Əliyev hakimiyyəti üçün statistika təbliğat vasitəsidir

Əliyev hakimiyyəti üçün statistika təbliğat vasitəsidir

15-06-2020 19:50 / Bu xəbər 2332 dəfə oxundu

Yadigar Sadıqlı

Artıq söyləmək olar ki, Azərbaycan hakimiyyəti koronavirusla mübarizədə ağır məğlubiyyətə uğradı. Hərçənd insafla danışsaq, çalışmadıqlarını söyləmək olmaz, bir şeylər etmək istədilər. Amma məğlubiyyətə məhkum idilər, çünki bu məğlubiyyətin əsası daha əvvəlki dövrdə qoyulub. Səbəblər çoxdur, bəzilərini sadalayım.

Birisi, hökumətin əhali arasındakı etimadının yerlərdə sürünməsidir. Məsələ hətta hökumətin dediklərinə inanmamaq kimi banal səviyyədə deyil. Daha bərbaddır, insanlar əmindirlər ki, hökumət əgər bir şey deyirsə, onların ziyanına deyir, bir addım atırsa, onların ziyanına atır. Buna görə xalqı günahlandırmaq da olmaz. 

Hakimiyyətin 27 illik mahiyyəti bundan ibarət olub. İndi zərurət üzündən əks addımlar atanda insanlar inanmırlar. Buraya İbrahim Məmmədov kimi peşəkar yalançının OQ-ın sözçüsü seçilməsi kimi taktiki yanlışlıqları da əlavə etmək olar. 

Nəticədə bütün cəhdlərinə baxmayaraq, hökumət insanları virusun mövcudluğuna, atdığı addımların zəruriliyinə inandıra bilmədi. Əhali də altdan-altdan bu addımları sabotaj etdi.

Başqa bir səbəb hakimiyyətin mahiyyətcə bu mübarizəyə hazır olmamasıdır. Bu hökumət heç vaxt əhaliyə qayğı göstərmək kimi bir funksiya daşımayıb. İndi belə bir ehtiyac yarandıqda, buna hazır olmadı. Çünki bunun üçün heç nəyə malik deyildi. Primitiv təcrübə yox idi. Hökumət üçün əsas informasiya mənbələrindən biri, hər hansı siyasəti planlaşdırarkən istinad edəcəyi şey – statistikadır. 

Əliyev hakimiyyəti üçün isə statistika təbliğat vasitəsindən başqa bir şey olmayıb. Saxta statistika ilə yoxsulların və işsizlərin sayı azaldılıb, əhalinin həyat səviyyəsi yüksək göstərilib, hətta ünvanlı sosial yardımı şərik yemək üçün kasıb ortabab kimi, ortabab isə kasıb kimi göstərilib. Buna görə də fors-major halda – pandemiya dövründə hökumətin normal sosial qayğı göstərə biləcəyi mümkünsüz idi.

Bunun başqa bir tərəfi də kadr siyasətidir. Nepotizm (yerlibazlıq, qohumbazlıq) fəlakətli həddədir. Vəzifələrə az-çox işləmək qabiliyyəti olanlar deyil, əlaqələri olanlar təyin edilirlər. Son dövrdə elə Biləsuvar icra başçısının timsalında hakimiyyət özü bu siyasəti ifşa etdi. 

Adi dövrdə belə siyasətin fəsadı o qədər də hiss olunmur (hərçənd, elə o zaman da xeylidir), fövqəladə halda isə fəlakətli şəkil alır. Hakimiyyətin atmaq istədiyi addımlar da bu kadrlarda ilişib qalır. Bir əlavə də edim ki, bütün dünyada pandemiya dövründə bircə dəfə də ortaya çıxıb bir söz deməyən yeganə səhiyyə naziri yəqin ki, bizdədir.

Dəfələrlə, müxtəlif hadisələr əsasında "korrupsiya öldürür” yazmışıq. Məsələn, Binəqədidə yanan bina ilə, səhiyyə ilə, sərnişindaşıma ilə bağlı demişik bunu. Azərbaycanın 27 il ərzində, xüsusən də böyük neft pullarının daxil olduğu son 15 ildə misli görünməmiş talanı koronavirusla mübarizədə məğlubiyyətin səbəblərindən biridir. 

Məhz bu talan nəticəsində dövlətin iqtisadi gücü sərt karantin rejimini davam etdirməyə imkan vermədi. Davam edilsəydi, iqtisadi kollaps yaşanacaqdı. O dəhşətli korrupsiya olmasaydı, iqtisadi cəhətdən indikindən qat-qat güclü olardıq və hələ bir neçə müddət sərt rejimi saxlaya bilərdik.

Beləliklə, bu mübarizədə qalib gəlmək fürsətimiz əvvəldən yox idi.

Hamımıza keçmiş olsun.