Əli Kərimlinin 6 ay həbs olunması tələb edildi

Əli Kərimlinin 6 ay həbs olunması tələb edildi

13-08-2024 16:29 / Bu xəbər 559 dəfə oxundu

İddiaçıya vaxt verilib ki, ərizəsi ilə bağlı dəqiqləşdirmə aparsın

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmə prosesi başlayıb. 

Avqsutun 13-də Nərimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib.

Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə həbsini tələb edən isə 2019-cu ildə partiyanın Rəyasət Heyətinin qərarı ilə AXCP üzvlüyündən çıxarılan Aydın Əliyevdir.

Məhkəmədə məlum olub ki, Aydın Əliyev bir gün əvvəl şikayətinə əlavə göndərib.

Əli Kərimli və vəkili Fəxrəddin Mehdiyev bildirib ki, şikayətə əlavə onlara təqdim edilməyib, bu üzdən orada yazılanlardan xəbərsizdilər. 

Hakim onlara əlavəni də təqdim edib.

1961-ci il təvəllüdlü Aydın Əliyev şikayətinin icraata götürülərək baxılmasını, Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1 maddəsilə təqsirli bilinib, 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Aydın Əliyev bildirib ki, Əli Kərimli müxtəlif internet kanallarında, AXCP Ali Məclisinin toplantısında onun etibarını itirdiyini, hökumətpərəst siyasətinə görə partiyadan xaric edildiyini, daha sonra hakimiyyətin məhkəmələrin əliylə onu zorla partiyaya bərpa etdirdiyini deyib. 

Əli Kərimli onu da bildirib ki, hakimiyyət Aydın Əliyevin vasitəsilə – onun məhkəmədə qaldırdığı iddia əsasında AXCP-nin keçirdiyi qurultayın nəticələrini ləğv elətdirib: "Bilə-bilə böhtan atıb, şərəf və ləyaqətimi təhqir edib”.

Aydın Əliyev məhkəməyə yaddaş kartı təqdim edərək bildirib ki, içində Əli Kərimlinin onun haqqında çıxışları yer alıb.

Əli Kərimlinin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, Aydın Əliyevin iddiası icraata qəbul edilib baxıla bilməz. Çünki şikayət Cinayət-Prosessual Məcəllənin 293-cü (böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayətin verilməsi) maddəsinə uyğun hazırlanmayıb: "Birinci şikayət lap primitivdir. Şikayətə əlavədə bir qədər əl gəzdiriblər, düzəldiblər, amma yenə də qanunun tələblərinə ziddir və bu vəziyyətdə məhkəmə onu icraata qəbul edə bilməz. Qanunun tələbinə görə, cinayətin baş verdiyi yer, vaxt, şəxsin özünün haqqında bütün məlumatlar şikayətdə əksini tapmalıdır”.

Hakim Babək Pənahov Aydın Əliyevə vaxt verib ki, iddia ərizəsilə bağlı dəqiqləşdirmələr aparsın, lazım olan məlumatlar tapılıb əlavə olunsun. Həmçinin yaddaş kartında Əli Kərimlinin çıxışlarından ibarət görüntülər diskə köçürülərək, məhkəməyə təqdim olunsun.

Məhkəmənin hazırlıq iclası avqustun 19-da davam edəcək.

AXCP bu məhkəmə prosesinin hakimiyyətin sifarişilə başladıldığını bəyan edib.

"Hazırda hakimiyyət AXCP-ni qanundan kənar qoymaq, onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə istiqamətdə iş aparır. Bu işlərdə isə vaxtilə partiyanın fəal üzvü və Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, sonralar hakimiyyətyönlü ictimai fəaliyyətə başladığı üçün partiyadan xaric edilmiş Aydın Əliyevdən istifadə edir”, – partiyanın bəyanatında bildirilir.

Meydan TV