Ermənistan hərbçisinə 18 il həbs cəzası verildi
07-12-2023 18:10 / Bu xəbər 918 dəfə oxundu
Qagik Voskanyanın məhkəməsi bir günə yekunlaşdı
Azərbaycanda həbsdə olan Ermənistan hərbçilərindən daha birinin – avqustun 16-da Kəlbəcər ərazisində saxlanılan Qagik Voskanyanın işi üzrə dekabrın 7-də başlayan məhkəmə araşdırmaları elə bu gün də yekunlaşıb.
Məhkəmə istintaqı (dindirmələr) gedən müddətdə jurnalistlər zaldan çıxarılsa da, araşdırmalar başa çatandan sonra – çıxışlar mərhələsində yenidən buraxılıblar.
Prokuror Müşfiq Rəhimov çıxışında deyib ki, məhkəmə istintaqı zamanı Qagik Voskanyanın diversant olduğu, təxribat-terror törətmək məqsədilə sərhədi gizli keçib gəldiyi sübuta yetirilib.
O, təqsirləndirilən Ermənistan hərbçisinə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Təklif edib ki, 18 ilin 5 ili həbsxana rejimində, qalanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin.
Qagik Voskanyan son sözündə məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib: "Ədalətli mühakimə olunmağım üçün sizə yalvarıram”.
Təxminən yarım saatlıq müşavirədən sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri onun haqqında 18 il azadlıqdan məhrumetmə hökmünü elan edib.
Hökmə əsasən, o, cəzasının 5 ilini həbsxana rejimində çəkməlidir.(Meydan TV)