Əzilən xalq deyil, cəmiyyətdir

Əzilən xalq deyil, cəmiyyətdir

16-04-2024 21:56 / Bu xəbər 1605 dəfə oxundu

Səməd Şıxı
Yazıçı, ictimai fəal 

Dünyanın harasında bir hadisə baş versə, kibrit yansa? bizim medialar quru sərhədlərin bağlı olmasının doğru qərar olduğunu demək üçün sıraya düzülür. 

Üstündən artıq illər keçib deyə xatırlamıram, amma bildiyim qədər quru sərhəddən də keçəndə insanlar əlini-qolunu sallayaraq keçmirdi. Eyni gömrük yoxlanışı, buraxılış məntəqəsi orada da olurdu. Görəsən, bu dövlət adamlarının nəzərdə tutduğu tədbir nədən ibarətdir? Terroristlər quru yollardan ölkəmizə necə daxil ola bilər? 

Suriyanın, Əfqanıstanın, İranın, Rusiyanın, elə bir sıra Avropa ölkələrinin belə bir təhlükəsi yoxdurmu ki, quru sərhəddini bağlamağı ehtiyac görmürlər? 

Dəhşətlisi bu hadisələrin baş verməsi deyil. Xalqın və cəmiyyətin baş verən hadisələrə reaksiyasının olmamasıdır. Xalq sakit dayandıqca, rejim də təziqi artırır. 

Sınaqda istifadə etdikləri qurbağa kimi suyumuzun dərəcəsini az-az artıraraq bizə hiss elətdirmirlər.

 Xalq isə bu mənzərəyə əl çalmaqdan başqa heç nə etmir. Əvvəl "susmaq qızıldır” deyib, öz qorxaqlıqlarını müdriklik adlandırırdılarsa, artıq cəlladına aşiq roluna giriblər. Əvvəl utanaraq hakimiyyəti müdafiə edirdilərsə, indi səsləri başımıza düşür. "Bizdən böyüklərin bir bildiyi var”, - deyirlər. 

Bəs, həqiqətən, bir bildikləri varmı? Ya sadəcə kefləri belə istəyir deyə edirlər? 

Buna görə müxalifətdən tez-tez eşitdiyimiz "hakimiyyət xalqı əzir, onun haqlarını tapdalayır” ifadəsinə açığı qatılmıram. Nə yalan deyim əzilən xalqı görmürəm. Xalq və cəmiyyəti fərqləndirəndə isə görəcəyik ki, əslində, əzilən xalq deyil, cəmiyyətdir. Hakimiyyətin əslində xalqla bir problemi yoxdur. Buna görə biz problemlərimizə xalqı qatmamalıyıq...

Vətəndaş cəmiyyəti

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra yaranmış vətəndaş cəmiyyəti, müxtəlif dövrlərdə hakimiyyətin təziqi ilə məhv edilməyə çalışıldı. "Bu cəhdlər uğurlu oldumu?" sualı verilsə, qismən, hətta böyük mənada, bəli. 

Həbslər, fəaliyyətlərinin məhdudluğu, işgəncə və digər üsullarla "sındırılmaq”, ölkədən getmələrinə məcbur buraxılmaları onların varlığını yoxa endirdi. Bu gün gəldiyi vəziyyət isə hakimiyyətin Qərblə bazarlığı zamanı əlində saxladığı təzyiq mərkəzidir. Avropa və ya Amerika hər hansısa mövzuda Azərbaycan hakimiyyəti ilə razılaşmırsa və ya əks bir iş görürsə, bir siyasətçi, ictimai fəal, media qrumu həbslə üz-üzə qalır. 

Bu yanaşmadan baxsaq, Qərblə ticarətin vətəndaş cəmiyyətinin varlığına xeyiri var idi. Amma biz düşünməliyik, bizə varlığı məhvdə olan bir cəmiyyət lazımdır. Hansı ki yenə bir qarşıdurma və inciklikdə əzilən o olacaq, yoxsa güclü toplum? 

Seçimi üstümüzdən oyun oynayanlar deyil, biz etməliyik. 

Mirşahinin keçən dəfə Toplum TV haqqında hazırladığı reportajda əslində bunu yaxşı izah edirdi: "Toplum yox, xalq. Müstəqil vətəndaş yox, müstəqil dövlət”

Hə, indi burada düşünməliyik, bu dövlət vətəndaşındırmı? 

Vətəndaşındırsa, deməli, elə "müstəqil vətəndaş” deməli deyildi? Bu vətəndaş kimdir? Ən azından dövlət vətəndaşın deyil, onu izah edirlər. Bəs biz bunu niyə görmürük?

