Əlizadənin travması

Əlizadənin travması

09-01-2019 01:43 / Bu xəbər 2011 dəfə oxundu

Şəmşad Ağa
 
Pedaqoqlara görə, insanın formalaşması üçün üç amil vacib şərtdir:

- irsiyyət,
- tərbiyə,
- mühit.

Şərq didaktikasında da bu üç amilə xüsusi önəm verilib. Sadə izah etməyə çalışacağam. Əgər insanda genetik - irsi bir natamamlıq olubsa, bu, mütləq hansısa məqamda büruzə verməlidir.

Məsələn, Füzuli deyirdi:

Hər kimin var isə zatında şərarət küfrü,
İstilahati-ülum ilə müsəlman olmaz.
Eyləsən tutiyə təlim ədayi-kəlimat,
Nitqi insan olur, əmma özü insan olmaz.

Əxlaq və tərbiyə fərqli anlayışlardır: tərbiyə fərdi, əxlaq ictimai davranışdır. Tərbiyə evdən başlayır və ictimai məzmun kəsb edəndə əxlaqa çevrilir.

Mühit isə çox ciddi faktordur, tərbiyə və əxlaqa birbaşa nüfuz edə bilir. Belə olan halda, Tusi "əxlaqı pozan mühit”ə qarşı ləyaqət anlayışını hipotez kimi qoyurdu. Şərqşünas ailəsində dünyaya gəldiyinə görə, Araz Əlizadə bunları bilməmiş deyil, amma mahiyyəti hər üç şərtə uyğun gəlmədiyi üçün özü də natamamlıq kompleksi yaşayır.

Yəni Araz evdən cəmiyyətə, cəmiyyətdən təcrid olunaraq, düşdüyü mühitə bu travma ilə gəlib. Bu, onda dərk etdiyi faciənin, BDU-nun məşhur iclasındakı "Mən təklif edirəm ki, bundan sonra hər kəs öz ... ilə məşğul olsun" tragikomik təklifin və s. travmasıdır.

Ona görə də Arazın Mehman Hüseynovun ailəsi, anası haqqında səsləndirdiyi fikirlərə təəccüblənmək lazım deyil. Bu həm də ona bu səlahiyyəti verən iyerarxiyanın bütövlükdə Azərbaycan cəmiyyətinə münasibətidir. Bu, ona mandat verənlərin mahiyyətinin Arazın simasındakı təzahürüdür. Utanmalı biri varsa, ona bu mandatı, səlahiyyəti verənlərdir...

Araz kimi insanların xəcalət hissi olmur, insanda xəcalət hissi öləndə ondan hər şey gözləmək olur, çünki xəcalət hissinin ölməsi mənəvi aşınma, sərhədsizlikdir...

İndi də gələk, Mehmanın üzünə duran zabit haqqında sosial şəbəkələrdə deyilənlərə.

Ciddi və haqlı qınağa tuş gəldi Əli Abdalov. Amma bunu birmənalı qarşılanmayanlar da oldu, ona edilən təhqirlərə qarşı çıxanlar da. Ümumiyyətlə, təhqir yolverilməzdir, yəni şəxslərin cinayəti və ya səhvinə görə onların ailə üzvləri haqqında təhqiramiz fikirlər səsləndirmək doğru deyil. Amma insanların qarşısında hüquqi məsuliyyəti və ictimai öhdəlikləri olan şəxslər ən sərt formada tənqid oluna bilər.

Bəs Əli Abdalov bu qınağı haqq etmişdimi? Bəli, hakimiyyət belə məqamlarda bu insanlardan istifadə edirsə, ictimai qınaq vacibdir.

Məncə, bu suala Sergey Dovlatovun bir fikri ilə daha əsaslı cavab vermək olar: "Biz bütün günü haqlı olaraq, yoldaş Stalini söyürük. Amma bir nəfər də çıxıb soruşmur ki, bəs bu dörd milyon donosu yazan kim idi?"..