Ekspert məmur övladlarına çağırış etdi: “Valideynlərinizə...”
24-03-2017 05:00 / Bu xəbər 3953 dəfə oxundu
"Avropada, ABŞ-da, Yaponiyada, Cənubi Koreyada buna bənzər hallar - yəni, maraqlar toqquşması halları açığa çıxan kimi vəzifəli şəxslər istefa verirlər. Bizdə istefa mədəniyyəti yoxdur, çünki seçki institutu yoxdur, əgər vətəndaş hökuməti seçmirsə, hökumət üzləri də vətəndaşdan və içtimai rəydən çəkinmirlər”.
"Qaynar" xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O deyib ki, Fransada nazir övladlarının yay tətilində atalarının rəhbəri olduğu nazirlikdə işləyərək 55 min avro maaş aldıqları mətbuata çıxan kimi, nazir istefa verdi:
"Amma bizim məmurların övladları yeni nəslin nümayəndələridirlər. İllərlə Avropada, ABŞ-da yaxşı təhsil alıblar, o cəmiyyətlərdə yaşayıblar, həmin "oyun qaydalarını" görüblər. Bəs onlar niyə etiraz etmirlər, evdə-ailədə öz valideynlərinə sivil dünyanı anlatmırlar? Məsələn, Gənclər və İdman nazirinin oğlu mədəni, yaxşı təhsilli bir insandır. Londonda oxuyub, bir müddət orada yaşayıb. İndi Bakıda şirkət açıb (bu normaldır, şirkət açmaq onun hüququdur) və atasının da təşkilatçılığı ilə keçirilən Formula-1 yarışlarının icra direktorudur. Ola bilər ki, atası təkid edib, amma Qərb təhsilli, o dəyərləri görən savadlı bir gənc kimi etiraz edə, bunun maraqların toqquşması olduğunu izah edə, imtina edə bilərdi. Yeni nəslə yaraşan da məhz belə addım olardı. Sözüm məmur övlarlarınadır: Sizlər normal təhsil almış uşaqlarsız, dünyanı gəzib-görmüsünüz, ölkəyə yad bir yer kimi baxmayın, evdə öz valideynlərinizə təsir edin, onlara XXI əsrin dünyasını anladın. Bəlkə bu yolla ölkədə sivil dəyişikliklərə yol açıldı...”