Ermənilərlə necə sülh içində yaşayacağıq?
21-09-2023 14:01 / Bu xəbər 809 dəfə oxundu
Rüfət Əhmədzadə
Avropaya ilk səfərim 2014-cü ildə olmuşdu. O vaxt ATƏT-in İsveçrədəki "ministerial”ına – XİN başçılarının zirvə görüşünə ezam olunmuşdum. Bazel aeroportunun Fransa ilə müştərək istifadə olunduğundan xəbərsiz idim. Sərhəd olmadığını bilirdim, amma necə deyərlər, görmək başqadır, eşitmək başqa…
Cibimdəki avroları İsveçrə frankına dəyişməyi unutdum, düşünürdüm burda avro işlənir. Hava limanındakı mağazalardan birinə girdim və həm su almaq istədim, həm də istədim ki, bir yerli "Marlboro”nun dadına baxım. Amma avro uzatdıqda satıcı qız bildirdi ki, onlar ancaq İsveçrə frankı götürürlər. Həm də məsləhət gördü ki, siqareti Fransadan alım, orda bir az ucuzdur. Mən duruxdum, necə yəni Fransadan alım? Satıcı qız piştaxtadan başını uzadıb, bir metr o tərəfdə, dəhlizdə üzbəüz olan mağazanı göstərdi: "Bax, ora Fransadır”.
Növbəti gün isə orda tanış olduğum bir yerli gənc ailə ilə maşına minib, Almaniya ərazisindəki qəsəbəyə getdim. Yarım saatlıq məsafə idi. Supermarketə girib maşının baqajını ərzaqla doldurduq və bir az dolaşdıqdan sonra geri qayıtdıq. Bazel sakinləri çox zaman vacib ərzaqları Almaniya ərazisindən alır, çünki ora ucuzluqdur. Polşanın sərhədyanı qəsəbələrində də baqajı ərzaqla dolduran almanlara rast gələ bilərsiniz.
Sonrakı günlərdə və sonrakı illərdə Avropa haqqında daha çox şey öyrəndim. Sosial şəbəkələrdə şəkilləri çox paylaşılan, məşhur Barle qəsəbəsində də oldum – restoran və dükanların düz böyründən, küçənin ortasından Belçika-Niderland sərhəd xətti keçir və nədənsə, bu xəttə ancaq mənim kimi şərqlilər həsədlə baxırdı.
Etiraf edim, bu, illərdir müharibədə yaşayan bir xalqın nümayəndəsi üçün tam fərqli bir hissdir.
Avropa xalqları son 100 ildə 2 dəfə bir-birini qırıblar və bu qırğınlar tarixə iki dünya müharibəsini salıb. Amma indi aralarında sərhəd belə yoxdur. Niyə?!
Sizcə, fransızlar almanları belə çox sevir? Bəzən bir-birinə lağ edirlər, lətifələr danışırlar… Amma sərhədlər yoxdur və daha bir-birinin qanını tökmürlər. Milliyyətçilik isə öz yerində. Fikrimcə, avropalılarda olan milliyyətçilik bizim cəmiyyətdə yoxdur. Bu milliyyətçilik bəzi adamlarda "yumşaq” irqçiliyə də keçir.
Bütün bunları niyə yazıram? Ötən gün Prezident İlham Əliyevin çıxışından sonra, küçədə qonşuların mübahisəsini eşitdim. Biri deyirdi ki, bir gün ermənilər gəlib Masazırda ev alacaqlar. Digər qonşum da deyirdi ki, nə danışırsan, o qədər şəhid vermişik, onlarla Sover vaxtındakı kimi ola bilmərik.
Əlbəttə, heç nə əvvəlki kimi olmayacaq. Amma SSRİ vaxtından əvvəl, 1905-ci il hadisələri də olmuşdu. Ondan əvvəl də bir yerdə yaşamışdıq. Hərdən savaşmış, hərdən barışmışdıq. Kimi qohum olacaq dərəcədə ermənilərlə isnişmişdi, kimi sadəcə mehriban qonşu kimi.
Sözümün canı odur ki, Azərbaycan türkləri və ermənilər birllikdə yaşamağı öyrənməlidir. Daha doğrusu, praktikada olan qonşu münasibətlərini saxlayıb, müharibə praktikasını kənara qoymalıdır. Bir-birimizə can yandırmağa ehtiyac yoxdur. Hər kəs öz ölkəsi üçün sülhün önəmini düşünməlidir.
Bəli, çətin olacaq. Xalqımızın başına gətirilən faciələri unutmaq çətindir. Və heç unutmamalıyıq da. Amma bu xatirə xalqlar arasında ədavəti dərinləşdirmək üçün yox, gələcək faciələrdən qaçmaq üçün vacibdir. Biz şəhid vermişik, danmaq olmaz. Bu itki bizim də ailəmizə toxunub…
Hansı "həqiqətə” görə, fərqi yoxdur, o tərəfdə də itki verən erməni ailələri var. Hamı bala dərdi çəkir, hamı ata itkisinə kövrəlir. Onların da, bizim də daha itki verməməyimiz üçün çox çətinliklərdən keçəcəyik. Bizi bir-birimizə qırdırmaq üçün çox təxribatlar olacaq. Terror aktlarından da, hətta, Allah eləməsin, gələcək müharibədən də kimsə sığortalanmayıb.
Hər halda, gediləsi uzun bir yolumuz var. Bir-birimizi Qafqazdan silib atmaqdan başqa, Qafqazı dinc bir regiona çevirmək seçimi də var. Elə bir region ki, xalqlar bir-birinə düşmənlik etmir, valideynlər övladını hərbi xidmətə yola salandan sonra, bir gündə on il qocalmır..
Əminəm ki, ermənilər üçün bu proses daha çətin olacaq. Onlar əvvəlcə daşnaklardan, hınçaklardan, okeanın o tayında oturan "züyçü”lərdən xilas olmalıdırlar.
Yox, alınmasa, biz "kömək edərik”. Yenə müharibə, yenə Şəhidlər Xiyabanı, yenə də Erablur. Nə qədər şairanə səslənsə də, həqiqət danılmazdır: biz – Qafqazda olan xalqlar bir-birimizə məhkumuq.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.