Əliyev Polşa prezidentindən zəif deyil, azı 16 dəfə turnikdə dartına bilir...

Əliyev Polşa prezidentindən zəif deyil, azı 16 dəfə turnikdə dartına bilir...

30-12-2021 12:40 / Bu xəbər 1321 dəfə oxundu

Aynur Elgünəş

Güclü lider yumruğuna heykəl qoydurana deyilmir. Güclü liderin ölkəsində azad mətbuat, güclü müxalifət və vətəndaş cəmiyyəti olur. 

Mən hələ ədalətli məhkəmə sistemini-filan bir kənara qoyuram, onları heç görməmişik. Amma yuxarıda sadaladığım 3 sahəni ki görmüşük. Özü də uzaq keçmişdə deyil, elə prezidentin atası Heydər Əliyevin dövründə.
 
Əliyevlərə heç vaxt simpatiyam olmayıb. Haqlarında bir cümlə belə xoş söz yazmamışam. Nəinki onların, iqtidarda olan heç kimin. Bundan sonra da kimliyindən asılı olmayaraq yazmaram, mənim işim hökumətə nəzarət etməkdir, mirzəlik etmək yox. 

Bununla belə, fakt odur ki, 98-ci ildə senzuranın ləğvi azad media təmsilçilərinin gücünü göstərdi. 

Heydər Əliyev öz gücünə bələd idi deyə ictimai rəylə az-çox hesablaşırdı. Müxalifətlə belə rəftar etmirdi və ən əsas güclü vətəndaş cəmiyyəti formalaşmışdı. 

İlham Əliyev hətta 1 dəfə də turnikdə dartına bilməsə belə, istədiyini döyə, vura bilər. Ondan güclülərin heç biri əlini qaldırıb özünü müdafiə etməz. Demokratik prezidentin gücü nə biləyindədir, nə polisində, hərbisində. Qurduğu cəmiyyətdədir.

İlham Əliyevin rəhbəri olduğu hakimiyyət vətəndaş cəmiyyətini, müxalifəti öldürdü, sabah da medianı edam edəcək. Və bir gün gələcək, elə ona mirzəlik edən adamlar tarixin səhifələrinə adını diktator kimi yazacaq. 

P.S. Ümid üçün deyim, İlham Əliyev Polşa prezidentindən zəif deyil, ən azı 16 dəfə turnikdə dartına bilir...