Elnarə Qasımova ev dustaqlığına buraxılmadı

Elnarə Qasımova ev dustaqlığına buraxılmadı

25-01-2024 20:11 / Bu xəbər 654 dəfə oxundu

Yanvarın 25-də "Abzas Media” işi üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatət təmin edilməyib.

Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyilə keçirilən prosesdə  jurnalistin həbs olunması ilə bağlı qərar qüvvədə qalıb.

O, bu iş üzrə həbs edilən altıncı jurnalistdir.

"Abzas Media” işi üzrə noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər. 

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onların həbslərini siyasi qərar adlandırıb və jurnalistlərin azad olunmasına çağırıb.(Abzas Media)
Foto: Fərqanə Novruzova