Ələ və sözəbaxan parlament
19-07-2024 12:42 / Bu xəbər 989 dəfə oxundu
Rövşən Hacıbəyli
Ona yenidən əl gəzdirilir, ancaq bu işdə Hüseynbala Mirələmovun əli yoxdur
Ona yenidən əl gəzdirilir, ancaq bu işdə Hüseynbala Mirələmovun əli yoxdur
Ölkə daha bir seçkiyə hamilədir, həm də növbədənkənar. Yarımçıq hamiləlik kimi bir şey. Ancaq hər şey ağrısız olacaq. Zaman az olduğundan, üstəlik, yay tətili dönəminə düşdüyündən əsas yükü məntəqə komissiyası üzvləri, müəllimlər çəkəcək. Düzdür, sertifikatlaşdırmanın nəticəsindən narazı qalan xeyli müəllim var, ancaq etiraz gözlənilmir, özünü doğrultmaq, bir daha etimad qazanmaq üçün bu, göydəndüşmə fürsətdir…
Seçki təbliğatı-filan, nənələr söhbəti də bu seçkidə gözlənilmir, COVİD də nəzərə alınacaq, əhalinin sağlamlığının qorunması prioritet məsələ kimi daim gündəmdə olacaq. Heç onbaşı, yüzbaşı, minbaşı… kimi keçmişin qalığı, demokratik inkişafımıza xələl gətirən şeylər, camaatın istirahətini pozan təbliğat kampaniyaları – mitinq-filan, küçə yürüşləri də olmayacaq. Küçələrimiz "Formula 1” və "COP 29” üçün hazırlanır, oranı seçici ayaqqabısı ilə zibilləmək olmaz, yəni bizə yaraşmaz.
Həmişəki kimi seçicilərin əziyyət çəkib məntəqələrə gəlməsinə ehtiyac olmayacaq. Daim xalqı düşünənlər bu dəfə də əziyyəti özləri çəkəcək…
Prosesin necə nəticələnəcəyi, kimin seçilib-seçilməyəcəyi rəsmən seçkidən sonra bəlli olacaq; hər şey seçkiyə qədər həll olunsa da. Bu, Azərbaycanın seçki tarixində bir ilkdir, növbədənkənar formalaşan VI çağırış vaxtından qabaq buraxıldı, növbəti, VII çağırış deputatları da növbədənkənar müəyyənləşəcək. Özünüburaxanların çoxu yenidən "mübarizə”yə qoşulub mandat almağa çalışacaq. Şübhə yoxdur ki, bir çoxu mandatını itirəcək.
Bunlardan birincisi həmişə halal mandatıyla öyünən Adil Əliyevdir. Seçki marafonu başlamazdan onu icra başçısı göndərməklə "boşuna əziyyət çəkmə” mesajı verildi. Mandatını itirib vəzifə almayanlar, təqaüdə göndərilənlər, etimadı doğrultmayanlar da olacaq. Təxmini hesablamalara görə, 35-40 arası keçmiş deputata bu seçkidə mandat verilməyəcək, onlar başqalarıyla əvəzlənəcək. Naxçıvandan ən azı 5 deputat mandatını itirəcək…
Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilən VI çağırış növbədənkənar seçkidə YAP-a 70, VHP-yə 3, AVP-yə 1, ADMP-yə 1, BQP-yə 1, DİP-ə 1, BAXCP-yə 1, VƏHDƏT-ə 1, VBP-yə 1 mandat verildi. 4 dairədə – 33 saylı Xətai I, 35 saylı Xətai III, 74 saylı Lənkəran qəsəbə, 80 saylı İmişli-Beyləqan seçki dairələrində seçkinin nəticələri ləğv edildi. Qanunun təkrar seçki tələbinə baxmayaraq, parlament özünü növbəti dəfə buraxanadək o dairələrdə depuatat yerləri boş qaldı.
Bundan başqa, növbədənkənar VI çağırış deputatlarının üçü – 116 saylı Qəbələ seçki dairəsindən Fəttah Heydərov (2020), 10 saylı Binəqədi III seçki dairəsindən Madər Musayev (2023) və 105 saylı Tovuz seçki dairəsindən Qənirə Paşayeva (2023) vəfat etdi. Bu dairələrdə də təkrar seçki keçirilmədi. 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat Eldəniz Adil oğlu Səlimov (YAP üzvü) cinayət məsuliyyətinə cəlb olunduğu üçün 2021-ci ilin 3 avqust tarixində mandatdan məhrum edildi.
50 saylı Abşeron-Qobustan seçki dairəsindən mandat verilmiş Şahin Kamil oğlu Seyidzadənin də 17 mart 2022-ci ildə deputatlığına xitam verildi; İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunduğu üçün. 64 saylı Sabirabad II seçki dairəsindən YAP-çı deputat Ramin Ələmşah oğlu Məmmədov 8 aprel 2024-cü ildə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri təyin olunduğu üçün onun da mandatı ləğv edildi. Onun gedişi Milli Məclis üçün böyük itki idi. O, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eyni zamanda Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüydü…
Deputat yeri boşalan bu dairələrdə təkrar seçki keçirilmədi. Belə bir qanun pozuntusuna görə kimsə də cəzalandırılmadı. O yerlərin boş qalması isə minlərlə vətəndaşın hüquqlarının pozulması anlamına gəlir. VI çağırışda deputat yeri bu və ya başqa səbəbdən boş qalan dairə sayı 10 oldu. Bu 10 dairədə isə seçici sayı 420 min nəfərdən çoxdur. Yəni ölkə əhalisinin yarım milyona yaxını hakimiyyətin bir qolunun dəstəyindən, qayğısından məhrum oldu, səslərini yuxarılara çatdıran olmadı…
İndi yenə seçki görüntüsü yaratmağa çalışacaqlar. Partiyalar, bitərəflər, müstəqillər, yapçılar… kimi bölgü aparacaqlar. Əslində, ad fərqli olsa da (bitərəf, ya partiyalı), deputatların hamısı – 125 nəfər YAP-ı təmsil edir. AzTV-lər az da olsa, parlamentin, komitələrin iclaslarından reportajlar verir, orada hansısa bitərəf, müxalif sözü eşitmişikmi? Prezident Administrasiyasından göndərilən hansısa qanun layihəsinin xalqın, yəni seçicilərin maraqlarına cavab vermədiyinə görə geri qaytarıldığını görmüşükmü? Komitə iclaslarından seçicilərin yadında qalan keçmiş deputat Xanhüseyn Kazımlının kefli vəziyyətdə çıxışıdır…
Müstəqil Azərbaycanın parlament tarixində VI çağırışdan vecsiz, dişsiz, ələbaxan və sözəbaxan məclis olmamışdı, elə özünü iki dəfə buraxmaq bunun göstəricisidir. Proseslərin gedişi göstərir ki, VII özündən əvvəlkinin qırılıb keçənlərinə rəhmət oxutduracaq, bəlkə, fatihə də verdilər. Başımız sağ olsun!
Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh!