Əlyazmalar İnstitutunun kim idarə edir?
23-01-2025 19:17 / Bu xəbər 145 dəfə oxundu
Azərbaycan Milli elmlər Akademiyasının Əlyazmalar İnstitutunun işçilərinin sayı rəsmi olaraq 291 nəfərdir.
Bu rəqəm AMEA Rəyasət Heyətinin hesabatlarında 244 nəfər olaraq göstərilir.
Yəni adları işdə gedib özləri gəlmir və həmin şəxslərin maaş kartları Hüseyn Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlıda olur və maaşları o alır.
Bu barədə məlumat Arqument.az-ın elektron poçtuna göndərilən məktubda deyilir:
"AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu illərdir direktor akademik Teymur Kərimli deyil, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya elmləri doktoru, dosent Gülbəniz Babaxanlı idarə edir. G.Babaxanlı institutda at oynadaraq "Teymur Kərimli kimdir ki? Əsas mənəm və mənə itaət etməlisiniz” deyir.
İnstitutun işçilərinin sayı rəsmi olaraq 291 nəfər olmasına baxmayaraq, bu rəqəm AMEA Rəyasət Heyətinin hesabatlarında 244 nəfər olaraq göstərilir. Yəni adları işdə gedib özləri gəlmir və həmin şəxslərin maaş kartları G.Babaxanlıda olur və maaşları o alır. G.Babaxanlı adı gedib özləri işdə olmayan həmin şəxslərin adına ezamiyyət, pul mükafatları yazaraq, hətta dərəcələrini normadan artıq qeyd etdirərək külli miqdarda pul mənimsəyir.
Qanuniləşdirmək üçün həmin şəxslərin hər gün səhər saatlarında turniket kartları işçilər işə gəlmədən öncə kimə tapşırılıbsa onun tərəfindən vurulur. Rəsmi hər gün işə gələn işçilərin də adına bir maaş həcmində premyalar yazaraq kartdan çıxarıb ona verilməsini tələb edir. Araşdırılsa görünər ki, həmin işçilərin çoxu texniki işçilərdir elmlə məşğul olmurlar. Ölkədaxili ezamiyyətlər heç bir rayonlara getmədən ezamiyyə vərəqələrinə hansısa rayon təşkilatlarında möhür vurularaq həll edilir. Təbii ki, o pulları da G.Babaxanlı şəxsən özü mənimsəyir.
Xarici ezamiyyətlərdə isə elmlə, tədqiqatla məşğul olan işçilərə "büdcədə pul yoxdur” deyərək ezamiyyət xərclərini ödəmir, lakin xaricə həkimə, istirahətə gedən texniki işçilərə, laborantlara ezamiyyət pulları yazaraq həmin pulların çıxarılıb özünə verilməsini tələb edir. Qanuniləşdirmək üçün yalandan guya təlimdə və ya muzeydə sərgidə iştirak edib tipli hesabatlar yazılır. Lakin həmin şəxslərin sosial şəbəkə hesabları araşdırılsa məlum olar ki, əslində istirahətə gedən şəxslərə ezamiyyə yazılır. Bunu hətta öz istirahəti üçün də ezamiyyə yazdırması da sübut edir.
Aylar öncə katirovka məsələsi ilə bağlı korrupsiyada adı hallanan G.Babaxanlı məhkəmə işi davam etməsinə baxmayaraq, yenidən bu məsələdə korrupsiyadan əl çəkmir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tender elanı verilir, lakin G.Babaxanlının anlaşdığı şirkət qalib olmadığı halda tender ləğv edilir və 1 həftə sonra yenidən elan verilir, ta ki, razılaşdırılan şirkət qalib gələnə kimi. Bu rəsmi sənədlərdə də öz əksini tapır.
Qalib gələn şirkətlə birlikdə institutda Elmi Şuranın qrifi ilə çap olunacaq kitabların nəşri həyata keçirilir. Bu pulları təbii ki, G.Babaxanlı şəxsən özü mənimsəyir. Lakin əməkdaşlara onların kitablarının nəşri üçün büdcədə pul olmadığı deyilir və nəşr xərclərini işçilər özləri qarşılayır. G.Babaxanlı isə rəsmi sənədlərdə həmin kitabların institut tərəfindən nəşr edildiyini qeyd edib, dövlətin ayırdığı pulu mənimsəyir. Təkcə son ildə 27 min manat mətbəə xərci olub. Halbuki, heç bir əməkdaşın kitabı institut tərəfindən nəşr edilməyib.
Bundan başqa, layihələrdə daim G.Babaxanlının yaxın bildiyi insanlar, adları gedib özləri işdə olmayan əməkdaşlar iştirak edir. Hətta hər gün işə gələn əməkdaşlar belə layihədə iştirak edirsə oradan aldığı maaşı G.Babaxanlıya təqdim etməlidir. Bütün maliyyə işlərində G.Babaxanlıya institutun baş mühasibi Leyla Cavadova yaxından köməklik göstərir. Çünki o da bu məsələlərdən öz faizini alır.
G.Babaxanlı öz qohumlarını institutda yüksək vəzifələrə gətirərək işə gəlməmələrinə baxmayaraq, yüksək məvaciblər yazdırır. İnstituta işə qəbul da 10-15 min manat aralığında pul verməkdən keçir. Son vaxtlar insititutda ixtisaslaşmış kadrlar gözüm-çıxdına salınır. Əvəzində institutun profilinə uyğun olmayan müxtəlif ixtisaslardan insanlar işə qəbul edilir.
Əlyazmalar İnstitutunda araşdırma aparan barmaqla sayılan bir neçə ixtisaslı kadr var, elə tədqiqatları da onlar aparır. Digər işçiləri isə əlini qolunu sallayıb gəzir. İşə qəbul məsələsində isə G.Babaxanlıya institutun Həmkarlar İttifaqının sədri filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva yaxından kömək edir. O da bu məsələdə öz faizini alır.
S.Əliyeva yaxın müddətə qədər institutun direktoru müavini vəzifəsinə qədər yüksəlmiş, lakin korrupsiya məsələsinə görə şikayətlər olduğu üçün vəzifədən azad edilmişdir. Hazırda institutun direktor müavini vəzifəsi aylardır boşdur.
G.Babaxanlının muzeydəki vəzifə müddəti cari ilin 1 mart tarixinədək qüvvədədir. Əgər Mədəniyyət Nazirliyi G.Babaxanlını bu il martın 1-də Hüseyn Cavidin Ev Muzeyinə direktor olaraq təyin etməsə, Əlyazmalar İnstitutuna direktor müavini keçmək istəyir. Həmin yeri də özü üçün alternativ olaraq saxlatdırıb. Əlyazmalar İnstitutunun möhürü və T.Kərimlinin ştamp tipli imzası da G.Babaxanlıdadır".
Gülbəniz Babaxanlının bacısı Aybəniz Kəngərli uzun illər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini vəzifəsində çalışıb.