"Əşrəf Nəsib bəy Yusifbəylini öldürür, cəsədini Kür çayına atır" - Tarixçi
06-03-2018 12:54 / Bu xəbər 4795 dəfə oxundu
Tədqiqatçı, yazıçı, sosiologiya elmləri doktoru Əfqan Vəliyevi bir neçə ildir tanıyıram. İstanbulda təhsil aldığım müddətdə onunla görüşüb zəngin bilgilərindən faydalandım, uzun illərdir topladığı şəxsi arxivi ilə tanış oldum.
Ötən ilin noyabr ayında İstanbulda Türkiyə məzunlarının toplantısında Əfqan bəy bizə sürpriz edərək arxivindəki yüz illik Azərbaycan bayrağını da göstərdi. Vaxtilə Azərbaycan parlamentində asılan bayrağı yüz il sonra görmək şərəfinə nail olduq.
Bu bayraq Mirzəbala Məhəmmədzadənin sayəsində qorunub, nəhayət, onun varisi Eldəniz Qurtulana əmanət olaraq verilib. Eldəniz bəy isə bir çox arxivlə yanaşı, bu bayrağı da Əfqan bəyə verib, lazımi zamanda Vətənə aparmağı vəsiyyət edib.
Əfqan bəy üç kitab müəllifidir: "Azərbaycanda yeniləşmə və milliyyətçilik hərəkatı”, "Azərbaycan siyasi düşüncə tarixi və Mirzəbala Məhəmmədzadə”, "Tarixdən günümüzə: Azərbaycan”.
Ə.Vəliyev Rəsulzadənin silahdaşı, ən etibar etdiyi şəxs olan Mirzəbala Məhəmmədzadənin irsini araşdırıb, onun haqqında geniş monoqrafiya yazıb. Elə biz də söhbətimizə bu kitabdan başladıq.
(Bu kitab haqqında ayrı bir yazımızı da yaxın günlərdə təqdim edəcəyik).
Dilqəm Əhməd
Müsahibəni təqdim edirik:
- Əfqan bəy, siz "Azərbaycan siyasi düşüncə tarixi və Mirzəbala Məhəmmədzadə” mövzusunda Türkiyədə elmi iş müdafiə etmisiniz. Sizin kitabınızı oxuyana qədər təsəvvürümdəki Mirzəbala Məhəmmədzadə obrazı böyük deyildi. O, nəzərimdə parlamentin stenoqrafı, ortabab publisist kimi idi. Amma kitabınızdan sonra onun Azərbaycan tarixindəki yerinin fərqinə vardım. Bu baxımdan bir daha sizdən eşidək, Mirzəbala Məhəmmədzadə Azərbaycan Cümhuriyyəti tarixində kimdir?
- Mirzəbala Məhəmmədzadə 12 yaşından etibarən siyasi fəaliyyətə başlayır, ilk əsəri çap olunur, məktəb vaxtında "Arzu” adlı məcmuədə məqalələr yazır. Dostları ilə birlikdə "Məhəmmədiyyə” adlı təşkilat quraraq ictimai-siyasi fəaliyyətini genişləndirir. Bir müddət sonra Müsavat Partiyasına üzv olur, ictimai həyatda mühüm rol oynayır. Zaqafqaziya Konfederasiyası qurulanda təbliğat-təşviqat işlərində təmsil olunur. Müsavatda o zaman 3 qrup vardı: Rəsulzadənin başına topladığı aristokratlar, Yusifbəylinin təmsil etdiyi mühafizəkarlar və Mirzəbalanın rəhbərliyində sosial-demokratlar qrupu. Üçüncü qrup çox aktiv olduğu üçün Rəsulzadə Zaqafqaziya Konfederasiyasında təbliğat işlərində Mirzəbala Məhəmmədzadə ilə Cəfər Cabbarlını görəvləndirir. Bu dövrdə Mirzəbala "Açıq söz” qəzetində ciddi məqalələr yazır, "Bakı mətbuatı” adlı kitab çap edir. Bu cür məxfi işlərdə etibar qazandığına görə sonralar parlamentdə stenoqraf işinə cəlb edilir. Mirzəbala Qafqaz İslam Ordusunu Bakıya qədər müşayiət edib. Ordu imamı