Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

29-03-2024 23:27 / Bu xəbər 953 dəfə oxundu

Vəkil Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək

"Toplum TV”nin həbsdə olan təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün vəkili verdiyi vəsatət təmin edilməyib.

Vəsatətə martın 29-da Xətai Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə vəkil Aqil Layıc vəsatəti müdafiə edib.

O deyib ki, müvəkkili heç bir cinayət törətməyib, onun həbsdə saxlanması qanunsuz və əsassızdır.

Vəkil vurğulayıb ki, hətta araşdırma gedirsə belə, bu müddətdə Ələsgər Məmmədlini həbsdə saxlamağa ehtiyac yoxdur.

Vəkilin sözlərinə görə, Ələsgər Məmmədlinin səhhətində ciddi problemlər var və təcili müalicə olunmalıdır.

Onu indiki vəziyyətdə həbsdə saxlamaq, müayinə və müalicəsinə imkan verməmək onun həyatına qəsddir: "Bu, artıq hüquqi məsələ deyil, humanizm məsələsidir. Adam ağır xəstəlikdən əziyyət çəkirsə, müalicəsinin qarşısını almaq qeyri-insani rəftardır”.

Vəkil əlavə edib ki, Ələsgər Məmmədli cəmiyyətdə tanınan şəxsdir, yaşayış yeri məlumdur, qətiyyən istintaqdan yayınmaq niyyətində deyil.

Ələsgər Məmmədli də heç bir cinayət törətmədiyini, müstəqil medianı susdurmaq üçün sifarişlə həbs olunduğunu deyib.

O vurğulayıb ki, həbsindən sonra səhhəti daha da ağırlaşıb.

Müstəntiq isə əksinə, Ələsgər Məmmədli haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsinə etiraz edib.

Deyib ki, həbsdən buraxılsa, sonradan yayına bilər, şahidlərə və proses üçün əhəmiyyətli digər şəxslərə təsir göstərmək ehtimalı var.

Müdafiə tərəfinin arqumentlərinə baxmayaraq, hakim vəsatəti təmin etməyib – Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edib.

Vəkil Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Aqil Layıc müvəkkilinin səhhətindəki problemlərin kəskinləşdiyini deyir.

Vəkilin sözlərinə görə, Ələsgər Mənmədli ona bildirib ki, boğazında olan onkoloji şiş böyüyür və boğulma verir.

"Təcili iynə biopsiyası olunmalıdır. Onun saxlanıldığı kamerada başqa dustaqlar siqaret çəkirlər deyə bu, onda boğulma yaradır. Bu gün təzyiqi kəskin qalxmışdı. Məhkəmədə ona dərman verildi. Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə rəsmi qaydada müraciət etdim ki, o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülsün. Ən azı, müayinə və müalicəsini orada davam etdirə bilsin”, – Aqil Layıc bildirib.

Martın 6-da "Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında "Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.