Əli Kərimli: "Anaları aclıqla sınağa çəkməyin"

Əli Kərimli:

22-12-2023 01:18 / Bu xəbər 1834 dəfə oxundu

"Rejim bu yaşlı analardan nə istəyir?"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli jurnalistlər - Ülvi Həsənli, Sevinc Vaqifqızı və Əziz Orucovun analarının pensiya kartlarının bloklanmasına reaksiya verib. 

Bu barədə Kərimli "Feysbuk" hesabında yazıb. 

Hazırda həbsdə olan jurnalistlər - Ülvi Həsənli, Sevinc Vaqifqızı və Əziz Orucovun ailələrinə də bəzi məhdudiyyətlər tətbiq edilir. Belə ki, hər üç media təmsilçisinin anasının pensiya kartı məhkəmə qərarı ilə bloklanıb. 
Sevinc Vaqifqızının anası

AXCP sədri bu addımı antiinsani akt sayıb: 

"Rejim bu yaşlı analardan nə istəyir? Övladlarını şərləyib həbs etdirmək, gözlərini yaşlı qoymaq kifayət etmədimi? Övladları siyasi sifarişlə həbs edilmiş bu anaları üstəlik də, çörəyə möhtac etmək mənəviyyatsızlıq deyilmi? Hakimiyyət şərləyib həbs etdirdiyi Ülvi Həsənlinin, Sevinc Vaqifqızının, Əziz Orucovun analarının pensiya kartlarını da blokladıb. İndi nə etsin bu analar? Necə dolansınlar? Övladlarını həbs etdiyiniz bu anaları son ümidləri olan pensiyadan da məhrum etmək bütün hədlərin aşılmasıdır, qəddarlıqdır. Bu antiinsani hərəkəti xalqımız hamılıqla lənətləməlidir. Anaları aclıqla sınağa çəkməyin. Analardan əl çəkin!", - deyə Əli Kərimli qeyd edib. 
 
Əziz Orucovun anası

Son bir ay ərzində Azərbaycanda çoxsaylı jurnalistlər həbs olunub.

Onların arasında korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, saytın layihə rəhbəri Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalist Nərgiz Absalamova, bir sıra internet televiziyalarının əməkdaşı olan reportyor Teymur Kərimov, "Kanal 13”ün aparıcısı Rüfət Muradlı da var.