Ələsgər Məmmədli mülki klinikada müayinə olunacaq
15-06-2024 23:24 / Bu xəbər 971 dəfə oxundu
İyunun 15-də Bakının Xətai Rayon Məhkəməsi "Toplum TV” internet nəşrinin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin mülki klinikada tibbi müayinədən keçirilməsi ilə bağlı vəsatəti təmin edib.
Bu barədə vəkili Aqil Lahıc məlumat yayıb.
"Ələsgər Məmmədli biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda, öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək. Xətai Rayon Məhkəməsi bu barədə qərar qəbul etdi”, - vəkil qeyd edib.
Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib ki, müayinə zərurəti Məmmədlinin qalxanabənzər vəzində həbs olunmazdan əvvəl aşkarlanan şişlə bağlıdır.
"Həbs olunduğu üçün o, biopsiyadan keçə bilmədi. Qardaşımın vəziyyətinin pisləşməsi davam etdiyi üçün təcili biopsiyaya ehtiyac yaranıb. Qanuna görə, təcridxanada müvafiq müayinə və müalicə üçün imkan və ləvazimat yoxdursa, o zaman onun seçdiyi başqa müəssisədə belə imkan yaradılmalıdır”, - Nəsimi Məmmədli "Amerikanın Səsi"nə deyib.
Onun sözlərinə görə, məhkəmə qərarında hələlik söhbət müayinədən gedir.
"Ələsgər bəy Qurban Bayramından sonra ailəsinin istədiyi klinikaya müayinəyə aparılacaq. Daha sonra o, istintaq təcridxanasına qaytarılacaq. Testin nəticələrindən asılı olaraq əlavə qərarlar veriləcək”, - o qeyd edib.
Martın 6-8-də "Toplum TV" və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb.
Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar.
Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.
"Toplum TV"-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.