Əli Kərimlinin məhkəməsi “COP-29”dan sonraya saxlanılıb

Əli Kərimlinin məhkəməsi “COP-29”dan sonraya saxlanılıb

23-10-2024 17:01 / Bu xəbər 561 dəfə oxundu

AXCP bu qərarın siyasi sifariş olduğunu deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi tələbiylə 3 aydır ki, davam edən məhkəmə prosesi təxirə salınıb.

Məhkəmənin növbəti iclası oktyabrın 22-nə təyin olunsa da, iclasın başlanmasına az qalmış Əli Kərimliyə xəbər verilib ki, proses təxirə salınır.

Partiyadan Meydan TV-yə bildirilib ki, məhkəmədən iclasın nə vaxta təxirə salınması barədə heç bir məlumat verilməyib: "Yalnız onu deyiblər ki, proses qarşı tərəfin – Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmış tərəfin istəyilə təxirə salınıb. Öncə ehtimal olundu ki, yəqin, bir neçə günlük, uzağı bir həftəlik ola bilər. Axşam isə xəbər tutduq ki, məhkəmə prosesi ay yarımlıq ertələnib”.

Əli Kərimlinin işi üzrə Nəsimi Rayon Məhkəməsində davam edən prosesin növbəti iclası dekabrın 2-nə təyin olunub.

AXCP hesab edir ki, məhkəmə prosesinin ay yarım sonraya təxirə salınması təsadüfi deyil.

"Hesab edirik ki, oktyabrın 22-də məhkəmənin keçirilməməsi də məqsədli şəkildə olub. Guya qarşı tərəfin istəyilə təxirə salınma da bəhanədir. Prosesi bilərəkdən ay yarım – "COP 29”dan sonraya təxirə salıblar. Düşünürlər ki, tədbir bitsin, prosesin Əli Kərimli ilə bağlı qərar verərik. Bu, birmənalı şəkildə siyasi sifarişin nəticəsidir”, – AXCP-dən belə deyilib.

2019-cu ildə AXCP-dən xaric olunmuş Aydın Əliyevin Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya Nəsimi Rayon Məhkəməsində baxılır.

Aydın Əliyev iddiasında göstərib ki, Əli Kərimli müxtəlif internet kanallarında çıxışlarında ona böhtan atıb.

O, AXCP sədrinin Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsilə cəzalandırılmasını tələb edir.

Əli Kərimli isə deyir ki, çıxışlarında böhtan, insan ləyaqətini aşağılayan heç nə olmayıb.

Onun sözlərinə görə, dedikləri həqiqətdir və korrekt şəkildə ifadə olunub: "Açıq-aşkar partiyanın siyasi kursuna qarşı çıxıb. Rəyasət Heyəti də buna görə onu uzaqlaşdırıb”.

AXCP bu məhkəmə prosesinin hakimiyyətin sifarişilə başladıldığını bəyan edib.

"Hazırda hakimiyyət AXCP-ni qanundan kənar qoymaq, onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə istiqamətdə iş aparır. Bu işlərdə isə vaxtilə partiyanın fəal üzvü və Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, sonralar hakimiyyətyönlü ictimai fəaliyyətə başladığı üçün partiyadan xaric edilmiş Aydın Əliyevdən istifadə edir”, – partiyanın bəyanatında bildirilir.