Əliyevin çıxışından sonra yeni "soyuq savaş": Paris və Bakıda səfirlər XİN-ə çağırılıb

Əliyevin çıxışından sonra yeni

20-11-2024 17:00 / Bu xəbər 64 dəfə oxundu

"Azərbaycan Fransaya düşmənçilik hərəkətlərinə son qoymalıdır”

Noyabrın 19-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan səfiri Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un açılışındakı çıxışı zamanı Fransanın ünvanına səsləndirdiyi fikirlərdən sonra dəvət olunub.

Əliyevin bu çıxışından sonra Fransanın energetika, iqlim və risklərin qarşısının alınması naziri Anyes Pannye-Runaşe BMT-nin iqlim konfransında iştirak etmək üçün nəzərdə tutuduğu Bakı səfərini ləğv etmişdi.

Fransa XİN-in bəyanatında həmçinin COP29 kontekstində Azərbaycan rəhbərliyinin Fransa və avropalılara qarşı söylədiyi fikirlər "qəbuledilməz” adlandırılıb.

Qeyd olunub ki, Azərbaycan Fransaya düşmənçilik hərəkətlərinə son qoymalıdır.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon da Bakıda XİN-ə çağırılıb.

Bu, Azərbaycanın səfiri Leyla Abdullayevanın Fransa Xarici İşlər Nazirliyinə çağırılasından sonra baş verib.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

XİN qeyd edib ki, COP29 ərəfəsində Fransanın Azərbaycanı hədəfə alan bəyanatları ilə bağlı qarşı tərəfə etiraz bildirilib.

Həmçinin Azərbaycanın ev sahibliyi etdiyi  COP29 konfransının boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin qəbuledilməz edildiyi səfirin diqqətinə çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də COP29-dakı çıxışında Fransanı keçmiş müstəmləkələrinin təbii sərvətlərini və əhalisini məhv etməkdə ittiham edib.

O həmçinin Fransa Prezidenti Makronu hazırda bu siyasəti davam etdirməkdə ittiham edib.