyin bu qərardan daşınması üçün ən müxtəlif vasitələri yoxlamışdı. Hətta dolayı yollarla Elçibəyə hədə belə göndərmişdilər. Rus ordusunun Azərbaycandan çıxarılmasının ciddi bədəli olacağını ona çatdırmışdılar. Amma O, "mən də etməsəm, bəs kim edəcək?" düşüncəsilə sona qədər təkid edib, Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına nail oldu.

Elçibəy Azərbaycanın üzünü işğal və zorakılıq simvolu olan Rusiyadan döndərib Avropaya çevirməyə çalışırdı. Buna görə də onun dövründə Azərbaycan Rusiyanın hegemon olduğu Müstəqil Dövlətlər Birliyinə girmədi.

Elçibəy ölkəni məcburi deyil, könüllü ittifaqlara, milli mənafelərə söykənən birliklərə çəkirdi. Onun dövründə bir neçə Qərb neft şirkəti ilə Azərbaycan neftinin birgə işlənməsi haqqında bəyannamə imzalandı. Həmçinin Türkiyə ilə neftin Aralıq dənizinə daşınması haqqında ilkin sənəd imzalandı.

BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğala məruz qalması barədə qətnamə qəbul olundu. 

Qarşıda Ermənistan tərəfi ilə Azərbaycanın ərazi bütövlüyü gözlənilməklə sülh sazişinin imzalanması gözlənilirdi.

Rusiya hadisələri diqqətlə izləyir. Münaqişəni dərinləşdirir. Eləcə də, ölkə daxilində özünə bağlı olan kadr çevrəsinin əli ilə çevriliş planı hazırlayırdı. 

4 iyun qiyamı Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində 1993-cü ilin yayında həllinin qarşısını aldı, Elçibəy hakimiyyəti devrildi.

Ə. Elçibəy Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə dövlət və hakimiyyət əleyhinə başlayan hərbi qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə getdi.

Gedişində məqsəd Azərbaycanda Tacikistan və Gürcüstanda olduğu kimi vətəndaş müharibəsinə, qardaş qırğınına yol verməmək idi.

Yorulmadan demokratiya uğrunda mübarizə aparan Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşdu. 

Bakıda yüz minlərlə insan onun dəfnində iştirak etmişdi. Bu, Azərbaycanda qeydə alınan ən izdihamlı əbədi vidalaşma mərasimi idi...

Türkay Zadə
Magistr

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələrdir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.