Çətin xidmətdə
16-09-2021 02:00 / Bu xəbər 1715 dəfə oxundu
Ənnağı Hacıbəyli
Xarici pasportumun vaxtı bitmiş, şəxsiyyət vəsiqəm köhnəlmişdi, sürücülük vəsiqəmin isə vaxtı bitmək üzrə idi. Guya işimi asanlaşdırmaq üçün onlayn növbə götürmək istədim. Bəlli oldu ki, şəxsiyyət vəsiqəsi üçün növbə dayandırılıb, pasporta avqustun axırına kimi növbə yoxdur, sürücülük vəsiqəsi üçün on gün sonraya növbə götürmək olar. Götürdüm. Amma işim düzəlmədi, sağlamlıq haqqında arayış tələb olunurdu.
3 saylı "Asan xidmət”də bəlli oldu ki, canlı növbə də var. Dedim gəlmişkən növbə götürüm, heç olmasa problemin birini həll edim. Pasporta növbə götürdüm, bir neçə gündən sonra gedib pasportumu aldım. Problemsiz. Çıxışda rəyi soruşan xanıma xidmətdən razı qaldığımı da bildirdim. Şəxsiyyət vəsiqəsi üçün sentyabrın 10-na növbə götürdüm.
Ayın 10-u göstərilən vaxtda sənədlərimi vermək üçün növbəyə durdum. Bundan öncə dövlət rüsumu ödəmək üçün Beynəlxalq Bankın 1-ci mərtəbədəki filialına yaxınlaşdım. Xanım bildirdi ki, sənəddə 5 manat yazılsa da, mən 15 manat 40 qəpik (əlavə 10 manat cərimə) ödəməliyəm, çünki vəsiqəni korlamışam. Bildirdim ki, mən də hüquqçuyam, cərimə nəzərdə tutan qanun ləğv edilib, orada vəsiqəni qəsdən korlamağa görə inzibati tənbeh (cərimə) nəzərdə tutulurdu, mən vəsiqəni korlasam və ya yararsız hala salsam, 5 manat yox, 15 manat dövlət rüsumu ödəməliyəm. Vəsiqəni korlamamışam, sadəcə 12 ilə yaxın istifadə edildiyindən korlanıb – bəzi rəqəmlər çətin görünür və laminasiya yarıya qədər aralanıb. Xanım təkid etdi, mən isə prinsipial olaraq ancaq 5 manat 40 qəpik ödəyəcəyimi bildirdim. Üstəlik, izah etməyə çalışdım ki, qəbzdə 5 manat 40 qəpik yazılıb, siz Daxil İşlər Nazirliyinin səlahiyyətlisi deyilsiniz və cərimə və ya əlavə ödəniş tətbiq edə bilməzsiniz, mən dövlətin talanan büdcəsini qəpik-quruşumla doldurmalı deyiləm. Xanım qəliz müştəri olduğumu görüb pulu qəbul etdi, qəbz verdi.
Monitorda növbəmi gözləməyi bildirdilər. Gözləmə zalında oturub gözlərimi dikdim monitora. Bu əzablı gözlənti (monitorda rəqəmlərin dəyişməsi hər hansı səs və ya işarə ilə gözləyənlərin diqqətinə çatdırılmadığından və rəqəmlərdə ardıcıllıq olmadığından məcbur olursan gözünü monitordan çəkməyəsən) vaxtımdan təxminən bir saat sonra bitdi. Pəncərəyə yaxınlaşıb sənədlərimi təqdim etdim. Yenə həmin cərimə problemi yarandı. Mən "korlama” sözünə nə təhər təfsir, izah, yozum versəm də xeyri olmadı, üstəlik, məni ikinci mərtəbədəki vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) bölməsinə göndərdilər və bunu onunla izah etdilər ki, həyat yoldaşınızın soyad sonluğu dəyişdirildikdən sonra nikah haqqında şəhadətnamədə soyad sonluğu yenilənməyib.
İkinci mərtəbədə 1 saatdan artıq gözlədim. Artıq əsəblər gərilmişdi. Bu zaman telefonuma zəng gəldi, harada olduğumu soruşan şəxsə bədahətən "Çətin xidmətdəyəm” dedim. Hamını, hətta işçiləri də gülmək tutdu.
Nəhayət, xanım sənədlərimi qəbul edib arxivə zəng vurdu, iş günü bitirdi, ona görə də kimsə cavab vermədi. Xanım dedi ki, bu gün həftə sonu (5-ci gün) olduğundan növbəti həftə gəlməliyəm. Aşağı düşüb ikinci günə növbə götürdüm. Bu gün yenidən VVAQ bölməsinə getdim. Xanım dedi ki, məlumat gəlib, amma siz sənədləri dəyişmədən də köhnə məlumatlar əsasında şəxsiyyət vəsiqəsi ala bilərsiniz. Dedim ki, mən lap əvvəldən məlumatların dəyişdirilməsini tələb etmədiyimi demişdim. Nə isə… Yenidən növbə götürüb gözləməyə başladım. Yenə monitor, yenə əzablı gözləmə. Saat 12 əvəzinə ikiyə işləmiş növbəm çatdı. Pəncərəyə yaxınlaşıb sənədlərimi təqdim etdim. Bu dəfə başqa bir xanıma. O da 10 manat cərimə ödəməli olduğumu bildirdi. Yenə də "korlama” barədə gözəlləmələrim kara gəlmədi. Xanım qanunları məndən pis bilmədiyini fəxrlə nəzərimə çatdırdıqdan sonra "cərimə ödəməsəniz sənədlərinizi qəbul etməyəcəm” deyərək məni banka göndərdi.
Bankda növbəti absurdla üzləşdim. Əlavə 10 manat ödəyərək qəbz vermələrini xahiş etdim. Dedilər xeyr, siz əvvəlcə o 5 manatı geri almalısınız, sonra 15 manat ödəyib qəbz ala bilərsiniz. Dedim yaxşı, nağd pulum azdır, kartla 15 manat ödəyim, 5 manatın məsələsinə sonra baxarıq. Dedilər xeyr, kart sistemimiz işləmir, siz əvvəlcə ikinci mərtəbədəki şöbəmizdə növbəyə durub oradan sənəd almalı, sonra zirzəmidəki şöbəmizdə ərizə yazmalı, daha sonra yenidən ikinci mərtəbəyə qalxıb oradan 5 manat almalı və sonra bu şöbəyə gəlməlisiniz.
Belə də etdim, sonda bank işçisindən soruşdum ki, üç şöbənin hər birində şəxsiyyət vəsiqəmin məlumatlarını kompüterdə yığırsınız, siz eyni təşkilat deyilsiniz, bu kağızbazlıq nəyə lazımdır? Oğlan gülümsədi və dedi ki, neyləmək olar, qayda belədir.
Bəli, əslində bu adamlar icraçıdırlar və onlar heç nə həll etmirlər. Qaydalar isə pis idarəçiliyin qaydalarıdır. Pis idarəçilik isə təşəbbüskarlığa, mədəni xidmətə, insan haqlarına xor baxması ilə fərqlənir.
1955-ci il təvəllüdlü Ənnağı Hacıbəyli Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Respublika Prokurorluğunda şöbə rəisi, Ədliyyə Nazirliyində idarə rəisi olub. Azərbaycan Hüquqşünaslar Assosiasiyasının qurucusu, hüquq müdafiəçisi, ictimai xadimdir.