Ən passiv deputatın varidatı: "Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi...
20-08-2024 13:13 / Bu xəbər 688 dəfə oxundu
"Azərbaycanda ən passiv deputat, seçicilərin dərdlərini dinləməyən, onların problemlərinə laqeyd qalan deputat kimdir?” müsabiqəsi keçirilərsə, yəqin ki, bu nominasiyada şəriksiz olaraq İmamverdi İsmayılov qalib gələrdi.
30 ildir ki, deputat olan bir şəxsin siyasi fəaliyyətinə bu qədər uyğun, mütənasib başqa qiyməti vermək mümkün deyil.
İ.İsmayılov bu illər ərzində millət vəkili seçildiyi dairədən olan və məcburi köçkün həyatı yaşayan seçicilərinə qarşı biganəliyi ilə tanınan, mənfi keyfiyyətləri özündə əks etdirən deputat kimi yaddaşlarda qalıb.
İ.İsmayılov Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin bütün çağırışlarının deputatı olub.
İlk dəfə 1995-ci ildə deputat seçilib.
Daha sonra 2000-ci, 2005-ci, 2015 və 2020-ci illərdə keçirilən seçkilərin ardından parlamentə düşmək imkanı qazanıb.
İ.İsmayılov hər dəfə parlamentə keçirilən seçkilərdə eyni dairədən - Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilib.
2024-cü ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə də onun namizədliyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən irəli sürülüb.
Seçicilər İsmayılovun üzünü yalnız seçki dövründə görürlər.
O, hər seçki kampaniyasında adi, şablon görüşlər təşkil edir, seçicilərə "quru” vədlər verir.
İ.İsmayılov Milli Məclisin passiv deputatlarından biridir. Onun 30 ilə yaxın deputatlığı dövründə cəmi bir-iki dəfə danışdığına dair məlumat var.
Parlamentin bütün iclaslarında cari məsələlərin, eləcə də qanun layihələrinin müzakirəsi zamanı İsmayılovun səsi eşidilmir, onun bir deputat kimi fəaliyyəti görünmür.
Davamlı deputat seçilən İsmayılov deputat kimi ümidləri doğrultmamaqla yanaşı özünün və ailə üzvlərinin adı qanunverici orqanın üzvünə yaraşmayan davranışlarda hallanır.
İsmayılovun millət vəkili imkanlarından istifadə edərək bahalı daşınmaz əmlaklara sahib olduğu, ailə üzvlərinin bu təminatdan faydalanaraq gizli biznes fəaliyyətini təşkil etdiyi bildirilir.
İsmayılovun adı, daha çox, biznes fəaliyyəti və qaranlıq işlərdə hallanır. Ayrı-ayrı vaxtlarda mediada yayılan məlumatlara əsasən, deputatın sahib olduğu daşınmaz əmlakın böyük hissəsi Sumqayıtda və yaxın rayonlardadır. Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanları mövcuddur. Quba rayonunda "Retro” adlı istirahət mərkəzinə sahib olduğu deyilir.
Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının, Saray və Novxanı kəndlərində bir neçə dəbdəbəli bağ evinin olduğu haqqında da məlumatlar yayılıb.
İ.İsmayılov ailə üzvlərinin vasitəsilə avtomobil və nömrə satışı biznesi ilə də məşğul olur. İ.İsmayılovun bu biznesini oğlu İlkin İsmayılov idarə edir.
Yeri gəlmişkən qeyd edək ki, oğul İsmayılovun adı qalmaqallı qətl işinə də qarışıb.
Qubada hoteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobilin də İsmayılovlara məxsus 999 seriyası daşıdığı məlum olmuşdu.
Bu kimi faktlara görə İ.İsmayılovun 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərdə deputat seçilmək imkanları sual altında idi, amma İ.İsmayılov haqqında formalaşan neqativ fikirlərə baxmayaraq, millət vəkili seçildi.
O, yenidən namizəddir. İ.İsmayılovun bu dəfə də seçiləcəyi təqdirdə bir deputata yaraşan şəkildə fəaliyyət göstərəcəyi inandırıcı deyil. Gərək bir deputat öz üzərinə düşən vəzifələri layiqi ilə yerinə yetirə, malik olduğu səlahiyyətlərdən düzgün istifadə edə...
Deputat, xalqın nümayəndəsidir, o, seçildiyi dairədən Milli Məclisə göndərilən elçidir.
Deputatların əsas işi qanunvericilik prosesində iştirak etmək, qanunvericilik təşəbbüsünü həyata keçirmək, deputat sorğusu vermək, məlumat almaq və yaymaq, seçildiyi bölgənin və ölkənin parlamentdə maraqlarını müdafiə etməkdir.
İ.İsmayılovun əvvəlki deputat fəaliyyətində bu əlamətlərin heç biri görünmədi. Yəqin ki, bu seçkidə seçicilər bu nüansları nəzərə alacaq.
Mənbə:sfera.az