Epistemoloji inqilabı kim edəcək?
13-12-2023 02:08 / Bu xəbər 3049 dəfə oxundu
Və ya vasitələri kim bahalaşdıracaq?
Samir Sultanov
Son dönəmlərdəki həbslər, daha sonra növbədənkənar prezident seçkilərinin təyin olunması ölkənin ictimai-siyasi həyatında iştirak edən və maraqlanan insanlar arasında yeni müzakirələr başladıb.
Bir müddət əvvəl Xalid Bağırov "Epistemoloji inqilabın anatomiyası: siyasi həbslər və vasitələr nəzəriyyəsi” yazısında bir sıra məqamlara toxunur və bu vəziyyətdə nə edə biləcəyimizi deyir.
Gecikmiş olsa da, Xalid bəyin fikirlərinə qayıdıb, ona suallar vermək istəyirəm.
İlk olaraq onu deyim ki, yazının birinci hissəsində toxunulan məqamlarla razılaşmamaq olmaz. Bəli, "Möhkəm olun, xaric bizə kömək edəcək” fikri, bəlkə də, Azərbaycanın ictimai-siyasi diskursunda yayılan ən səhv tezislərdən biri idi.
Uzun illər Azərbaycanın müxalif camiəsinin siyasi həbslərin İlham Əliyev hakimiyyəti üçün ancaq beynəlxalq səviyyədə baha başa gələcək bir amilə çevrilə biləcəyi haqqında iddialarının necə puç olduğunu gördük.
Xalid bəyin də qeyd etdiyi kimi, həmin bu siyasi həbslər, sadəcə olaraq Qərblə "alver” predmetinə çevrildi. Ancaq bu "alverin” müsbət tərəfi ən azından odur ki, heç olmasa kimlərinsə həbsdən çıxmasına səbəb olmuşdu. Digər tərəfdən bunun vasitəsilə İlham Əliyev özü üçün də bir çox qazanclar da əldə edib.
"Qərb kimdir?”
Bu hissədə deyilən fikirlərə iki əlli qatılaraq məni maraqlandıran əsas məqama keçmək istəyirəm. Sadəcə, əlavə edim ki, Qərb adlandırdığımız aktordan heç nə gözləməyə dəyməz, çünki adamların heç bizə borcu da yoxdur. Edə biləcəyimiz nəsə varsa, o da bizim öz əlimizdədir. Necə deyərlər: "Qonşuya ümid olan şamsız qalar!"
İndi isə gələk suda batanların hayına, elə öz hayımıza.
Yenə də, Xalid bəy, sizinlə razıyam ki, vasitələri daxildə bahalaşdırmalıyıq. Ancaq necə? Hansı yolla?
Xalid bəy, qeyd edirsiz ki, bir vaxt daxildə vasitələrin bahalaşması nəticəsində hakimiyyət geri addım atmalı oldu və ya digər yollara əl atmağa başladı. Bunun üçün müxtəlif misallar gətirirsiniz. 2013-cü və daha sonrakı illərdə olan həbsləri göstərərək deyirsiniz ki, müqavimət zəifləmək əvəzinə böyüdü və bu hakimiyyətin ziyanına işləməyə başladı.
Daha sonra nə oldu, heç nə. İçəridə olan insanların bir çoxunun dirənişinin bitməsi nəticəsində ruh düşkünlüyü...
İndi isə bizi Sevincin və digərlərinin həbsindən sonra yenidən həmin nöqtəyə qaytarırsınız sanki. Deyirsiniz ki, yeni "Nelson Mandelamız mübarək”.
Elə, bəlkə, bizim ilk səhvimiz burdadır. Niyə biz hər kəsin üzərinə Nelson Mandela olmaq öhdəliyi qoyuruq?
Sözsüz, həbs olunan insanların dirənişi ancaq və ancaq alqışlanmalıdır və Xalid bəy, sizin də dediyiniz kimi bizim ruh düşkünlüyü yaşamağa haqqımız yoxdur. Və bizim işimiz daxildəki vasitələri bahalşdırmaq olmalıdır. Yaxşı, bəs biz bunu kiminlə edəcəyik?
Əgər Nərgizin məhkəməsinə vur-tut cəmi 10 nəfər adam gəlirsə, bu bahalaşma necə ola bilər?
Sizə bir müddət əvvəl siyasi məhbus Samir Aşurovun həyat yoldaşı Nura Aşurovanın "Facebook"da yazdığı bir şərhi təqdim edim:
"Sizi elə aeroportda qarşılayacaqlar. Sonra məhkəməyə çıxaracaqlar. Bildiyimiz standart ənənəyə uyğun (narkotik, silah daşıma, qacaqmalçılıq, vətənə xəyanət, kiməsə xəsarət yetirmə, qanunsuz işlər və sair kimi saxta ittihamlar. Baxır da zövqə) həbs edəcəklər. Uzağı 1 həftə sizdən yazacaqlar, sonra unudulacaqsınız. Ailə qalacaq bir tərəfdə, arayıb axtaran olmayacaq. Gündəmi başqa şeylər zəbt edəcək və beləcə unudulacaqsınız. Məhkəmə vaxtlarında yada düşəcəksiniz, məhkəmədə də uzağı 5 nəfər iştirak edəcək. Bir az keçəndən sonra inanın Zəfər Əhmədov dayıdan başqa heç kim gəlməyəcək. Artıq o qədər həbslər var ki, dayı da çatdırıb iştirak edə bilmir. Həbsdə yatandan çox ailə əziyyət cəkəcək, pərişan olacaq və beləcə unudulacaq. Bunları nəzərə alaraq vətənə elə qürbətdən baxsanız daha yaxşıdır, məncə. Öz təcrübəmdən götürüb yaşadıqlarıma dayanaraq söyləyirəm. Acı da olsa, həqiqətlərdir”.
Məncə, əlavəyə ehtiyac yoxdur.
Son olaraq deyim ki, qətiyyən pessimist olmağın tərəfdarı deyiləm, ancaq suallarıma cavab tapmaq istəyirəm.
Belə bir vəziyyətdə isə epistemoloji inqilabı kim edəcək və ya vasitələri kim bahalaşdıracaq, Xalid bəy?