Çevriliş nöqtəsində

Çevriliş nöqtəsində

08-09-2021 12:15 / Bu xəbər 1958 dəfə oxundu

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Sentyabrın 5-i Afrika ölkəsi Qvineyada hərbi çevriliş olub, prezident həbs edilib, parlament və hökumət buraxılıb. 

Çevrilişin 1980-ci il doğumlu rəhbəri Mamadi Dumbuya Qvineya xüsusi təyinatlarının komandiridir, təhsilini Fransada alıb, hərbi karyerasını Fransa legionunda qurub.

Devrilmiş prezident Alfa Kondenin 83 yaşı var, o da Fransada oxuyub. 21 dekabr 2010-cu ildə prezident seçilib. Konstitusiyaya görə, Qvineyada prezident iki dəfədən çox seçilə bilməz, 2020-ci ildə Konde getməli idi, amma getmədi, referendum keçirib prezidentin iki dəfədən çox seçilmə məhdudiyyətini aradan götürmək istədi.

Fransanın keçmiş müstəmləkəsi Qvineya daim Parisin orbitində olub, ölkədə rəsmi dövlət dili də fransız dilidir. 2019-cu ildə Fransa Kondeyə "referenduma getmə, yerinə adamımız var, sən dincəl” demişdi, amma hakimiyyət hərisliyi o qədər güclü oldu ki, Konde bu mesajı qulaqardına vurub Rusiya və Çinlə daha sıx əlaqələr qurmağa başladı.

Alüminium boksitinin (metal almaq üçün xammal) 20 faizi Qvineyadadır – "yaşıl iqtisadiyyata”, bərpa olunun enerjiyə keçid alüminiuma tələbatı kəskin artırıb. Qvineyada boksit istehsalı dövlət təsis etdiyi şirkətin inhisarındadır. Həmin şirkətdə ən böyük pay sahibi Çin şirkətlərinin birindədir. Ölkənin istehsal etdiyi alüminium boksitinin 55 faizini Çin alır.

Qvineyada daha bir böyük boksit istehsalçısı var – Rusiya prezidenti Vladimir Putinin yaxın dostu Oleq Deribaskanın şirkəti.

Ölkənin ən böyük qızıl yatağı isə Vladimir Putinin yaxını Aleksey Mordaşovun şirkətinə məxsusdur.

Uzun sözün qısası, Çin və Rusiya dünyada öz maraqlarını daha aqressiv yaymağa başlayıb. Dünyada əlvan metallar, yarımkeçiricilərin xammalı uğrunda kəskin mübarizə qızışıb (Əfqanıstan da bu mücadilənin tərkib hissəsidir). Qvineya prezidenti taxt-tacını Çinlə, Rusiya ilə yaxınlaşaraq qorumağa çalışdı, çevrilişlə üzləşdi.

12,7 milyon nəfərlik Qvineya əhalisinin 6 milyon nəfərə yaxını yoxsulluq həddindən də kasıb yaşayır, adambaşına düşən ümumi daxil məhsul cəmi 1119 dollardır. Yəni təbii sərvətlər bol, əmək resursu bol, dövlət ənənəsi, idarəçilik sistemi yox. 

Dünyanın böyük ölkələri bu tipli ölkələri oyuncağa çevirir, itirilən insan həyatlarını heçə sayırlar. İndi Fransa guya çevrilişi tənqid edir, amma Mamadi Dumbuyanı gizlicə oynadır, Rusiya və Çinə dərs verir, nəticədə dəyişən bir şey olacaq – ölkənin resurslarını Rusiya ilə Çin yox, əvvəlki on illərdə olduğu kimi Qərb sümürməyə başlayacaq, hələ bir adını da "demokratiya qururuq” qoyacaqlar…