Ekspert: "Qoy DİM bilsin ki, bu işlərdə özbaşınalıq olmaz”

Ekspert:

07-07-2020 22:07 / Bu xəbər 877 dəfə oxundu

Nabatəli Qulamoğlu: "Dövlət İmtahan Mərkəzi illərdir ki, səhvlərini boynuna almır”

"Düşünmürəm ki, iyunun 10-u keçirilən imtahana düşən test tapşırıqları özündən əvvəlki və sonrakı imtahanlarla müqayisədə daha çətin idi”, - təhsil eksperti Kamran Əsədov Toplum tv-yə açıqlamasında belə deyib. 
 
 
İyulun 2-də Riyaziyyat elmləri doktoru Rəşid Əliyev və Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Əliyeva Dövlət İmtahan Mərkəzinə açıq məktub göndərib. 

Məktubda müəllimlər iyunun 10-da keçirilən imtahan suallarından, onun nəticələrindən narazılıqlarını ifadə edib, DİM-dən mütəxəssislər dəvət edərək sualların yenidən yoxlanılmasını xahiş ediblər. 

Müəllimlər qeyd ediblər ki, iyunun 10-11-i keçirilən buraxılış imtahanları bir-birindən sualların çətinliyinə görə ciddi şəkildə fərqlənir. 

DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə müəllimlərin açıq məktubuna cavab olaraq bildirib ki, hər iki imtahanda vahid yanaşmaya riayət olunub və istifadə olunan suallar elmi-metodik baxımdan düzgün tərtib edilib. 

Kamran Əsədov isə düşünür ki, şagirdlərin martın 3-dən etibarən dərslərə getməməkləri nəzərə alınarsa, imtahan sualları daha asan olmalı idi. 

Onun fikrincə, imtahan iştirakçılarının kütləviliyi nəzərə alındığı təqdirdə isə sualların asanlaşdırılması yolverilməzdir: "47 min plan yerinə 90 min nəfər sənəd verib”. 

Ekspert bildirib ki, imtahanlara düşən suallar martın 3-dən əvvəl keçirilən mövzuları əhatə edir, eyni zamanda DİM-in 2019-cu ildə çap etdirdiyi "Abituriyent 1” jurnalındakı proqrama tamamilə uyğundur.  

"Sualların ağırlıq dərəcəsi kifayət qədər gözlənilib. Yəni orada çətin və çox çətin sualların sayı digərləri ilə müqayisədə azlıq təşkil edirdi. Bu, bir şagirdi digərindən fərqləndirmək üçün ən uyğun variantdır”, – Kamran Əsədov qeyd edib. 
Onun sözlərinə görə, kompüter vasitəsilə seçilən suallarda ekspertlər müəyyən redaktələr aparsalar da, sualda ciddi dəyişiklik edə, onun formatını dəyişə bilməz.

Ekspert imtahana martın 3-dən sonra keçirilən mövzuların salınmadığına görə, onlayn apelyasiya prosesində karantin dövrünün nəzərə alınmayacağını deyib.

Nabatəli Qulamov: "Bu məsələdə müəllimlər tamamilə haqlıdır”
 

 
Digər təhsil eksperti Nabatəli Qulamoğlu isə Kamran Əsədovdan fərqli olaraq müəllimləri iradlarında tamamilə haqlı hesab edir. 

Onun sözlərinə görə, dalbadal keçirilən iki imtahanın bir-birindən bu qədər fərqlənməsi gözlənilən deyildi: "Ən azı mübahisəli suallar imtahana salınmamalı idi”. 

Ekspert Dövlət İmtahan Mərkəzinin illərdir ki, öz səhvlərini boynuna almadığını bildirib. 

O qeyd edib ki, artıq Azərbaycan dili və ədəbiyyatı qrupunda DİM-ə ünvanlanmış məktub üçün müəllimlərin imzaları toplanır. 

Nabatəli Qulamoğlu Xanlar Xanlarzadə ilə də əlaqə saxladığını deyib: "Monitorinqdə iştirak edə biləcəyimizi dedi. Düzdür, onun dialoq mədəniyyəti var. Amma biz bu məsələdə haqlıyıq və məhkəməyə qədər gedəcəyik. Qoy DİM bilsin ki, bu işlərdə özbaşınalıq olmaz”. 

Müəllimlər iyulun 13-ü keçiriləcək onlayn apelyasiya prosesində də iştirak edəcəklər. 

Ekspert apelyasiya şikayətindən ümidli olmasa da, bu prosedurdan keçməli olduqlarını söyləyib. 

"Əvvəllər belə hallar olsa da, məhkəməyə qədər getməmişdik. Bu dəfə müəllimlər möhkəm dayanıblar”, – o əlavə edib. 

Şəbnəm Adil