Ələsgər Məmmədlinin saxlanılma videosunu yayan həkim işdən çıxarıldı
13-03-2024 13:18 / Bu xəbər 862 dəfə oxundu
Aydın Əliyev: "Əslində indi klinika mənə təzminat ödəməlidir”
Həkim Aydın Əliyev çalışdığı "İstanbul” klinikasından çıxarıldığı ilə bağlı açıqlama yayıb.
Bildirib ki, martın 12-də klinikanın rəhbərliyi ona işdən azad edildiyini, sabahdan işə gəlməməsini söyləyib.
"Təhdiddənmi, qorxudanmı, bilmirəm. "İstanbul” Klinikasının rəhbərliyi məni işdən çıxardı. Sabahdan "işə gəlmə” dedilər. Hanı bəs hüquqi dövlət? İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı əmək müqaviləsi?”, – həkim "Facebook” səhifəsində yazıb.
Aydın Əliyev səbəb kimi yaxın günlərdə baş verən bəzi hadisələri göstərib.
O, "Turan” İnformasiya Agentliyinə bildirib ki, yaxın günlərdə həbs edilən hüquqçu Ələsgər Məmmədli onu bacısının həyat yoldaşıdır: "Onun qanunsuz həbsinə münasibət bildirmişəm. Görünür ki, bu kiminsə xoşuna gəlməyib”. A.Əliyev qeyd edib ki, o işdən azad olunması ilə bağlı ərizəyə qol çəkməyib. Mənim klinika ilə iş müqaviləm, sertifikatlarım, vergi, sosial ödənişlərim, hamısı qaydasındadır. Əslində indi klinika mənə təzminat ödəməlidir”.
Bu açıqlamaya hələlik, sözügedən klinikanın rəhbərliyindən və rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Aydın Əliyev martın 7-də "Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin "İstanbul” Klinikasının önündə saxlanılma videosunu öz sosial şəbəkə hesabından paylaşmışdı.
Daha sonra o, Ələsgər Məmmədlinin həbsi ilə bağlı açıqlama yayıb, onun həbsini tənqid etmişdi.
Son bir həftədə "Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, bu internet televiziyasının bəzi əməkdaşları və ayrı-ayrı ictimai fəallar qaçaqmalçılıqda ittiham edilərək həbs olunublar.
Onların heç biri ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər.