Ələsgər Məmmədli Kürdəxanıdan yazır: "Ölkəmizdə ədalətli hüquq sistemi olsaydı..."

Ələsgər Məmmədli Kürdəxanıdan yazır:

28-05-2024 11:44 / Bu xəbər 2470 dəfə oxundu

Cümhuriyyətimizin 106-cı ildönümü münasibətilə xalqımızı təbrik edirəm. Hələ də dünyada yüzlərlə millət öz dövlətini qura bilməzkən, tarixin ən çətin mərhələsində, müstəmləkə siyasəti ilə cəhalətin hökm etdiyi bir coğrafiyada öz müstəqilliyini elan etmək, xalqın yönətimini mənimsəyən çağdaş Cümhuriyyət qurmaq müstəsna başarıdır. 

Hazırda yaşadığımız coğrafiyada mövcudluğumuz, əbədi varlığımız qurucu babalarımızın bu müdrik addımı sayəsində mümkün olmuşdur. 

28 May əbədiyyən qürur günümüz olacaq. Azərbaycan Cümhuriyyətini bizə miras qoyan babalarımızı hörmət, rəhmət və ehtiramla yad edirəm. 

Toplumun qaranlıqdan aydınlığa çıxmasında mayak rolunu üstənən dəyərli insanları, məsləyinin peşəkarı olan ləyaqətli jurnalistləri, sivil toplum nümayəndələrini, ictimai-siyasi fəalları, vəkilləri, hüquq müdafiəçilərini, aydınları təbrik edirəm. 

Bayram təbrikimi təcridxanadan yazıram. Başdan-başa qondarma ittihamla, dəlilsiz-sübutsuz, suçsuz salındığım bu zindan vətənimizin acı gerçəyinin bir parçasıdır. Həbsxanada çətin keçən saatları, günləri, həftələri ömür varağımın bir küncünə qeyd edirəm. Çəkdiyim çilələr düşüncə və ifadə özgürlüyümün bədəlidir. 

Xarakterində dürüstlük, ruhunda azadlıq olanları məhbəsin zorluqları, üzləşdiyi haqsızlıq, məruz qaldığı böhtan sarsıda bilməz. 

Hər gün küçələrdə, parklarda, məclislərdə, auditoriyalarda rastlaşdığımız insanların kiçik bir qrupu buradadır. Ölkəmizdə ədalətli siyasi və hüquq sistemi olsaydı, indiki məhkumların heç 10 faizi həbsxanada olmazdı. 

Müstəqilliyimizin bərpasından 33 il ötsə də, təəssüf ki, hələ sivil dünyanın çatdığı hədəflərdən çox uzağıq, gediləsi uzun və keçməkeşli yolumuz qarşıdadır. 

Fürsətdən istifadə edib doğum günümdə mənə təbrik yazan, azadlığa buraxılmağıma çağırış edən, səhhətimlə bağlı narahatlığını dilə gətirən minlərlə dəyərli insana təşəkkür edirəm. Virtual dəstəyiniz real mənəvi-psixoloji ovqatıma güc qatır. 

Bir daha hamınızı təbrik edirəm, özəlliklə də suçsuz həbsə atılmış bütün insanları, gənc jurnalistləri, siyasi və vicdan məhbuslarını bir an öncə azad etməyə çağırıram. Tezliklə ailələrinə, valideynlərinə, körpə övladlarına qovuşmasını diləyirəm. 

Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa-yaşa, cox yaşa ey şanlı AZƏRBAYCAN!

Bayramınız mübarək!

Ələsgər Məmmədli
Media hüququ üzrə ekspert, hüquqşünas