olub. Yol boyu milli ruhda şeirlər söyləyib, əsgərləri qələbəyə ruhlandırıb. Mirzəbala Müsavatın Bakı komitəsinin idarə heyətində olduğu üçün parlamentə üzv seçilməsi planı vardı. Lakin Rəsulzadə onun "Azərbaycan” qəzetində və parlamentdə daha vacib işlər gördüyünü nəzərə alaraq vəkil olmasını növbəti seçkilərə saxlayır. Mirzəbala da öz razılığı ilə ərizəsini geri götürür. Milli Müqavimət Hərəkatı illərində Mirzəbala bolşeviklərin bəzi milli məsələləri ləğv etməsinə qarşı çıxır, xalqı ayağa qaldıra bilir. Həmin illərdə bolşeviklərin bəzi yer adlarının dəyişdirilməsi, ana dilinin ləğvi kimi planları vardı. Sırf milli nə qaldısa, Mirzəbalanın sayəsində oldu. Çekada bu hərəkatın adı rəsmi "Mirzəbalaevşina” kimi qeyd olunub. Mirzəbalanın çap etdirdiyi "İstiqlal” qəzeti dağlarda qaçaqların yaşadığı mağaralara qədər gedib çıxırdı. Bölgələrdəki bir çox üsyanları o idarə edirdi. Cümhuriyyətin ideoloji işlərinin həyata keçməsində, hərbi marşların yazılması, toplanılmasında rol oynayıb. Müsavatın gizli komitəsi yaradıldıqdan sonra Mirzəbala Türkiyənin Sovet Azərbaycanındakı səfiri Mahmud Şövkət Əsəndaldan maddi yardım alıb. Əsəndalı bu dəstəyinə görə Bakıdakı səfirlikdən uzaqlaşdırırlar. Əsəndala bu vəzifəsini isə Nuru paşa tapşırmışdı. Mirzəbalagil nə zaman çətinliyə düşsə, Əsəndalın yanına gedirdilər. Kimsə mühacirətə gedərdisə, kiminsə xəstəsi vardısa, səfirdən kömək istəyirdilər. Əsəndalla Mirzəbalanın özü görüşürdü. Onların mətbəə işlərinə, yəni avadanlıqların alınmasına da Əsəndal kömək edib. Mühacirətə getdikdən sonra milli işlərə davam edib, Türkiyənin məşhur "Cümhuriyyət” qəzetində "Qonşu məmləkətlər” rubrikasında yazılar yazıb. Mən vaxtilə "Cümhuriyyət” qəzetinin arxivindən o məqalələri əllə yazıb toplamışam. Həmin qəzetin arxivinə girə bilən ilk azərbaycanlıyam. Türkiyədə Mirzəbala "Odlu Yurd”, "Qurtuluş”, "Bildiriş”, "İstiqlal” kimi jurnal və qəzetlərdə məqalələr yazıb. Yeri gəlmişkən, "Qurtuluş” jurnalının Almaniyada çap edildiyi yazılır, çünki üstündə ünvan elədir, amma həqiqətdə o jurnal İstanbulda nəşr edilib. 1920-ci illərin axırlarında mühacirlərin Türkiyədəki fəaliyyəti SSRİ ilə bağlanan müqaviləyə görə qadağan edilir. Bizimkilər də məcbur olaraq İstanbulda çıxan dərgilərin ünvanı kimi Berlin yazıblar. Yeri gəlmişkən, Rəsulzadəyə Türkiyədə verilən qeydiyyat icazəsində vəzifəsi Qapalıçarşıda əsnaf kimi qeyd olunub. Bu sənəd Həmdullah Sübhi tərəfindən təşkil olunmuşdu. Rəsulzadənin adını hətta Atatürkə sui-qəsddə hallandırmaq istəyiblər. Bolşeviklər belə plan qurmuşdular ki, Rəsulzadəni də sui-qəsd işinə salsınlar, məhkəmədə o da sorğu-sual edilsin. Rəsulzadə Polşaya getdikdən sonra isə Polşanın qəhrəmanı marşal Pilsudski ona dəstək olub.
- Mühacirətdə bir çox liderlər var idi. Pilsudski məhz niyə Rəsulzadəyə dəstək oldu?
