Əli Kərimli özü ilə bağlı hökmdən apelyasiya şikayət verib

Əli Kərimli özü ilə bağlı hökmdən apelyasiya şikayət verib

22-01-2025 15:24 / Bu xəbər 71 dəfə oxundu

Məhkəmə baxışı fevralın 6-na təyin olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Nəsimi Rayon Məhkəməsinin onun haqqında çıxardığı ittiham hökmündən apelyasiya şikayəti verib. 

Yanvarın 22-də Bakı Apelyasiya Məhkəməsində onun şikayəti üzrə ilkin baxış iclası keçirilib.

İlkin baxış iclasında Əli Kərimli iştirak etməyib. 

Məhkəmə baxışı fevralın 6-na təyin olunub.

2019-cu ildə AXCP-dən xaric olunmuş Aydın Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Nəsimi Rayon Məhkəməsi Əli Kərimlini Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 1500 manat cərimələyib. Bu şikayət də həmin hökmdən verilib.

Lakin Aydın Əliyev özü hökmdən narazı qalmayıb. 

O, apelyasiya şikayəti verməyib.

Aydın Əliyev iddiasında göstərib ki, Əli Kərimli müxtəlif internet kanallarında çıxışlarında ona böhtan atıb.

Əli Kərimli isə deyir ki, çıxışlarında böhtan, insan ləyaqətini aşağılayan heç nə olmayıb. 

Onun sözlərinə görə, dedikləri həqiqətdir və korrekt şəkildə ifadə olunub: "Açıq-aşkar partiyanın siyasi kursuna qarşı çıxıb. Rəyasət Heyəti də buna görə onu uzaqlaşdırıb”.

AXCP bu məhkəmə prosesinin hakimiyyətin sifarişilə başladıldığını bəyan edib.

"Hazırda hakimiyyət AXCP-ni qanundan kənar qoymaq, onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə istiqamətdə iş aparır. 

Bu işlərdə isə vaxtilə partiyanın fəal üzvü və Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, sonralar hakimiyyətyönlü ictimai fəaliyyətə başladığı üçün partiyadan xaric edilmiş Aydın Əliyevdən istifadə edir”, – partiyanın bəyanatında bildirilir.