Çevrilmə

Çevrilmə

07-05-2024 19:29 / Bu xəbər 3314 dəfə oxundu

Kafkanın əziz xatirəsinə

Yalçın İmanov

Mən onu çoxdan tanıyıram. Tanıyıram deyəndə ki arada-bərədə kənardan müşahidə edirəm. Əgər distant müşahidəni kimisə tanımağa aid etmək mümkün olarsa, mən onu xeyli tanıyan biri hesab oluna bilərəm. 

Yeri gəlmişkən, bəzən vizual müşahidə, adama ünsiyyətli müşahidədən daha çox məlumat verir. O, ailəsi ilə 90-cı illərdən adı və fəaliyyəti bütünlüklə keçmişi - soveti andıran dövlət qurumlarından birinin böyük həyətindəki köhnə-külüş, yarıuçuq daxmada məskunlaşıb. 

Məcazi mənada daxma yox, əməlli başlı, real, əsl daxma. Daxmanın yarıuçuq, köhnə-külüş olması bir yana, tikilişi də izaholunmaz şəkildə miskindir, güman ki, bunu inşa edəndə nə vaxtsa davamlı yaşayış üçün istifadə ediləcəyi ağıla gəlməyib. 

Neçə illərdir ki, mən onun sığındığı "evinin” yanından keçib gedirəm. 

Bir vaxtlar hər axşamüstü bu daxmadan sazın adamın içini dilləndirən səsi eşdilirdi. Çöldən görünməsə də, adamın sazı sinəsinə basıb, necə ifa etdiyini təsəvvürdə canlandırmaq da olurdu. Dalğa-dalğa ahəstə ətrafa yayılan bu səs adamla dil açıb danışırdı, sözsöz-söhbətsiz dərdini-sərini izhar edir, sakral həsrət və bəşəri nisgillə dolu hekayəsini nəql edirdi sanki...

Adam istər-istəməz ayaq saxlayıb dinləyir, sonra da öz-özünə qaranlığa nəsə pıçıldayıb, yoluna davam edirdi. 

Bu, illərlə davam etdi, düz, 2020-ci ilin sentyabrın sonuna kimi. Sonra hamının içini coşdurub oynadan o günlərdə o sazın da səsi xırp kəsildi. 

Qəribə, həyacanlı, hansısa bir qeyri-müəyyənliyin gözləntisini andıran, vəd edən çoxmənalı sükut... 

Bir müddət keçdi. 

Həmin 2020-ci ildən sonra gələn növbəti ilin əvvəlləriydi, deyəsən. Bir axşam onun evinin yanından keçəndə, uzun müddət səsi gəlməyən sazın səsi yenidən qulaqlarıma dəydi. Amma bu səs əvvəlki səs deyildi, səsin xarakteri dəyişmişdi. Daha əvvəlki kimi tər-təmiz kədər duyulmurdu, müqəddəs həsrət səpələmirdi ətrafa. Sadəcə, ağrı vardı, fərdi, küt ağrı, aciz kişi harayı tökülürdü sazın pərdələrindən, daxmanın sınıq-salxaq pəncərələrindən. 

Adam ayaq saxlayıb, bu səsi heysiz və həvəssiz dinləyir, sonra başını bulayıb yoluna davam edirdi. 

Bir xeyli də keçdi. Sazın xarakterini dəyişmiş səsini yenidən, təkəmseyrək eşitmək olurdu. 

Daha bir neçə il də ötdü. 

Günlərin bir günündə onun "Qaçqınkom"un binasına girdiyini xaricdən yayılan internet kanalların birində gördüm. Ev davasına getmişdi, bir balaca da olsa insan kimi yaşamaq, özünü hiss etmək üçün, nəhayət ki, müvəqqəti bir mənzil istəyirdi. 

Etirazına mane olan, onu binadan bayıra çıxarmaq istəyən gənc polis nəfərinə əliylə müqavimət göstərə-göstərə heç bir müxalif siyasi liderin ağlına gəlməyən tərzdə və orijinallıqla kameraya deyirdi: "Prezidentimiz şəxsən məni çürüdür...”. 

Üstündən bir müddət də keçdi. 

Onu tez-tez köhnə-külüş daxmanın həyətində küçəyə açılan və rəngi solmuş, balaca taylı darvazanın qarşısında görmək olurdu. Yolun kənarında qoyduğu stulda əllərini çənəsinin altında daraqlayıb, fikirli-fikirli oturan bu adamın bütün həyati əlamətlərini itirmiş gözləri sonsuz bir boşluğa sancılırdı.

2024-cü ilin yaz günlərinin birində obaşdan onun "evinin” yanından keçəndə gözlərimə inanmadım. Oraya bir yekə maşın qum, çoxlu sayda kərpic və xeyli sement kisəsi tökmüşdü. 

Yarıuçuq tikilinin içi, çölü-başı qaynayırdı. Ötən otuz neçə ildə daxmanın abadlaşması üçün əlini ağdan-qaraya vurmayan adam birdən-birə onu təmir etmək, yaşamağa yararlı hala gətirmək niyyətinə düşmüşdü. Bir neçə nəfər daxmanın köhnə, çürümüş qapı və pəncərlərini çıxarıb, nikolaydanqalma suvağını fövqəladə işgüzarlıqla qaşıyıb yerə tökürdü...

Elə həmin vaxt fərqinə vardım ki, uzun müddətdir daha sazın da səsi-sorağı gəlmir...