- Pilsudskinin atasını bolşeviklər öldürmüşdü, onların qatı düşməni idi. Ona görə də bolşeviklərə qarşı olan qüvvələri bir araya toplayırdı. "Azərbaycanı kim təmsil edə bilər?” məsələsi ortaya çıxanda Mirzəbala Məhəmmədzadənin, Şəfi bəy Rüstəmbəylinin, Nağı bəy Şeyxzamanlının, Ceyhun Hacıbəylinin adları keçib. Pilsudskiyə verilən siyahıda Rəsulzadənin adı olmayıb. Həmdullah Sübhinin dəstəyi ilə Mirzəbala Pilsudskiylə görüşüb, Rəsulzadə haqqında məlumat verib. Bununla da Pilsudski siyahıda adı olmayan şəxsi liderliyə qəbul edib. Rəsulzadə "Prometey”dən dəstək aldıqdan sonra mühacirləri bir araya toplayıb, əlaqələri gücləndirib, onlara maddi-mənəvi dəstək olub, sənədlə təmin edib. Bununla da, Rəsulzadə yenidən liderliyini qəbul etdirib. Rəsulzadə ilə bu dövrdən etibarən düşmənçilik edən mühacirlər olur, onlar da illər keçdikdən sonra səhvlərini başa düşürlər. Məsələn, 1950-ci illərdə 28 Mayla bağlı bir tədbirdə vaxtilə Rəsulzadəyə qarşı çıxmış Əhməd Cəfəroğlu onun qoluna girir, üzr istəyir. Həmin tədbirdən sonra hotelə gediblər, orada bir salonda əyləşiblər. Rəsulzadənin xəstəliyinin şiddətləndiyi vaxt olduğu üçün turş alma istəyib. Cəfəroğlu və digərləri ilə qısa söhbət edib otağına qalxıb. Ənənəsinə sadiq qalaraq yaxınlarına deyib ki, mühacirlərlə maraqlanın, kimin nəyə ehtiyacı varsa, dərnəyin büdcəsindən dəstək olaq. Dərnəyə yığılan pullar mühacir ailələrinə verilirdi, lakin onların adları jurnalda qeyd olunmurdu ki, KQB-nin təzyiqinə məruz qalmasınlar.
- Yuxarıda marşların toplanılmasından danışdıq, mütləq bir haşiyə çıxmaq istəyirəm. Bilirsiniz ki, ara-sıra bu məsələ gündəmə gəlir ki, himnin sözləri Əhməd Cavada deyil, Cəmo bəyə aiddir. Siz bu barədə nə düşünürsünüz?
- Himn üçün hökumət müsabiqə təşkil edib, lakin müsabiqəyə göndərilən mətnlər rəğbət görməyib. Ona görə də Əhməd Cavaddan istəyiblər. Müsabiqədə gerb bəyənilib, qalib olan abxaz rəssama ödəniş edilib. Amma himnlə bağlı mətnlərin heç biri bəyənilməyib. Əhməd Cavadın yazması ilə bağlı ən mötəbər mənbə mühacirlərin özləridir. Mən rəhmətlik Məhəmməd Kəngərli ilə görüşmüşəm. O, əvvəlcə məni qəbul etmək istəmirdi. Mənə dedi ki, sən bir araşdırma apar, məqalə yaz, məni inandır. Mirzəbala ilə bağlı elmi işimi apardım ona, bunu görəndə məni qəbul etdi. Alnımdan öpdü, dedi ki, Mirzəbalanın bizə çox haqqı keçib, amma bunu ödəyə bilməmişik. Haqqında çox yaza, tanıda bilmədik. Amma siz belə bir şey yazmısınız, kömək edəcəyəm. Mən həmin vaxtlar himn məsələsini də Kəngərlidən soruşdum. O, Əhməd Cavadın yazdığını təsdiqlədi, dedi ki, Cavad şeiri tam bitirməmişdi, əlavələr də oldu. Himnin ərsəyə gəlməsində Rəsulzadə özü də rol oynayıb, dəfələrlə intonasiya ilə oxuyub. Nəhayət, istədikləri vəziyyətə gəldikdən sonra qəbul ediblər. Qəbul zamanı Topçubaşov, Behbud xan Cavanşir, Məhəmmədyusif Cəfərov və digərləri də olub.
- Mirzəbalanın Türkiyə həyatına qayıdaq...