Özümüzü niyə aldadırıq ki, yenidən Qərblə əvvəlki əlaqələr bərpa olacaq və Əliyev yumşalacaq, qismən demokratik mühitə icazə verəcək və s.

Heç bir diktator yaratdığı sərt rejimdən sonra yumşalmaya getməz. Gedərsə, bu onun üçün fəlakətin başlanğıcı olar. Təziqlərin maksimumunu görən, işgəncəyə, həbsə adi yanaşan toplum üçün bir az da olsa, güc toplaması nemətdir ki, bundan da istifadə edəcək və "yatmış şiri" oyatmağa çalışacaq. 

Ağlı başında olan diktator isə heç zaman icazə verməz ki, bu baş versin. Buna görə boş yerə ümidlənməyin ki, əvvəlki həyatımız geri dönəcək. Ən yaxşı halda bugünkü şəraiti qoruya bilərik. Bu günümüz isə, məncə, qorunası bir halda deyil...

Beynəlxalq münasibətlər dəyişsə də, balans siyasəti bitsə də, bu, regional və ya xarici siyasətə təsir etmir, ona görə də daxildə heç vaxt "yaxşı bir şey” olmayacaq.

"Müstəqil Toplum” tələbi formalaşana qədər də bu vəziyyət davam edəcək. 

Gələcək daha qorxuludur...

Fəlakət isə bununla bitmir. Hakimiyyət ağzına "demokratiya” alıb, onun bir hərfinə əməl etməsə də, öz doğrularını buna uyğunlaşdırır deyə gənclərin bir çoxu buna inanıb, düzgün hesab edir. Ömründə bir dəfə seçki görməyən gəncdə seçki mədəniyyəti formalaşmır. Hüquqlarına "tanış kimsə olsaydı, həll edərdim” düşüncəsilə yanaşır. 

İndi diplomu təhsil üçün deyil, hansısa bir işə düzəlmək üçün alırlar. Yaltaqlığa: "Etməsəm, ac qalaram", - deyə yanaşır. Kimsə haqqı üçün mübarizə aparsa, onu axmaq sayır. Təbii ki, hamısını nəzərdə tutmuram və istisnalar həmişə var...

Yəni ölkədə gəncliyi öz istədikləri kimi məhv edib, öz sistemlərinə uyğunlaşdırıblar. Mübariz gənclik gedib, onun yerinə saxta hakimiyyəti doğru bilən, ona dəstək olan bir nəsil yetişdirilib. Ən pisi isə bu da onlara yenə kifayət etmir...

Yeni tədris proqramları bundan daha betər bir nəslin yetişdirilməsinə yönəldilib. "Mütləq sədaqət” öyrədilir. Təsadüf deyil, deputatlardan biri deyir ki, gənclərin istedadlı, savadlı və bacarıqlı olması o qədər də önəmli deyil, əsas odur ki, "Heydər Əliyev ideologiyası”na sadiq olsunlar...

Bu yanaşmaya görə, istər təhsil alan, istərsə də təhsilsiz gənclər mütləq dövlətə tabe olmalı, onu sorğu-sualsız qəbul etməlidir ki, hakimiyyət onların üzərində mütləq gücə sahib olsun. 

Boş yerə Qərb dəyərləri pislənilmir, onları əxlaqsızlıq kimi təqdim etmirlər, çünki sosial medianın və insanların səyahət etmək, xaricdə təhsil almaq imkanları olduğunu dərk edib, buna uyğun tədbir görürlər. 

İstəyirlər ki, Amerikada yaşasa da, Niderlandda oxusa, sosial media istifadə etsə də, dövlətin təqdim etdiyi "milli maraq”lara sadiq olsunlar. Bu, özünəxas bir din modeli yaratmaq cəhdidir. Tənqidi düşüncəyə yer olmayan "mütləq sədaqət"ə bağlılıq...

Bəs müstəqil toplum necə yaranacaq?

Açığı, bu suala cavab tapa bilmirəm, məncə, indiki şərtlər altında heç bir cavabı da yoxdur. Zaman və proses bu suala özü cavab tapmalıdır. İndiki halda tək edilməli şey, mövcud gücün qorunub saxlanması, təhlükəyə atılmamasıdır. 

Cəmiyyətdə ideoloji təbliğat aparılmalıdır. Cəmiyyətin əhatəsi yenidən genişlənməlidir. Bu gün həbslərin belə rahat olmasının səbəbi say və gücdür, çünki qandalların sayı həbs edilənlərdən çoxdur. Hər kəsə çatır. Qandallardan çox ola bildiyimiz zaman nəyisə etmək ixtiyarında olacağıq... 

Redaksiyadan: Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. "Arqument.az"ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.