Əliyev Trampı təbrik etdi: “İnanırıq…”

Əliyev Trampı təbrik etdi: “İnanırıq…”

06-11-2024 18:05 / Bu xəbər 393 dəfə oxundu

Azərbaycan Prezidenti ABŞ ilə münasibətləri genişləndirmək niyyətində olduğunu deyib

Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Əliyev təbrik məktubunda qeyd edib ki, Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir: "Siz birinci prezidentlik dövrünüzdə Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim”.

"Biz Birləşmiş Ştatlarla qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaq”, – deyə Əliyev əlavə edib.

O bildirib ki, Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək: "Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Oktyabrın 23-də Donald Tramp Prezident seçiləcəyi təqdirdə Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyini bildirmişdi.

Bu barədə "Truth Social” sosial media səhifəsində yazan Donald Tramp Qarabağı "Artsax” kimi təqdim edib.

O həmçinin 120 min erməninin təqiblərə məruz qalaraq Qarabağdan deportasiya edildiyini yazıb: "Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və "Artsax”dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin Prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar. Mən Prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm”.

Həmçinin iyulun 20-də Azərbaycan Prezidenti Şuşada keçirilən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” adlı Media Forumunda çıxış edərkən Bakı-Vaşinqton əlaqələrinin Donald Trampın prezidentliyi dövründə səmərəli olduğunu demişdi:

"Bizim əlbəttə ki, Respublikaçılar hakimiyyəti ilə əlaqələrimiz nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü olub. Eyni zamanda, Prezident Trampın dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Onlar qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi”.