- Mirzəbala bir müddət sonra Türkiyə vətəndaşlığı alır, Qutluq soyadını götürür. Vətəndaşlıq əldə etdikdən sonra onun Türkiyə ordusunda hərbi xidmət məsələsi ortaya çıxır. Təkirdağda hərbi xidmətdə olur. Həmdullah Sübhi yenə dəstək verir, ordu rəhbərliyinə tapşırır ki, bu şəxs mühüm adamdır, onu mütləq qorumalısınız, xəstələnməməli, ziyan görməməlidir. Ona sadəcə mətbəx üçün su daşımaq vəzifəsi verilir. Əsgərlərin içində görünsün deyə bir təpədən su gətirirmiş. Hərbi xidmətdən qayıtdıqdan sonra İslam Araşdırmalar İnstitutunda işə başlayır, oranın çap etdiyi "İslam Ensiklopediyası”nda Azərbaycanla bağlı yazıların hamısını o yazır. Türkiyə hökumətinin təklifi ilə Amerikanın təsis etdiyi, Almaniyada fəaliyyət göstərən Sovetlər Birliyini Öyrənmə İnstitutunda Elm Şurasının başqanı, qurumun çap etdiyi "Dərgi” jurnalının baş redaktoru olur. Bir mühüm faktı da deyim ki, Mirzəbala Azərbaycan tarixinin, mədəniyyətinin yaşadılmasında əsərləri ilə mühüm rol oynayıb, Rəsulzadə bu məsələdə ona çox etibar edib və zərər görməməsinə çalışıb.
Təsadüfi deyil ki, 1938-ci ildə Varşavada konfransda Mirzəbalanın "Azərbaycanın milli birlik hərəkatı” adlı kitabını mühacirlərə təqdim edərkən Rəsulzadə deyir: "Mirzəbala, artıq sərbəstsən, istədiyin vaxt ölə bilərsən. Biz artıq tarix olduq. Bizi heç kim silə bilməyəcək”.
Mirzəbala Cümhuriyyətin arxivi, yaşayan beyni idi. Bolşeviklər çox arxivi yandırdılar, amma Mirzəbalanın beynindəki arxivi, yaddaşı məhv edə bilmədilər. Mirzəbalanın fəaliyyəti və yazdıqları sayəsində milli cümhuriyyətlə əlaqəli məlumatlar günümüzə gəlib çatdı. Mirzəbala Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, Şirvanşahların Cənubi Azərbaycanda olan nəsilləri onu Çekanın əlindən xilas etmək üçün nə qədər qızıl pul, dəyərli əşya veriblər. Mirzəbala Bakıdan çıxanda birinci təlimat o olub ki, o, sağ qalmalı, ölməməlidir. Mirzəbala Rəsulzadədən sonra Mühacir Milli Hökumətin lideri oldu. Mühacir Milli Hökumət onların dövründə qızıl çağını yaşadı. Ondan sonra gələnlər onların yerini doldurmağa çalışsalar da, onların gördüyü işləri görə bilmədilər. Bütün dünya ölkələrini üç rəngli bayraqla tanış etdilər. Hər kəsə sovet dövründə Azərbaycanda dalğalanan bayrağın işğal bayrağı olduğuna inandırdılar. KQB istəsə də, onlarla bacara, mane ola bilmədi. Sovetlərin bir gün çökəcəyinə və Milli Cümhuriyyətin bərpa olunacağına özlərini və ətraflarındakıları o qədər inandırmışdılar ki, arxiv sənədlərini verdikləri adamlara belə vəsiyyət edirlərmiş: "Bunları yaxşı qoruyun bir gün haqqı çatan yerə geri qaytarılacaq”.
Bu faktı mənə Eldəniz Qurtulan demişdi.
- Mirzəbala Məhəmmədzadənin vəsiyyəti varmı?
- Eldəniz Qurtulanın mənə verdiyi məlumata görə, Mirzəbala vəsiyyətində Vətəndən və anadan olduğu Zirədən məzarı üstünə torpaq gətirilib səpilməsini istəmişdi. Onun son vəsiyyətini yerinə yetirmək mənə qismət oldu. Zirədə məktəbin yanındakı anadan olduğu evin həyətindən bir neçə ovuc torpaq aparıb İstanbulda Qaraca Əhməddəki məzarının üstünə səpdim.
- Azərbaycanın ikinci baş naziri Nəsib bəy Yusifbəylinin ölümü ilə bağlı çox müəmmalar var. Siz onun qətli ilə bağlı hansı versiyanın doğruluğunu təsdiqləyirsiniz?
