Ələsgər Məmmədlinin cərrahi əməliyyata ehtiyacı var

Ələsgər Məmmədlinin cərrahi əməliyyata ehtiyacı var

26-08-2024 19:12 / Bu xəbər 820 dəfə oxundu

İstintaq Təcridxanasında saxlanılan Toplum TV internet televiziyasının təsisçisi Ələsgər Məmmədliyə cərrahi əməliyyat lazımdır. 

Bu barədə "Turan"a qardaşı Nəsimi Məmmədli məlumat verib.

O deyib ki, Ələsgər Məmmədli ilə avqustun 26-da  telefonla danışıb: "Ələsgər bu gün zəng etmişdi. Qalxanabənzər vəzində şişlə əlaqədar boğulma halları qalıb və bu məsələdə heç bir pozitiv dinamika yoxdur. Çünki qalxanabənzər vəzində olan şiş cərrahi əməliyyatla götürülməlidir. Amma həbsdə saxlandığı indiki şəraitdə bu, təəssüf ki, məqsədəuyğun deyil".

İyunun 22-də Ə.Məmmədli müşayiət altında mülki klinikaya aparılıb və təhlükəsizlik qüvvələrinin həkimlərin hərəkətlərinə müdaxiləsi ilə əlaqədar müayinə tam aparılmayıb.

Bu zaman Ə.Məmmədlinin ailəsinin dəvət etdiyi həkimlər müayinəyə buraxılmayıb, baxmayaraq ki, məhkəmə buna icazə vermişdi.

Buna görə Ə.Məmmədli və onun yaxınları hesab edirlər ki, Toplum TV-nin təsisçisinin əməliyyat olunması üçün o, həbsdən azad edilməli və öz seçdiyi klinikada əməliyyat olunmasına icazə verilməlidir. Lakin Ə.Məmmədli ilə bağlı heç bir istintaq hərəkəti aparılmasa da, onu həbsdən azad etməkdən imtina edirlər.

Qanxanabənzər vəzində şişin olması Ə.Məmmədlinin ümumi səhhətinə də mənfi təsir göstərir: "Onun qan təzyiqi yenə gah yuxarı qalxır, gah aşağı enir, baş ağrılarından, yuxusuzluqdan əziyyət çəkir".

İstintaq orqanının və Penitensiar Xidmətin nümayəndələrindən şərh almaq mümkün olmayıb.

***

6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın - Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. 

Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. 

Yeddi nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib.

Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus kimi tanıyıblar, beynəlxalq təşkilatlar onları azad etməyə çağırıb.