Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir

Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir

13-05-2024 15:51 / Bu xəbər 750 dəfə oxundu

"Toplum" internet televiziyasının həbsdə olan təsisçi Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə "Azadlıq" radiosuna onun qardaşı Nəsimi Məmmədli məlumat verib. 

Onun sözlərinə görə, Ə.Məmmədlinin müalicəsi dayanıb: "Həkimin Ələsgərə yazdığı müalicə kursu bitib, yenisi isə başlamayıb. 10 gün əvvəl qardaşımdan analiz götürüblər, amma, hələlik, nəticələrini özünə deməyiblər deyə yeni müalicə kursunu başlaya bilmir".

Məmmədli qeyd edib ki, analiz götürüləndə Ə.Məmmədliyə biopsiya müayinəsindən də keçirələcəyi deyilib: "Hətta bu analizi harada vermək istədiyini da soruşublar, amma, hələlik, heç bir nəticə yoxdur".

Ə.Məmmədlinin qardaşının bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədli martın 8-də həbs olunub. 

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 

O, ittihamı qurama sayır.

Müdafiə tərəfinin bildirməsinə görə, onun bir sıra xəstəlikləri ilə yanaşı, qalxanabənzər vəzində şiş var və bu, getdikcə böyüyür.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. 

Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. 

Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.