- Nəsib bəyin planı əvvəlcə Gürcüstana, oradan isə Türkiyəyə keçmək olub. Bakıdan gedərkən üstündə pul olmayıb, əlində sadəcə qırmızı çanta vardı. Kürdəmirə gəlir, görür ki, burdan o tərəfə getmək çətindir, artıq axtarışdadır, təqib edirlər. Kürdəmirdə faytona minir, dağ yolu ilə Yuxarı Qarxun kəndinə doğru yola düşür. Dostu Əşrəfin yanına gedir ki, ondan pul alsın. Əşrəflə yaxın dostluğu var idi, planı belə qurmuşdu ki, onun köməyilə Gəncəyə, oradan da Tiflisə keçsin. Əşrəf quldur idi, bunu inandırırlar ki, gələn nazirdir, çantasında pul var. Əşrəf də Nəsib bəyi bir kənara aparır ki, səninlə söhbətim var. Çölə çıxandan sonra Əşrəf Nəsib bəyi öldürür, cəsədini Kür çayına atır. Əşrəf daha sonra Nəsib bəyin çantasını açır, içindən pal-paltar, sənədlər və bir qızıl onluq çıxır. O pula da o zaman 3 nəfər nahar edə bilərdi. Nəsib bəyin cəsədi bir neçə kilometr kənarda üzə çıxır, kəndlilər meyiti çıxarırlar. Cibindən saat çıxır, üzərindən yazılıbmış: "Tomsondan cənab Yusifbəyliyə”. Kəndlilər bilirlər ki, bu hökumətin başçısıdır, onu dəfn edirlər. Saatı isə polislər alır. Quldur Əşrəf qətli törətdiyini etiraf etdiyi üçün onu həbs edirlər. Bu işlə bağlı Gəncə İstintaq İdarəsində sənədlər var. Mən arxivdəki həmin sənədlərlə tanış oldum. Quldur Əşrəfə cinayəti törətdiyinə görə 10 il həbs cəzası veriblər. Sənədlərdən məlum olur ki, Əşrəf Nəsib bəyi 10 may 1920-ci ildə öldürüb. Əşrəf bir müddət həbsdə yatandan sonra Yusifbəylinin yaxın adamlarından biri tərəfindən öldürülür.
- Əfqan bəy, Rəsulzadənin vəfatından 63 il ötdü. Onun son günləri ilə bağlı nələr qalıb tarixdə?
- Son günlərində Rəsulzadənin həm şəkəri, həm də təzyiqi çox yüksək olub. Yəni çarə yox imiş. Tez-tez özünü narahat hiss edirmiş, bir neçə dəfə xəstəxanaya aparıblarmış. Yuxusuzluq problemi də ortaya çıxmışdı, dərmanla yatırdı. Artıq müalicənin, əməliyyatın heç bir əhəmiyyəti qalmamışdı. Maraqlı fakt deyim, Rəsulzadə plovu çox sevərmiş, həmişə şikayət edərmiş ki, məmləkətimdə yediyim plovun dadını heç bir yerdə ala bilmədim.
- Bəs Rəsulzadəni mühacirətdə KQB izləyibmi? Ona qarşı sui-qəsd planı hazırlanıbmı? Mehdi Hüseynzadə ilə bağlı deyilən iddialar doğrudurmu?
- KQB onu həmişə izləyib. Rəsulzadənin küçədə gedən yerdə bir fotosu var. Yanında şapkalı kimsə boylanır (həmin foto yazının sonunda verilib – red). O fotonu Rəsulzadə çəkdirməyib, KQB çəkib. Finlandiyada olduğu müddətdə də bu cür çəkilən fotosu var. Rəsulzadəyə qarşı sui-qəsd planı olmayıb, Mehdi Hüseynzadə ilə bağlı deyilən iddialar doğru deyil. Rəsulzadəni öldürmək planı olsaydı, yəqin ki, öldürərdilər. Çünki xalqa açıq yerlərdə çox olub. Öz adı ilə yaşayıb, qatara, gəmiyə minib. Çünki bir çox legionerlər müharibədən sonra öldürüldü, amma Rəsulzadəyə qarşı belə hərəkət etmədilər. Rəsulzadə Türkiyədə etibar qazanmışdı, böyük nüfuzlu şəxs idi. Eləcə də, Almaniya, Polşada dəstəyi vardı. Azərbaycanın özündə də xalqın yaddaşından onu silə bilməmişdilər, hələ də nüfuzu vardı. Ona görə də belə bir şəxsi öldürmək planı bolşeviklər üçün asan deyildi. Rusların Cavad xanla bağlı acı təcrübəsi vardı. Cavad xanı öldürdüklərinə görə Gəncə əhalisi yüz il ruslara nifrət elədi. Cavad xanın ölümündən sonra gəncəlilər ilk fürsətdəcə çar məmurlarını, rus əsgərlərini öldürürdülər. Çar xalqın nifrətini qazandı. Ruslar Cavad xanda etdikləri səhvi Rəsulzadədə etmədilər.
Teleqraf.com