Əli Həsənov jurnalisti məhkəmə ilə hədələyib

Əli Həsənov jurnalisti məhkəmə ilə hədələyib

10-04-2023 16:16 / Bu xəbər 775 dəfə oxundu

Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov "Demokrat.az" xəbər saytının baş redaktoru Vasif Həsənlini məhkəməyə verir.

Bu barədə "Arqument.az"a Vasif Həsənli məlumat verib.

Vasif Həsənli bildirib ki, Əli Həsənov onunla əlaqə saxlayaraq, oğlu Şamxal Həsənli ilə bərabər baş redaktoru və saytı məhkəməyə verəcəyi barədə xəbərdarlıq edib. 

Baş redaktor V. Həsənli isə Əli Həsənova cavabında bildirib ki, Azərbaycanda hər kəsin məhkəməyə müraciət etmək hüququ var: "Əli Həsənova bildirdim ki, məhkəməyə müraciət etmək sizin müstəsna hüququnuzdur, buyurun verin. Fürsətdən istifadə edib, ona xatırlatdım ki, vaxtilə vəzifədə olduğu zamanlar mənə və ailəmə qarşı bütün təzyiqlərdən və qanunsuzluqlardan istifadə etmisiniz. Oğlu Şamxal Həsənli və qaynı Cəbrayıl Vəliyev başda olmaqla məni və ailəmi təhdid ediblər". 

"Bildirdim ki, Əli Həsənov, şəxsən sizə dəfələrlə oğlunuzun və qaynınızın qanunsuz əməlləri barədə müraciət etsəm də, qarşısının alınması üçün tədbir görməmisiniz. Könül istərdi ki, Əli Həsənov vəzifə başında olarkən də qanunun qədrini bilərdi", - deyə baş redaktor bildirib. 

"Arqument.az" Əli Həsənovla əlaqə saxlaya bilməyib.