Emin İbrahimov aclıq aksiyasını dayandırıb
13-08-2024 01:40 / Bu xəbər 674 dəfə oxundu
Həbsdə olan keçmiş diplomat – Azərbaycanın ABŞ-dakı səfirliyində, Uruqvaydakı diplomatik missiyada çalışmış Emin İbrahimov 20 gündür davam etdirdiyi aclığı avqustun 12-də dayandırıb. Bu barədə onun yaxınları məlumat verib.
Yaxınları deyir ki, avqustun 12-də ailəsilə əlaqə saxlayan Emin İbrahimov özü telefon söhbətində aclığı dayandırdığını xəbər verib.
Keçmiş diplomatın istintaq təcridxanasında aclıq aksiyası keçirdiyini Penitensiar Xidmət də təsdiqləmişdi. Bu qurumdan verilən məlumatda bildirilirdi ki, Emin İbrahimov iyulun 28-də aclıq aksiyası keçirməsi barədə ərizə ilə müraciət edib.
Emin İbrahimov ölkədə insanların hüquq və azadlıqlarının boğulmasına, seçkilərin saxtalaşdırılmasına etiraz olaraq, 2020-ci ildə Xarici İşlər nazirinə ərizə yazaraq, belə bir vəziyyətdə işləmək istəmədiyini vurğulayıb, diplomatik xidmətdən azad olunmasını istəyib. O, sosial media hesablarındakı paylaşımlarında, müsahibələrində hökumətin siyasətini tənqid edirdi.
Keçmiş diplomat iyulun 22-dən həbsdədir.
O, metronun "Xalqlar dostluğu” stansiyasının yaxınlığında Kamal Şükürov adlı birinə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir.
Emin İbrahimov bu ittihamın saxta olduğunu, həbs edilməsi üçün öncədən planlaşdırılmış ssenari həyata keçirildiyini bildirib. Hesab edir ki, bıçaqlandığı iddia olunan Kamal Şükürovdan da bu ssenarinin həyata keçirilməsində istifadə olunur.
"Mən diktatura rejiminin qurbanıyam”, – Emin İbrahimov barəsində həbs qərarı verilən məhkəmədə belə deyib.
Emin İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Keçmiş diplomat bildirib ki, iyulun 22-də "Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında mənzilinin təmiri ilə əlaqədar evinə gedəndə bir nəfər qəfildən onun üstünə gəlib və paltarlarını cırmağa başlayıb. Bundan dərhal sonra o yerdə mülki geyimli polislər peyda olub və onu saxlayıb, Nizami rayonu, 24-cü polis bölməsinə aparıblar. Orada iddia olunub ki, Emin İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlayıb.
Azərbaycanda son illərdə bir sıra fəallar bıçaqla kiməsə xəsarət yetirməkdə təqsirləndirilərək həbs olunsalar da, onlar ittihamı qəbul etmirlər. Deyirlər ki, bıçaqlandığı iddia olunan şəxslərə nəinki xəsarət yetirmək, hətta toxunmayıblar. Onlar əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiyəddin Məmmədov da var.
Onlar tələb ediblər ki, hadisənin baş verdiyi iddia olunan ərazidəki kameraların görüntülərinə baxılsın. Lakin bu işlərin heç birində kamera görüntülərinə baxılmayıb.